Hüseyn Cavid bizim üçün kimdir?
14:22 – 25 Oktyabr, 2017

Oktyabr ayı cavidsevərlər arasında Cavidlər ayı kimi tanınır. Həm böyük Hüseyn Cavid, həm oğlu Ərtoğrul, həm də qızı Turan məhz oktyabr ayında dünyaya göz açıblar. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Cavidlər yada salınıb. 

 

Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin sözlərinə görə Hüseyn Cavid Azərbaycan ədəbiyyat tarixində elə şəxsiyyətlərdəndir ki, yaşam tərzi ilə yaradıcılığı üst-üstə düşür. Cavid ailəsini mükəmməl türk ailəsi kimi dəyərləndirən tədqiqatçı, həyat yoldaşı Müşkinaz xanımın ona böyük dəstə olduğunu deyib.

 

"Cavid ömrü" bədii filmində Hüseyn Cavidin həyat yoldaşı Müşkinaz xanımı canlandıran əməkdar artist Dilarə Əliyeva deyib ki, bu son dərəcə şərəfli və məsuliyyətli bir iş idi: "Müşkinaz xanımın xatirələrini oxuyanda gördüm ki, heç demə həyatda da dünyaya meydan oxuyacaq bu cür ideal ailə mövcud imiş".  Dilarə Əliyeva maraqlı bir məlumatı da bölüşüb: "Mən təzə-təzə "Pıçhapıç" verilişini aparanda, Turan xanım demişdi ki, bir aparıcı qız var, onun danışığını eşidəndə, elə bil anam danışır".

 

Hüseyn Cavid ev muzeyinin şöbə müdiri Lalə Əliyeva ev muzeyində saxlanılan eksponatlardan danışıb: "Cib saatı, eynəyi, yazı masası, əl əsası, əlyazmaları və istifadə etdiyi digər əşyalar bizdə nümayiş olunur. Hüseyn Cavidin evində axtarış aparılanda, yazılar tapılmamışdı, çünki masasının altındakı çəkməcələrdə idi. "Azər" poeması bizə elə gəlib çatıb". 

 

"İlma Tumasla 40 dəqiqə" proqramına tam şəkildə www.apa.tv saytında baxa bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT