"Uşaq doğulan kimi ərim onu satdı" – HƏYAT DRAMI
17:08 – 30 Oktyabr, 2017

Elnaz Cavadzadə: “Dostunun yoldaşı ilə yaşayır, iki oğlum o qadına ana deyir”

 

“1987-ci ildə, mayın 5-də Bərdə rayonunun Böyük Göyüşlü kəndində anadan olmuşam. Özümüz ailədə 6 uşaq olmuşuq. Dörd bacı, iki qardaşıq. Orta təhsilliyəm. 2007-ci ildən bu yana - 11 ildir ailəliyəm, bu illər ərzində 6 uşağım dünyaya gəlib. 4 qızım, 2 oğlum var”. APA.TV-nin “Həyat dramı” verilişinin bu dəfəki qəhrəmanı 30 yaşlı Elnazdır. O, sevdiyi həmyerlisi, 1985-ci il təvəllüdlü Pərviz Cavadzadə ilə ailə qurub. Qadınının sözlərinə görə, atası onu Pərvizə ərə vermək istəmirmiş. Çünki Pərvizin anası Lilpar Əbilova bu izdivaca razı deyilmiş. Elnaz və Pərviz doqquz ay nişanlı qalıblar. Pərviz ailənin yeganə övladıdır. O, körpəykən atası ailəni qoyub gedib, deyir Elnaz. Pərvizlə Elnaz çətinliklə də olsa ailə qurmağa müvəffəq olublar. Ailənin ilk övladı 2008-ci ildə doğulub, uşağın adı Rəvandır. 2010-cu ildə Aydan, 2011-ci ildə Bayram, 2013-cü ildə Çiçəkxanım dünyaya gəlib. Hazırda bu ailənin 6 övladı var.

 

Elnazın bu gün vəziyyəti çox çətindir. Onu tək ailə həyatının alınmaması yox, həyat həmdəmini düzgün seçməməyi incidir. Qadın deyir ki, ona ən böyük zərbəni ailə qurduğu Pərviz vurub. O, doğma balasını başqa ailəyə iznsiz satıb. Elnaz deyir ki, 2013-cü ildə dördüncü uşaq dünyaya gəldi: “Uşaq dörd aylıq idi artıq. Sənədləri məndədir. Qayınanamla ərim öz aralarında razılaşırlar ki, bu uşağı 17 ildir övladı olmayan həmin ailəyə versinlər. Gedib onlarla söhbət edib, razılaşırlar. Qayınanam da, ərim də mənim xəbərim olmadan övladımı həmin ailəyə verəcəklərinə söz veriblər. Deyiblər ki, biz necə desək elə də olacaq, gəlin də bizimlə razılaşacaq. Mən də qaynananımın qısqanclığından zülm çəkirdim, dustaq vəziyyətində idim. O zülmləri çəkməyimə baxmayaraq, uşaqlarımın xətrinə otururdum o evdə. Hər şeyə rəğmən bütün ailəmi verdim onların ayağına. Dedilər ki, uşaqları verməlisən bizə.  Yoldaşım bir tərəfdən, qaynanam başqa tərəfdən, yaxşı baxacaqlar narahat olma, onsuz da sənindi-dedilər. Yekələndə uşaq sənə qayıdacaq. Mən də and-aman elədim ki, yox olmaz, uşaq özümündü. Axı necə verə bilərəm, uşaq sənədlə də mənim əlimdədir. Onlardan bir qohum gəlmişdi, onun da üç qızı var, dedim, götür qızının birini ver saxlasınlar, əgər elə canınız yanırsa. Mübahisə oldu, uşağı vermədim, çıxıb getdilər”.

 

Bu hadisədən sonra evdə həm qayınanası, həm də əri hər gün onu  incidiblər, deyir Elnaz: “Bir sutka müddətində otağın ağzını bağladılar, döydülər, təzədən bağladılar ki, guya məni cəzalandırırlar”. Hər gün təhqir, söyüşlə, şiddətlə üzləşən qadın, uşaqlarının da onunla birgə incidildiyini bildirir. Həmin müddətdə ailənin işi məhkəməyə də düşüb. Elnaz boşanmaq istəyirmiş. Deyir, əri bu addımdan sonra onun yanına gəlib və tövbə edib ki, bir də belə hərəkətlər olmayacaq. Dörd uşağı ilə kasıb ana və atasına sığınan Elnaz, ərinə yenidən şans verməyi qərarlaşdırıb: “Beşinci uşağım doğuldu. Qızlarda da mən hamiləliyi gizlin keçirirəm, beş ayına qədər heç nə bilinmir. Beş aylıq olanda aparata düşürəm, görünür ki, qızdı. Bu da hər dəfə deyir ki, mən qız istəmirəm, oğlan istəyirəm. Qız olduğunu biləndən sonra oğlu anası ilə belə məsləhətləşiblər ki, o ailəni tapsınlar, əgər razılaşsalar bu uşaq doğulanda o ailəyə verilsin. Yenidən ailəni tapıblar və məlum olub ki, hələ də uşaq götürməyiblər. Gedib danışılar ki, bu uşağı sizə verəcəyik. Onlar soruşublar ki, problem yaranmayacaq? Deyiblər yox, qəti problem olmayacaq. Həmin ailənin qadını mən beş aylıq hamilə olandan gedib qalıb qayınatası gildə. Gəlinin anası gil tərəf də elə bilir ki, uşağı bu dünyaya gətirəcək, guya hamilədir və müalicədədir”.

