91 ildir "Danışır Bakı" - REPORTAJ
14:58 – 06 Noyabr, 2017

Düz 91 il öncə Azərbaycanda ilk radiostansiya fəaliyyətə başlayıb. APA TV-nin məlumatına görə, bu gün Azərbaycanda ümumrespublika səviyyəsində 13 radiostansiya olsa da, 6 noyabr - Televiziya və Radio günündə ilk yada düşən təbii ki, Azərbaycan Dövlət Radiosudur.

 

Diktor, xalq artisti Əli Məhəmmədoğlu bu il peşə bayramını bir qədər nisgilli keçirir. Səbəb bəllidir - Rafiq Hüseynlinin vəfatı... "Bu Radio günü düz 50 il öncəni xatırlatdı. O vaxt Radio günü mayın 7-si qeyd olunurdu. 1968-ci ilin o günü komitəmizin sədri - adətən, sədri sevmirlər, amma onu hamı sevirdi - Ənvər Əlibəyli həmin gün dünyasını dəyişmişdi. Bir Aydın Qaradağlının, bir də Rafiqin vida mərasimində mən izdiham gördüm. Ümumxalq məhəbbətinin canlı şahidi oldum".

 

Hər itki geridə həm də xatirələr qoyur. Əli müəllim Rafiq Hüseynlidən yaşca böyük idi. Amma münasibətlərdə bu fərq özünü tamam başqa cür göstərirdi: "O, məndən 4-5 yaş kiçik idi. Amma elə bil ki, o məndən 4-5 yaş böyük idi. Mənimlə həmişə maraqlanırdı. Həm də bir kursda oxuyurduq. Nailiyyətimə məndən çox sevinirdi. Məni tərifləyəndə həmişə qürurla deyərdi ki, “mənim tapıntımdır, mən gətirmişəm”. Düzdür, onunla çox yaxın olmamışıq. Onunla daima təmasda olmazdım, amma o, mənim həmişə ürəyimdə olub. Özü də bilirdi".

 

Yada düşən həm də xoş xatirələrdir: "Anatoli Kravets var idi. Çox kitab oxuyan idi. Bir dəfə studiyaya kitabla girdi. O zaman 7:50-də iki dildə proqram oxunurdu. Əvvəlcə mən azərbaycanca oxudum. Növbə Anatoliyə çatanda gördüm ki, başı kitaba qarışıb. Dirsəyimlə tərpətdim. Başını yellədi. "Qovorit Baku. Peredayom utrenniy vıpusk... Peredayom seqonyaşniy obzor". Gün ərzində rusca oxuduğu nə var idisə, hamısını oxudu. Maraqlıdır ki, aradan xeyli müddət keçəndən sonra boynuna qoya bilmədim ki, belə bir şey olub".

 

O günlərdən bu günlərə gəldik. Əli müəllim deyir ki, efirlərə az çıxır. Gənc kadrların hazırlığı ilə məşğul olur. Ustadlarından öyrəndiklərini tələbələrinə öyrətməklə radio məktəbinin ənənələrini yaşatmağa çalışır. Deyir ki, bunun üçün qarşı tərəfin də müəyyən hazırlığı olmalıdır: "İndi mütaliə edən yoxdur. Yanıma gələn on nəfərdən biri üzdən güclə oxuyur. Bizə deyirdilər ki, gündə 1 saat oxu. Amma biz deyirik ki, heç olmasa gündə 15 dəqiqə oxuyun. Bədbəxtlik ondadır ki, yeni kadrların əksəriyyəti elə bilir ki, hər şeyi bilirlər".

 

Bununla yanaşı, Əli müəllim bədbin də deyil. Ümid edir ki, bu gün radio aparıcıları çox çalışsalar, peşəkar radio ənənələrini davam etdirə biləcəklər.  Elə həmkarı İradə xanım Ağayeva da bu fikirdədir: "Radio çox dəyişib. Biz gələndə radionun çox böyük məktəbi var idi. Bütün özəl kanalların yaxşı aparıcıları bizim radionun məktəbini keçib. Radio çox böyük məktəb idi. Bugünkü radio məktəb ola bilər. Məsələn, Əli Məhəmmədoğlu hami, tərbiyəçi kimi gənc diktorlarla məşğul olur. Mən də öz köməyimi əsirgəmirəm. Cavan nəsil bizi dinləyəcəyi təqdirdə, bugünkü radio məktəb ola bilər".

