Get, sevdalı cavanlar kimi get... - RAFİQ HÜSEYNOVA VİDA
18:49 – 03 Noyabr, 2017

O, uzun müddət hər kəs tərəfindən sevilərək izlənib. Uzaqdan qaraqabaq və ciddi görünsə də, əslində çox səmimi və gülərüz insan idi. İndi onu Azərbaycan mədəniyyətinin, Azərbaycan dilinin hadisəsi adlandıranlar da var, milyonların qəlbində özünə yuva qurmuş sənətkar deyənlər də.

 

Söhbət Azərbaycan efir məkanının əvəzolunmaz diktoru Rafiq Hüseynovdan gedir. O, ömrünün erkən çağlarından həyatını televiziyaya bağlayıb. Hələ 17 yaşında işıqçı işləməyə başlayıb və sədr müavini vəzifəsinədək uzun yol keçib.

 

Rafiq Hüseynovla sonuncu dəfə ötən il Azərbaycan radiosunun 90, televiziyasının 60 illiyi münasibətilə keçirilən mərasimdə görüşmüşdük. Səhhəti yaxşı olmasa da, tamaşaçıları ilk o salamlamışdı.

 

Ağlıma belə gəlməzdi ki, Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynovla vida mərasimi bir ildən sonra məhz Azərbaycan televiziyasının 61 illiyi ərəfəsinə təsadüf edəcək.

 

Bəli,  bu  gün Dövlət Mahnı Teatrında Azərbaycan tamaşaçısının yaddaşında əbədiyyən yaşayacaq sənətkarla vida görüşü idi. Böyükdən kiçiyə, yaşlıdan cavana qəlbində Rafiq sevgisi olan tamaşaçılar vida mərasiminə qatılmışdı.

 

Sənət yoldaşları deyir ki, Tanrı Rafiqi elə televiziya üçün yaratmışdı. Xalq artisti Ofeliya Sənaninin sözlərinə görə, Rafiqsiz həddindən artıq çətindir: "O, bizim əzizimiz idi, canımız idi, yaxın məsləhətçimiz, əla dostumuz idi. Bu yaşdayam mən, amma elə bilirəm ki, biz Rafiqsiz yetim qaldıq. O, özü xəstə ola-ola bizə məsləhət, ürək-dirək verirdi. Deyir ki, ay qız, biz əbədi deyilik. Biz ona baş çəkməyə gedəndə bizə təsəlli verirdi. Gözəl səsi, gözəl ürəyi vardı Rafiqin. Qoy heç kim məndən inciməsin, o, əvəzolunmaz diktor idi. Onu Moskvaya dəvət etmişdilər, ev də verirdilər, yüksək maaş da təklif etmişdilər. Amma razılaşmadı. Dedi, mən Azərbaycansız yaşaya bilmərəm".

 

Millət vəkili, akademik Rəfael Hüseynov hesab edir ki, Rafiq Hüseynovun adı ən uca zirvədir: "Bundan sonra da belə olaraq qalacaq. Görünüşü, nitq mədəniyyəti, davranışları və zəkası ilə efiri tamamlayan bir insan idi. Rafiq Hüseynov tam bir şəxsiyyət idi".

 

Xalq artisti Şərqiyyə Hüseynova Rafiq Hüseynovla 50 ildir dost olduğunu vurğulayıb: "Dostumuzu, qardaşımızı və müəllimimizi itirmişik. Ulu bir insanı itirmişik həyatda elə bilirəm. Gözəl dost, gözəl sirdaş və bizə arxa-dayaq idi. Rafiqin getməyi ilə elə bilirəm bir dövr gedib, zaman gedib".

 

Tanınmış diktor Sevda Ağazadə deyir ki, Rafiq müəllim efirdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışırdı, həm informasiya, həm bədii, həm də ictimai-siyasi mətni mövzuya uyğun ahəng və avazla səsləndirirdi:

 

Əməkdar artist  Sevda Ağazadənin fikrincə, Rafiq Hüseynov kimi insanlar 100 ildən bir doğulur: "Bizim üçün çox ağırdır. O, təkcə gözəl diktor deyildi ki, əvəzsiz insan idi. Böyüklə böyük, kiçiklə kiçik idi. İlk dəfə işdə məni o qarşılamışdı, hamımıza eyni hörməti, eyni sevgini nümayiş etdirirdi. Ayırmazdı bizi, hamımız can atırdıq onunla xəbərləri oxuyaq. Hamımızla efirə çıxırdı, ayrı-seçkilik etmirdi".

 

Əməkdar artist Gülşən Əkbərova Rafiqi unikal diktor adlandırıb: "Rafiqin vəfatı Azərbaycan ictimaiyyəti üçün çox böyük itkidir. Bütün həmkarlarım kimi, onun itkisi məni də sarsıdıb. Rafiq haqqında mən keçmiş zamanda danışa bilmirəm. Onunla uzun illər tərəf müqabili olmuşam, xəbər buraxılışlarını illərlə birgə aparmışıq. İşində o qədər ciddi idi ki, tərəf müqabillərindən də bunu tələb edirdi".

 

Aparıcı Ceyhun Əli müəllimini itirdiyini söyləyib: "Biz televiziyamızın oğlunu itirmişik. Bu gün televiziya deyəndə ilk növbədə Rafiq müəllim gəlir insanın göz önünə. Çünki o, televiziyanın özü idi. Bu gün ölkədə nə qədər telekanal varsa, onların hər birində Rafiq müəllimin nitqindən, nəfəsindən bir parça var. Ruhu şad olsun!"

 

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli Rafiq Hüseynovun xatirəsinin insanların yaddaşında daim yaşayacağına əminliyini bildirib: "Dost gedəndə ürəkdən bir parça da gedir. Deməli, bu gün ürəyimizdən bir parça da getdi. Rafiq son dərəcə böyük professional idi. Hələ Maqomayevin vaxtında Müslüm də belə populyar idi, Rafiq də eyni səviyyədə idilər. Hətta Moskva məktəbinin diktorları da onun professional olduğunu deyirdilər. Heyf ki, qədrini bilmədik".

 

MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin sözlərinə görə, Rafiq Hüseynov teleməkana örnək olacaq insan idi: "Azərbaycan teleməkanında elə bir aparıcı olmadı ki, adı bu qədər hörmətlə, sevgi ilə çəkilsin. Nə qədər ki, o var idi, televiziya sahəsində çalışanlar ona baxıb öyrənirdilər. Çox ağrılıdır belə bir insanı itirmək".

 

Vida mərasimində mərhumun ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri, nazirlər, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Professor İlham Rəhimli, xalq artistləri - rejissor Ramiz Həsənoğlu, Əli Məmmədov, Eldost Bayram, əməkdar artistlər Gülşən Əkbərova, Nərgiz Cəlilova, Rafiq Haşımov Rafiq Hüseynovu böyük dost, əvəzsiz televiziya xadimi kimi dəyərləndiriblər. Qeyd olunub ki, Rafiq Hüseynov televiziya sahəsində məktəb yaradan insanlardan biri olub. Onun açdığı cığır sonradan böyük yola çevrilib, televiziya və radioya özündən sonra böyük nəsil bəxş edib.

 

Vida mərasimi başa çatdıqdan sonra Rafiq Hüseynovun cənazəsi iştirakçıların alqış sədası altında dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparıldı.

 

Hamının sevimlisi olan Rafiq Hüseynov çoxsaylı tamaşaçı sevgisini özü ilə apardı. Mərhum diktorun tabutu da, son mənzili olan məzarı da gül-çiçəyə büründü.

X

XƏBƏRLƏR
BÖYÜT