 

 

 

“Xəbərsiz apardı məni həmin evə, uşaq orda doğuldu və...”

 

“9 ayında sancım tutdu, mən uşaqlarımın hamısını ev şəraitində dünyaya gətirmişəm.  Sancım tutanda yoldaşım dedi ki, səni aparıram həkimə. Dedi, kəndin özünün həkimləri yoxdur, aparacağam səni rayon xəstəxanasına. Başqa yola dönəndə dedim məni hara aparırsan, dedi gedəndə görəcəksən. Mən də o vəziyyətdəyəm ki, deyirəm, qadan alım, başına dönüm məni çatdır. Darvazanı açdılar, maşın girdi içəri, adamları görəndə başa düşdüm ki, vəziyyət nə yerdədir. Yoldaşım tutdu qolumdan, dedi uşaq doğulandan sonra bunlara veriləcək. Heç kim də bilməyəcək ki, uşaq bunlara verilib. Dedi, kim soruşsa deyərsən Mingəçevirdə süni doğuş olub, uşaq ölü doğulub. Özü də Mingəçevirdə... Bətnimdə ölüb guya. Yoldaşım hətta bıçağı böyrümə dirəyib, mənə hədə-qorxu gəldi. Ailə dedi ki, əgər qadın razı deyilsə, uşağı verməyin. Yoldaşım dedi ki, verəcək, buna məcburdur”.

 

Elnaz iddia edir ki, əri uzun illər dostluq etdiyi bir nəfərin arvadı ilə xeyli vaxtdır görüşür. Həmin qadının əri və qaynanası bundan xəbər tutub onu evdən qovublar. Bundan sonra Elnazın əri dostunun arvadını öz evinə gətirib. Elnaz deyir ki, Minə adlı həmin xanımla "bacı" deyirlərmiş bir-birinə, sirlərini bölürlərmiş. Ailəvi gediş-gəlişləri olub. Bir süfrə arxasında illərlə çörək kəsiblər. İndi həmin qadın qadın özünün iki balasını atıb, Elnazın əri, oğulları ilə birgə yaşayır. Həmin qadının iki qızı var deyir Elnaz. Amma uşaqları əlindən alıblar və uşaqlar qaynana ilə ərindədir. Elnazın sözlərinə görə, 2015-ci ilin, iyunun 14-də doğulan və zorla əlindən alınıb özgəsinə verilən uşağını düşünməklə keçirir həyatı. Çarəsiz qadın o övladının adını belə bilmir. Deyir, bətnində olarkən onun adını Məryəm qoyub: “Uşağın ad günündə oturdum dayanmadan ağladım, bir dənə onu beynimə həkk elədim ki, uşağı onlardan almaq vaxtıdır, ala bilərəm. Anam gil də o uşağın öldüyünə inanmırdılar, deyirdilər o uşaq ölməyib. Elə bil hiss eləmişdilər. Anam bu ərəfədə bizə gəldi, dedi sən yalan deyirsən, o uşaq ölməyib. Ölümümə bir gün qalmış da olsa, o uşağı tapacağam və bilirəm səni neyləyəcəm. Bütün rayonda da danışılırdı ki, uşaq pula satılıb. Dedilər, filan qədər pula satılıb. Axırda məcbur oldum düzünü dedim anam gilə. Dedim filan yerdə doğmuşam, filan ailəyə vermişəm. Hamı qalxdı ayağa, verdik polisə. Elə oldu ki, orda da məni aldatdılar. Uşaq sənindi, amma sənədləşmə bunların adındadır, dedilər. Yalvardılar ki, qoy bizim də çırağımız yansın, uşağı alma. Uşaq onsuz da sənindir, bu hadisədən sonra da uşağı 10 gün yanımda saxladım, vermədim. Dedilər ünvanı da verəcəyik, nömrə də olacaq, istədiyin vaxt maraqlana bilərsən. Bakıda yaşayırlar”.