 

İradə xanım Radio günündə ötən il dünyasını dəyişən Bəxtiyar Şərifzadəni də xatırlayıb kövrəldi: "Mən Radio günündən danışanda Bəxtiyar Şərifzadəni yada salmaya bilmərəm. Onun ölümü məni çox sarsıtmışdı. Mən Bəxtiyarı yerə sərili, qolları yana açılmış, gözləri yarı yumulu, ağzı yarı açıq görəndə həyata nifrət elədim. Bir ildir aramızda yoxdur, amma yenə də səsi gəlir. Bu həyatın reallığıdır. Ona görə də insanlara sağlığında qiymət vermək lazımdır".

 

İradə Ağayevanın səsini tamaşaçılar təkcə, radioda deyil, həm də metro stansiyalarında eşidirlər: "Əgər Metropolitenin rəhbərliyi ilə görüşə bilsəydim, deyərdim ki, yazın, verin, ingiliscə mətni də mən oxuyum. Mən o qızdan yaxşı oxuyaram. Çox gülünc alınır. "Neftçilər"ə "Neftçala" deyir. İstəyirəm qışqıram ki, birinci mənəm, ikinci yox".

 

İradə Ağayeva APA TV vasitəsilə həmkarlarını təbrik etdi, onlara bol uğurlar arzuladı.

 

Radiostansiyalar arasında ən son yaradılanı "ASAN Radio" dur. Dekabrda 2 yaşını qeyd edəcək radionun rəhbəri Emin Musəvi üçün bu il xüsusilə əhəmiyyətlidir: "Ümumiyyətlə, bu il mənim üçün çox vacib ildir. Düz 20 il öncə, 1997-ci ildə ilk dəfə radio efirinə çıxdım. 15 il öncə isə televiziya efirinə çıxdım.  Biz efirdə öyrəndik. Mənim iş təcrübəmin başlanğıcı çox maraqlı dövrə təsadüf etdi. 22-23 yaşım olardı. O zaman müasir radioda işləyə bilən insanların sayı çox deyildi. Bizim sahə elədir ki, yalnız bacarığına uyğun inkişaf edə bilərsən. Bəlkə də kənardan radio, televiziya çox romantik görünür. İdeyalar çox ola bilər, amma gəlib görə bilərsən ki, bu sənin sahən deyil. İstənilən şəxs uğur qazana bilər, amma gərək sahəsini düzgün seçsin. Çox sevinirəm ki, Azərbaycan müstəqillik qazanandan 3-4 il sonra mən artıq mediada işləyirdim. Çətin dövrə düşdük. Amma təcrübə üçün çox yaxşı dövr idi”.

 

O, xatirələrini də yada saldı: “Biz 31 dekabrda işdə olardıq. Düşünürdük ki, birdən kimsə gəmidədir, işdədir, yoldadır deyə televizoru yoxdur. Adətən, insanlar ili televizor qarşısında qarşılayırlar axı. Ona görə bizdə işdə olurduq. Orduda, xidmətdə olanlar bizi radio vasitəsilə eşitsinlər. Görsünlər ki, canlı yayımdayıq, darıxmasınlar. Bilsinlər ki, tək deyillər”.

 

Xatirələrdən bu günə keçid aldıq. Dünya üzrə bir çox radiostansiyalarda olan Emin Musəvi yerli radio kanallarındakı durumu qənaətbəxş hesab edir. Rəhbərlik etdiyi radionun da Azərbaycanda özünəməxsus yer tutması, eləcə də standartlara uyğun fəaliyyət göstərməsi üçün əlindən gələni əsirgəmir: “ASAN Radio“ formatı başqadır. Bu radio nəinki Azərbaycanda, hətta bölgədə dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Əsas prinsiplərlə işləyirik. Məlumatlarımız dəqiq olmalıdır. Biz maarifləndiririk və çalışırıq bunu standartlara uyğun edək. Darıxdırıcı olmamağa çalışırıq”.   

 

Sonda bütün radio işçilərini APA TV adından ürəkdən təbrik edir, bol yaradıcılıq uğurları arzu edirik. Necə deyərlər, "səsiniz hər zaman eşidilsin!"

 

X

XƏBƏRLƏR
BÖYÜT