Arının baldan güclü məhsulları: çiçək tozu, güləm - KOSMONAVT QİDASI
12:25 – 01 Noyabr, 2017

Arıçılıq deyəndə ağıla ilk olaraq ləzzəti ilə çoxlarının sevimli qidasına çevrilən bal gəlir. Həm ləzzətli, həm xeyirli. Arıçılar isə balı arının ən zəif məhsulu sayır. Baldan olduqca xeyirli arı məhsullarından biri çiçək tozudur.

 

Biləsuvarlı arıçı, apiterapiya mütəxəssisi Hikmət Əliyev APA TV-yə müsahibəsində çiçək tozunun çox zəngin olduğunu bildirib: "Çiçək tozunun tərkibində bütün vitamin qrupları, makro, mikro elementlər, amin turşuları var. Amin turşularının bir hissəsi isə əvəzolunmaz amin turşularıdır".

 

Azərbaycan Arıçılıq Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətov çiçək tozunun insan orqanizmi üçün uyğunluğundan danışıb: "Çiçək tozunda olan zülallar orqanizmə doğma zülallardır. Orqanizm onları həzm edəndə heç bir əziyyət çəkmir. Çiçək tozu insana çox lazımdır. Qida kompleksini, qida balansını saxlamaq üçün olduqca vacibdir".

 

Arılar çiçək toxunu çiçəklərin erkəkciyindən toplayırlar. Dördgünlük süfrə bal və çiçək tozunun qarışığı ilə qidalandırılır: "Çiçək tozu olmasa arılar süfrə yetişdirə bilməz".

 

Arılar üçün bu qədər vacib bir qida yaz aylarında xüsusi qurğu ilə toplanır. Qurudulduqdan sonra qaranlıq və sərin yerdə saxlanılır ki, insanlar da çiçək tozundan istifadə edə bilsin.

 

Çiçək tozunun tərkibində:

 

– proteinlər(zülallar) – 11-35%

– karbohidratlar (qlükoza, fruktoza, saxaroza) – 20-39%

– lipidlər (yağlar və yağabənzər maddələr) – 1-20%

– makroelementlər (K, Ca, P, Fe, Mg)

– mikroelementlər (Mn, Cr, Zn, I və sair).

– vitaminlər (provitamin A), S, D, E, V qrupu, R, RR, H, K)

– bütün əvəzedilməz amin turşuları

– fitoharmonlar, flavonoidlər var

 

Mədəsində turşuluğu olan adamlar yeməkdən saat yarım, iki saat qabaq suya qarışdırıb içməlidir. Çiçək tozunun bu yolla istifadəsi mədədə turşuluğu, qıcqırmanı aradan qaldırır. Bir də çay qaşığı ilə ağız boşluğuna qoyub sovurmaq olar. Təzyiqi çox aşağı olan adamlarda yeməkdən sonra qəbul məsləhətdir. Təzyiq normal, yaxud yuxarıdırsa, yeməkdən yarım saat əvvəl qəbul olunmalıdır.

 

Çiçək tozundan daha çox kosmonavtlar istifadə edir. Kosmonavt qidası adlanan bu qarışıq dünyanın ən məşhur reseptlərdən sayılır: "Təmiz bal, çiçək tozu və arı südü qarışığı. Bir çay qaşığı bir yeməyə bəs edir. Bal, çiçək tozu, arı südü son dərəcə xeyirli qidalardır".

 

Çiçək tozu onlarla xəstəliyə qarşı təsirə malikdir. Stressi azaldır, immun sistemini möhkəmlədir, qaraciyər toxumasını bərpa edir, qan-damar sisteminin işini yaxşılaşdırır, xolesterini azaldır, həzmi normallaşdırır, orqanizmin müqavimətini, fiziki və əqli iş qabiliyyətini artırır, dərini cavanlaşdırır, kişi cinsi aktivliyinə yaxşı təsir edir. Saydıqlarımız çiçək tozunun xeyirlərinin yalnız bir qismidir.

 

Bununla belə çiçək tozu dərman yox, bioaktiv əlavədir. O sağaldıcı vasitədən çox, profilaktik vasitə kimi məşhurdur: "Bioloji aktiv əlavə kimi çiçək tozu qəbul etməklə qida ehtiyacımızı ödəmiş oluruq. Gündəlik qidalarda lazım olan inqridientlərin hamısı olmur. Arı məhsulları qəbul etməklə bizə lazım olanları təmin etmiş oluruq".

 

Çiçək tozundan daha güclü bir arı məhsulu da var. O güləm adlanır: "Güləm çiçək tozunun yetişmiş formasıdır. Arılar çiçək tozunu gətirib yığır şan qovuqcuqlarına. Başı ilə döyərək bərkidir. Turşular, fermentlər qatıb, üzərinə bal çəkir. Burada yetişir. Çiçək tozunu bala qatmaq daha yaxşıdır ki, fermentləşmə getsin. Güləm isə tam hazır məhsuldur. Fermentləşməyə ehtiyac yoxdur. "Nəticə əldə etmək üçün çiçək tozu daha çox qəbul olunmalıdır, güləm daha az. Professor Kaşkovski deyir ki, güləm çiçək tozundan 140-160 dəfə daha güclüdür".

 

Güləmi otaq temperaturunda uzun müddət saxladıqda keyfiyyətini itirir. Bu qida soyuducunun buzluğunda saxlanılmalıdır. Çiçək tozu isə günəş işığından uzaq, sərin yerdə bir il tərkibi dəyişmədən qalır.

 

Sağlam və uzun ömür yaşamaq, xəstəliklərdən uzaq olmaq üçün arı məhsulları bir nömrəli köməkçiniz ola bilər. Sağlam olun!

X

XƏBƏRLƏR
BÖYÜT