 

“Balalarımı istəyirəm”

 

 

And-aman, yalvar-yaxardan sonra uşağı həmin ailəyə geri qaytardığını deyir Elnaz. Amma, verilən sözlərin heç birinə əməl olunmayıb, deyir. Onu aldadıblar. Elnaza verilən ünvan da dəqiq olmayıb. Ana bir şeydən əmindir ki, ailə Bakıda yaşayır və övladı da bu şəhərdədir: “Polislər dedi ki, sən onsuz da cinayət eləmisən, çünki bu uşağı özün vermisən. Bu uşağı onlardan alsan, tutub səni basacaqlar içəri, bu da ömürlük sənə həbsdir. Uşağı o ailədən almaqla ona zərər vuracaqsan, bu cinayətdir. Belə eləsən, səninlə birgə kəndin həkimləri də məsuliyyətə cəlb olunacaqlar. Onlar uşağı yenidən aparandan sonra, bir ay müddətində həftədə bir dəfə zəng elədim, soruşdum, ayın axırında qadın mənə dedi ki, ay qız, bu nömrəyə bir də zəng eləmə. Məni bezdirmisən daha, uşaq onsuz da sənədlə də mənimdi. Sənin o uşağı soruşmağa hüququn yoxdur. Sonra da telefonu bağladı, o bağlanan, bu bağlanan, nömrəni də dəyişdi”. Elnaz, yenə də əl çəkməyib, övladını qaytarmaq uğrunda mübarizəni davam etdirib. Amma onun bütün cəhdləri hələ ki nəticəsizdir. Balasının üzünə, səsinə, nəfəsinə həsrət qalan qadın deyir ki, körpəni necə gizlədiblərsə, nə qədər axtar, tapa bilmir. Övladının satıldığı ailədəki qadının adı Aygün, onun əri isə Namiqdir, deyir Elnaz. Bildiyi də yalnız budur. Nə soyadlarını bilir, nə də hansı ünvanda yaşadıqlarını: “Bilirəm ki, ən azı 10 minə satıb uşağımı. Yenidən bir araya gəlməyimizə də, mənim inad etməyim oldu. Dedim nə olur-olsun, o qadını onun həyatından çıxaracağam. Mübarizə apardım, hətta ona görə, döyüldüm, söyüldüm də. Yoldaşım da, qaynanam da məni bezdirirdilər ki, başımı götürüm evdən çıxım. Düşünürdüm, uşaqları aparıb harda saxlayacağam. Mən o ailəyə verilən uşağımla bağlı ərimdən xəbərsiz məhkəməyə şikayət etmişdim. Oturmuşduq masa arxasında, uşaqlarla birgə yemək yeyəndə məhkəmədən kağız gəldi və bu bildi. Tutdu qolumdan, atdı məni darvazadan çölə, dedi get hara gedirsən. O uşaq, o da sən, neynirsən elə. Mən də onda hamilə idim yenə. Qızları mənimlə birgə atdı çölə, oğlanları vermədi, saxladı. Elə oldu polisə getdim uşaqlarım üçün vermədilər, sonra kənd sovetinə dedim, o da alıb vermədi. Pusquda durdum və birini məktəbdən, birini də bağçadan götürdüm. May ayına qədər maraqlanmadı uşaqlarla. Mayda aliment qərarı çıxdı. Anası ilə gəlib uşaqların başını oyuncaq, top, velosipedlə aldadıb apardılar. Polislər mənsiz getdilər ora, uşaqları 2 saat müddətində elə öyrədiblər ki, onu alacağıq, bunu edəcəyik, uşaqlar deyib anamızı istəmirik, atamızla qalırıq. Mənsiz getmişdilər, mən də əsəbiləşdim, getdim rəisin üstünə, beynim çönmüşdü. Rəis də dedi, uşaqlar başqa adam deyil ki, ataları saxlayır, bu onun haqqıdır, uşaqlar da onu istəyir. Dedilər ki, sən uşaqları ondan ala bilməzsən, yalnız görə bilərsən”.

