Tarixə qovuşmaqda olan fotostudiyalar - REPORTAJ
13:29 – 02 Noyabr, 2017

Bir anda keçmişə qayıdırsan, bütün yaşantıların fotolarla gözünün önündə canlanır. Xatirələrlə dolu olan fotoalbomun hər səhifəsini vərəqlədikcə, həmin şəkillərin çəkildiyi anı yada salır, bəzən də kövrəlirsən. Amma müasir dövrdə bu xatirələrin yada salma üsulu keçmişlə ayaqlaşmır. Daha dəqiq desək, artıq xatirələr fotoalbom vərəqlərində deyil, elektron versiyalarda yaşayırlar.

 

İndi sizi keçmişə qaytaracağıq. Əgər xatırlayırsınızsa, zamanında fotostudiyalara gələrək bu fotolentdən şəkillərimizin çıxarılmasını xahiş edirdik, indi isə bu lenti smartfonlar əvəz edir.  

 

İstədik, zamanında tez-tez baş çəkdiyimiz həmin fotostudiyalara yenidən qayıdaq. Maraqlanaq görək, hazırda tələbat hansı səviyyədədir?

 

Fotooperator Gəray İsgəndərov  deyir ki, əvvəlki illərlə müqayisədə hazırda  foto çapına tələbat aşağı səviyyədədir. Bunun bir çox səbəbləri var: "Əsas səbəblərdən biri isə odur ki, telefonlar çıxandan sonra istər-istəməz telefonlarla çəkiliş aparır, belə yerlərə də tələbat azalıb. Bundan başqa, "İnstagram", "Facebook"da çəkdikləri şəkilləri videoları paylaşırlar. Belə yerlər artıq gündəmdən düşmək üzrədir. Əvvəllər deyək ki, 150-200 nəfər insan gəlib şəkil çəkdirirdisə, yaxud çəkdiyi şəkilləri çıxardırdısa, indi 20-30 nəfər gəlir".

 

Müsahibimiz əvvəllər fotolentdən şəkil çıxarılmasının  daha çətin olduğunu, hazırda isə müasir texnologiyanın imkanlarından istifadə etdiklərini deyir. Amma bəzən müştəriləri razı salmaq heç də asan olmur: "Telefonla çəkiləndə istər-istəməz professional fotoaparatlara nisbətən şəklin keyfiyyəti daha zəif olur. Ona burada rəng effekti verib normal vəziyyətə gətirib çıxarmaq və hər müştəriyə bəyəndirmək bir az qəliz məsələdir".

 

Qiymətlərin bahalaşması foto sektoruna da öz təsirini göstərib. Belə ki, fotoşəkillərin  çapında istifadə olunan kağızın qiymətindəki artım xidmətin özünü də bahalaşdırıb: "Əvvəl, misal üçün 10*15 ölçüdə şəkli çıxarırdıq 20 qəpiyə, indi çıxarırıq 30 qəpiyə. Albomlar müxtəlif qiymətədir. 30 manata var böyük albomlar, bir az balacalar 10 manata, 15 manatadır. Əsasən böyük şirkətlər, tikinti şirkətləri hansısa bir obyektin şəklini gətirib çıxarırlar, bir də şadlıq evləri fərdi bəy-gəlin, yaxud ad günü çəkilişləri edən şəxslər müraciət edir".

 

Digər fotostudiyada söhbətimizə şəkil çəkdirməklə başladıq. Fotoqraf İlham Hümbətov 8 ildir foto çəkməklə məşğuldur. Onun sözlərinə görə, hazırda "Green Card" üçün şəkil çəkdirənlərin sayı daha çoxdur: "Amerikaya getmək üçün. Əvvəllər sənəd şəkillərinə tələbat var idi, indi ölkə xaricinə getmək üçün viza şəkillərinə tələbat var. Viza şəkillərinin qiyməti 3, sənəd şəkilləri 2 manatdır".

 

Fotooperator Hüseyn Mirzə "çap olunmuş fotonun yerini heç nə əvəz etmir" deyir: "Bacaran da, bacarmayan da çəkir. Deyir ki, mən çəkirəm. Telefon çox təsir etdi, atırlar yaddaşa, kompüterdə qalır evdə. Slayd yığıb baxırlar, əlində şəklə baxmaq o başqa şeydir".

 

Müsahibimiz digər həmkarı kimi, tələbatın aşağı səviyyədə olduğunu, hazırda toyların olmamasının bu sahədə durğunluq yaratdığını bildirir: "Uşaqlıqdan foto ilə məşğulam. Sənəd şəkilləri 2 manat idi, indi də elə qalıb. Ətin kq-ı 10 manatdır, şəkil yenə 2 manatdır. Çox qaldırmaq olmur, camaatı düşünürük, alınmır. Biz ən ucuz qiymətləri qoymuşuq ki, müştərilər qaçmasın. Əvvəl 10 qəpik qalırdısa, indi 3-4  qəpik qalır".

 

Yaşlı insanlar daha çox şəkillərin çap variantına, gənclər isə elektron daşıyıcılarda saxlanılmasına üstünlük verir: "Elektron texnika inkişaf etdikcə, şəkil çıxaranlar azalır. Bəzən köhnə şəkilləri böyüdürük, belə yerlərə gəlirik ki, portret düzəlmək, yaxud yaşlı adamların şəkillərini çıxarmaq üçün müraciət edirik. Yaşlıların müasir texnologiyadan xəbəri olmur, yaxud xəbəri olsa da, çətinlik çəkirlər. Kompüterdə, telefonda o şəkillər olsa da, biz şəkil olaraq vərəqləməyi xoşlayırıq. Ona görə də müraciət edirik ki, çap formasında olsun. İnamsızlıq yaranır yaşlı insanlarda ki, kompüterdə itə bilər. Uzun müddətdir şəkil çıxartdırmıram. Əvvəllər o maraqlı idi, indi telefonda, kompüterdə və digər vasitələrdə onu saxlayıb baxmaq mümkündür".

 

Çəkilən fotonun hansı formada saxlanılmasının bir o qədər də əhəmiyyəti yoxdur, əsas odur ki, hər baxdığınızda həmin şəkil sizə xoş anları xatırlatsın.

X

XƏBƏRLƏR
BÖYÜT