SSRİ-nin metro inşaatçıları arasında ilk Sosialist Əməyi Qəhrəmanı - REPORTAJ
11:03 – 08 Noyabr, 2017

Hümmət Məmmədov ömrünün 30 ilini metropolitendə çalışıb. 90 yaşlı veteran inşaatçı gənc yaşlarından yeraltı dünyaya maraq göstərib.

 

O, 20 yaşında tunel qazmaçıları hazırlayan 11 nömrəli fabrik-zavod məktəbinə göndərilib. Oranı bitirəndən sonra “İçərişəhər” stansiyasına yaxın ərazidə yerləşən şaxtanın qazıntısında iştirak edib: "Bakı Soveti"ndə, "26-lar"da - o vaxtkı köhnə adları ilə deyirəm - "Neftçilər"ə qədər olan stansiyaların hamısında iştirak etmişəm".

 

Hümmət dayı söhbət zamanı daha çox “Xətai” stansiyasına doğru tunelin qazılmasındakı işləri yada salır. Bu stansiyanı “Xətai” deyil, xəta stansiyası olduğunu deyir. Onun ayaqlarının ağrısı da elə həmin günlərdən başlayıb. Bu gün də yeganə şikayəti ayaq ağrılarıdır: "Mənim orda ayaqlarım tamam dondu. Deməli, yayın günündə yuxarıda 40 dərəcə isti, aşağıda 10 dərəcə şaxta vardı. "Xətai" 20 metr qumdur, sudur. Çıxanda ayağımızı vururduq yerə, ayağımız bizim deyildi. Ayağımızda rezin çəkmə donurduq".

 

İşə olan sevgisindən Hümmət dayını yeraltı dünyanın çətinliyi, əziyyətləri qorxutmurdu. Nə xəstəlikdən, nə də qazıntı zamanı yaşanacaq təhlükədən çəkinirdi. O, səhhətində problemlər olsa da, çətin işləri özü edib. Deyir ki, briqadasında dəmir intizam hökm sürüb: "Briqada üzvlərinin ən çətin işini özüm görürdüm. Onun üçün təhlükə yarana bilər, birdən ona nəsə olar, arvadı mənə qarğış edər. Deyirdim ki, yuxarıda qardaşımsınız, aşağı işə getdik, səni mən tanımıram".

 

Müsahibimiz fəaliyyəti dövründə böyük uğurlara imza atıb. Onun briqadası 1957-ci ildə planı iki dəfədən çox yerinə yetirib, dəfələrlə mükafatlandırılıb. Buna görə Hümmət Məmmədovun dəstəsi "Kommunist Əməyi Briqadası" adlandırılıb. 1966-cı ildə yeraltı yolların inşası sahəsində göstərdiyi fədakarlığa görə "Lenin" ordeni ilə təltif edilib. 1971-ci ildə ona SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə ikinci "Lenin" ordeni, "Oraq və çəkic" qızıl medalı təqdim edilməklə metro inşaatçıları arasında ilk dəfə Sosialist Əməyi Qəhrəmanı adı verilib. Hümmət Məmmədov hazırda Prezident təqaüdçüsüdür.

 

X

XƏBƏRLƏR
BÖYÜT