 

Bərdə rayon Məhkəməsinin qərarı ilə hər uşağa 100 manat aliment kəsilib. Uşaqları saxlamağa imkanı çatmadığı üçün boşanma olmadan aliment davası açıb Elnaz. Pərviz isə çıxarılan bu qərardan apelyasiya şikayəti verib və aliment 70 manata endirilib. Elnazın sevib-seçdiyi, inandığı Pərviz əvvəllər makler işləyirmiş, hazırda isə sürücülüklə məşğuldur. Elnaz deyir, artıq aylardı aliment qərarı çıxıb, amma bir qəpik də ödəməyib: “Sonradan özü şikayət edib, guya məndəki üç qızımdan biri də ondadır və mənimlə olan uşaqlardan birinə də o baxır. Yəni onda üç uşaqdır, mən də iki uşaq və mən ona aliment ödəməliyəm”. Kimin haqlı olduğunu özümüz müəyyən etmək üçün haqqında danışılan 3-cü uşağın oxuduğu məktəbə getdik. Elnaz qızını məktəbdən götürdü və onlar sığınacağa qayıtdılar. Beləliklə 3 uşağın məhz ananın yanında olduğu təsdiqləndi.  

 

 

Elnaz: “Ərim məhkəmə dedi ki, “qızlar məndən deyil”

 

Elnaz göz yaşları içində onu da dedi ki, o ailəyə verilən uşaqla ərinin  əlaqəsi var. Uşaq hətta atasına isinişib də. Bu müddət ərzində Elnaz uşağını cəmi bir dəfə görüb. Ancaq uşaq onun qucağında dayanmayıb. Bu hadisə Elnazı çox incidir. Qadın o ümidlə Bakıya gəlib ki, övladını tapacaq və onu heç zaman özündən kənara buraxmayacaq. Ailənin 6-cı uşağı da Bakıda, sığınacaqda dünyaya gəlib. Adını Leyla qoyub Elnaz bu balanın. Hələ doğma atası bu uşağı görməyib. Buna heç cəhd də göstərməyib, deyir Elnaz. Uşağı atasının adına yazdırıb. Elnaz istəyir ki, altı balasının hamısı yanında olsun. Deyir, bir neçə ay bundan əvvəl əri ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Həmin vaxt Elnaz hamilə imiş. Qanunvericiliyə əsasən hamilə qadın uşağın bir yaşına qədər boşanmaya bilər, bu qadının özünün qərarından asılıdır. Elnaz da boşanmaqdan imtina edib. Qadının sözlərinə görə, əri ondan boşanıb dostunun keçmiş arvadı ilə ailə quracağını, özünə toy edib vağzal çaldıracağını deyib: “Ondan heç nə gözləmirəm. Çünki o insan mənim həyatımı məhv elədi, olan-qalanımı əlimdən alıb. Altı uşağım pərən-pərən düşüb, ailəm üç yerə bölünüb. Prinsip yeridirəm, mən onu rahat buraxmayacağam. O ki, mənə sərbəst həyat vermədi, məni bədbəxt elədi, balalarımı məndən ayırdı, özü sərbəstlik görməyəcək. Mübarizəm uşaqlarıma görədir. Uşaqlarımı mənə qaytarsın...”

 

Elnaz deyir ki, 6 uşaq – 4 qız və 2 oğul balasının hamısının atası Pərvizdir. Amma indi əri məsələnin məhkəməyə gedib çıxdığını görüb, uşaqlarının bir neçəsinin ondan olmadığını deyir. Pərvizin bu çıxışından sonra məhkəmə ona DNT analizi verməyi təklif edib. O razılaşmayıb və buna pulunun olmadığını deyib. Elnaz isə hakimə uşaqların hamısının atasının Pərviz olduğunu bildirib və istənilən analizə razı olduğunu deyib: “Küçələrdə qaldım, mənə acıq getsin deyə o qadını gətirdi saldı evə. Uşaqlarımı o qadına ana dedirtdi. Mən o evdən heç nə götürmədən çıxmışam, bircə əynimdəki paltarla”.

 

Bu gün Elnazın övladları ilə birgə getməyə yeri yoxdur. Vaxtı ilə sevib-seçdiyi adam onu çıxılmaz vəziyyətə salıb: “Yatıb yuxuma da girməzdi ki, o, öz uşağını satar. Hər şey onun anasının əli ilə oldu. Bütün planı o cızdı”.

 

 

Vəkil: “Bu bir cinayətdir...”

