Bakı metrosunda retro qatarlar - REPORTAJ
16:06 – 07 Noyabr, 2017

Gördüyünüz istismar müddəti bitmiş bu qatarlar retro üslubda bərpa edilib.

 

APA TV-nin məlumatına görə, Bakı Metropoliteninin 50 illik yubileyi ərəfəsində təmir olunan bu retro vaqonlar sərnişinlərin ixtiyarına verilə bilər.

 

Metropolitenin mətbuat katibi Nəsimi Paşayev deyir ki, bu qatarlar əvvəllər Bakı metrosunda xətlərdə hərəkətdə olub, amma heç vaxt sərnişin daşımayıb: "İki vaqonumuz var ki, onlar heç vaxt sərnişin daşımayıblar - "A" və "Q" tipli vaqonlar. "A" tipli vaqonlar 1934-cü il istehsalıdır. O vaxt Moskva metrosu üçün tikilib, daha sonra Bakıya gətirilib. Sərnişin daşımaq üçün deyil, yolçəkən vaqon kimi hərəkətdə olub. Digər "Q" tipli vaqon da sərnişin daşımayıb, yolölçən vaqon kimi fəaliyyət göstərib".

 

Amma bərpa edilən üç retro qatardan biri sərnişin daşıyıb: "E" tipli vaqonumuz isə 70-ci illərdə istehsal olunub, bu, Bakı metrosunda sərnişin daşıyıb, sərnişinlərimizin bəlkə yardında olar, o vaxt bu tip vaqonlar xidmət göstərib, amma 2000-ci ildə istismar müddətini başa vurduğu üçün xətdən çıxarılıb".

 

Vaqonların bərpası zamanı onların orijinallığı qorunub. İstər oturacaqları, istər işıqlandırılması, ümumiyyətlə, bütün avadanlıqları əvvəlki vəziyyətinə gətirilib: "Planımızda var ki, müəyyən müddətdə həmin qatarları xəttə buraxaq və sərnişinlərin qatarlarla tanış olmaq fürsəti olsun. Sərnişin daşıma ehtimalı da var. Hərəkət  qırmızı xətt üzrə planlaşdırırıq".

 

Sərnişinlər də nostalji hisslər yaşadıqlarını, gənclik illərini xatırladıqlarını deyir: "Mənim bütün gəncliyimi yadıma saldı, tələbəlik illərimi, baxdım, bir də o illərə qayıtdım".

 

Retro qatarlar gənc nəslin də marağına səbəb olub: "İlk dəfədir belə qatarlar görürəm, qatarın içərisinə girib, sərbəst hərəkət edirəm, maşinist kabinəsinə daxil oluram. Şəkil çəkdirdim, maraqlıdır, o dövrdə rahat qatarlar olub oturacaqları, işıqları, hər şey çox maraqlıdır"

 

İlk metro qatarının hərəkətə gətirilməsi paytaxt Bakının tarixində əlamətdar gün kimi qalıb. Bu tarixdən bizi bu gün nə az, nə çox - düz 50 il ayırır. Bu illər ərzində Bakı Metropoliteni yaxşılığa doğru dəyişib, yeni metro stansiyaları salınıb, bəziləri isə əsaslı olaraq təmir olunaraq yeni görkəm alıb.

 

Retro vaqonlar bir neçə gün metronun "İçərişəhər" stansiyasında qalacaq.

X

XƏBƏRLƏR
BÖYÜT