 

Altı uşaq anası olan, iki uşağı əri tərəfindən alınan, bir övladı isə razılığı olmadan başqa ailəyə övladlığa verilən Elnaz Cavadzadənin bundan sonrakı həyatının necə olacağı, eyni zamanda bu kimi qadınlar üçün Azərbaycan qanunvericiliyində hansı imtiyazların olduğu da maraqlı tərəfdir. Mövzuyla əlaqədar sualları cavablandıran “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin vəkili Ağamirzə Bağırov,  övladlığa verilmə prosesinin istənilən halda məhkəmə yolu ilə həll olunduğunu bildirir: “Elnaz xanımın həyatı həqiqətən də faciəli bir həyatdır. Altı uşaq anasıdır, övladının birini özünün xəbəri olmadan, əri tərəfindən qeyri-qanuni olaraq sövdələşmə ilə başqa bir ailəyə verilməsi demək olar ki cinayətdir. İlk əvvəl burda tamah məqsədi olub, Cinayət Məcəlləsində bu hal ağır cinayət kateqoriyasına daxil deyil, 174-cü maddənin tələbləri var, burda sanksiya həddi çox böyük deyil, 6 aya qədər azadlıqdan məhrumetmə var. Elnazın ərinin 9 aylıq hamilə olan arvadını başqa bir ailəyə aparıb, o ailədə doğması, həmin uşağın dünyaya gələrək, 17 il övladı olmayan ananın guya ki doğmuş kimi ortaya qoyulması və nəticədə özünə övladı öldü deyərək ona elan etməsi, bəli bu cinayətdir. Bununla bağlı Elnaz xanım özü hüquq-mühafizə orqanlarına müraciət etmiş, Bərdə rayon Prokurorluğu, Bərdə rayon polis idarəsi bununla bağlı müvafiq araşdırma etmiş, övladlığa götürən tərəf və əri dindirilmiş, müvafiq olaraq qərar qəbul edilmiş hesab etmək olar ki, Elnaz xanımın pozulmuş hüququ bərpa olunmayıb. Bununla bağlı müvafiq orqanlara ərizələr ünvanlamışıq”.

 

Ağamirzə Bağırov deyir ki, yaşanılan bu hadisələrdə həqiqətən də Elnaz Cavadzadənin hüquqları pozulub və bu durum ona çox ciddi psixoloji təsir edir. Vəkil, bu məsələdə haqq-ədalətin öz yerini tapacağına inanır. Vəkil qeyd edir ki, Elnaz kimizəif, gücsüz, işsiz və evsiz, çarəsiz vəziyyətdə olan qadınların hazırda çoxluq təşkil edir: “Biz də çoxuşaqlı ailələrə müavinətlərin verilməsi məsələsi var. Amma digər imtiyazlar nəzərdə tutmur. Verilən müavinətlərdə indiki sürətli iqtisadi çətinlik dönəmində bu çox da böyük pul deyil, bununla ev almaq olmaz, şəraiti qurmaq olmaz. Bu cür məsələlər müzakirə olunmalı olan məsələlərdi, daha böyük məclislərdə, dəyirmi masalarda. Çox gözəl təklifdir, tək Elnazın simasında deyil, onlarla belə insanlar var, vaxt çatıb və bununla bağlı hansısa müvafiq bir qərarın və yaxud fərmanın qəbul edilməsi, ən azından sənədinin hazırlanması prosesi olmalıdır artıq. Bununla bağlı, istər Milli Məclisdə fəal deputatlardan, qadın deputatlardan bu məsələni ortaya qoymalıdır. İnanın bu gün nə qədər qadın aliment almalıdırsa sənədlə, aliment belə verilmir”.

 

Vəkil onu da bildirdi ki, hazırda Elnazın əri Pərvizin dostunun keçmiş yoldaşıyla bir evdə yaşaması və iki oğul balasının o qadına ana deməsi bir ana üçün faciəli durumdur. Ağamirzə Bağırov bildirir ki, bu halı yaşayan Elnaz xanım ona  mənəvi işgəncəni yaşadan ərini məhkəməyə vermək hüququna sahibdir. Vəkil Bağırov əlavə edib ki, Elnaz Cavadzadənin hüquqlarının müdafiəsi üçün müəyyən işlər görülür: “Məqsədimiz Elnazı illərlə əziyyət çəkdiyi, tikdirdikləri, cehiz əşyalarının hamısının olduğu öz evinə qaytarmaqdı. Orda digər bir qadının yaşaması və sahib çıxması mümkün deyil. Lakin burda Elnazın öz razılığı olmalıdır, o da deyir bir az gözləyin, toparlanım sonra. Bu da onun haqqıdır əlbəttə. Əgər uşağı ilə bağlı müvafiq sənədləri təqdim etsə, onu da gündəmə gətirəcəyik və kömək etməyə çalışacağıq”.

 

Elnazın bu işdən geri çəkilmək fikri yoxdur. Deyir toparlanıb məndən asılı olanları edəcəm. Qadın inanır ki, haqq-ədalət onun tərəfindədir. O ümid edir ki, Azərbaycan dövləti və qanunlar onu bu yolda arxasız-köməksiz buraxmayacaq.     

 

X

XƏBƏRLƏR
BÖYÜT