Xəstə ananın 4 ay ömrü qalıb - HƏYAT DRAMI
18:03 – 08 Noyabr, 2017

Bu insanlar Tovuz rayonunun Düz Qırıqlı kəndinin sakinləridir. 8 nəfərlik ailə çox ağır şəraitdə yaşayır. Cəmi bir oğul işləyir bu ailədə, o da anasının səhhətindəki problemlərdən dolayı daha işə gedə bilmir. APA.TV-nin “Həyat dramı” verilişinə də anasının vəziyyətindən əzab çəkən həmin oğul - Elmar Aslanov müraciət edib: “2011-ci ildə mən əsgərlikdə olarkən, atamla anam avtomobil qəzasına düşdülər, atam rəhmətə getdi. Anam da indi yarımcan olub. Son dörd il ərzində anamın vəziyyəti çox ağırdır. Zob adıyla müalicə olundu, elə də davam edirdi. Sonra aparata saldırdıq, məlum oldu ki, problem ürəyində imiş. Ürəyindəki ağrılar artıq çox tez-tez tutur”.

2010-cu ildə keçirdiyi avtomobil qəzasından sonra, bu hala düşən Xəzangül Aslanovanın iki oğlu, bir qızı var. Ailədə xəstə tək Xəzangül xanım deyil. Onun 23 yaşlı qızı Jalə ruhi xəstədir. Digər oğlu 27 yaşlı Muradın isə ayaq damarlarında  problem olduğundan o, fiziki işlə məşğul ola bilmir. Bizimlə söhbət edən 26 yaşlı Elmar çörək sexində işləyir. Onun da iki övladı var. Ailənin maddi durumu yaxşı deyil. Elmarın qayınanasının da səhhətində problemlər var: “Qoca nənəm var, iki körpə uşağım var. Anamı tək evdə qoyub işə gedə bilmirəm. 9 min dedilər həkimlər, 7 minə saldım xahişlə. Kənd camaatına üzümü tutdum, sağ olsunlar verənlər də, verməyənlər də. Nə yığmışdım gətirdim iynə-dərmana verdim. Əlimizdə pulumuz da yoxdur”. Elmarın nənəsi, Xəzangül xanımın qayınanası Dilşad Aslanova da gəlininin sağalmasını və övladlarının başının üstündə olmasını arzu edir: “Bizim də vəziyyətimiz məlumdur, görürsünüz. Bu boyda külfətdə bir işləyən var. Mümkün deyil, heç nə edə bilmirik”.

Elmar deyir ki, anası bütün müayinələrdən keçib. Özü də hər dəfə bu işə 150-200 manat pul lazım olur. Onun sözlərinə görə, Xəzangül xanım daim müalicə olunmalıdır, o, bu vəziyyətdən yalnız cərrahiyyə əməliyyatı ilə qurtula bilər. Anam davamlı müalicə üçün hər həftə Gəncəyə gedilməlidir - bildirir Elmar. Xəzangül ananın sözlərinə görə, ürəyindəki problemin vaxtında aşkarlanmaması vəziyyətini daha da pisləşdirib: “Halım belədir ki, 4 ildir əziyyət çəkirəm. Öz-özümə deyirdim, zob hamıda var, bu məni niyə belə boğur bəs. Elə bil ağrı bir tərəfə yığılıb nəfəsimi kəsirdi. Kimi görürdümsə, deyirdim buramı sıx bir az, ciyərimə hava getsin. Təngnəfəs olurdum, yarım kiloluq yükü belə götürə bilmirdim. Bir addım belə yol gedə bilmirdim”. Sonra Xəzangül xanıma başqa bir həkimə getmək məsləhət görülüb. Elə həmin gecə deyilən həkimə aparılıb. Ailədə düşünürlərmiş ki, problem ödündəki daşdan da ola bilər: “Həkim baxdı, dedi səndə nə zob var, nədə ki ödünlə bağlı deyil təngnəfəsliyin. Sənin problemin ürəyindədir. Ürəyini müalicə elətdirməlisən. Gecə təcili yardım çağırıldı, təzyiqi ölçdü neçə dəfə, göstərmədilər. Öz dərmanlarımdan içdim, bir az yaxşı oldum, təcili yarım da çıxdı getdi. Səhəri gün getdik həkimə, dedi mən müalicə yaza bilmərəm, sənə səhv təsir edər. Sənin ürəyin əməlli-başlı müalicə olunmalıdır. Çatan kimi reanimasiyaya saldılar məni. Bir gün  axşam orda qaldım, sonra 5 gün yatdım orda. 15-20 gün çəkmədi, yenə həmin vəziyyət oldu. Həkim mənə dedi ki, səni müalicə ilə 3-4 ay saxlaya bilərəm, ondan sonra mümkün olmayacaq. İmkanlı şəxslərdən xahiş edirəm, mənə yaşamağa kömək eləsinlər”. 

Oğlunu qəzada itirən Dilşad nənə deyir ki, evin 23 yaşlı qızı Jalənin də vəziyyəti onları ciddi narahat edir. O da daim nəzarət altında olmalıdır: “Yandırır paltarlarını, şüşələri qırır, sözünü çatdıra, danışa bilmir. Oğlumun böyük oğlunun da bir dəfə damarı partladı, nə qədər qan getdi. Ayaqlarına baxmaq mümkün deyil. Elə bir vəziyyətdədir ki, işləyə bilmir. Bu da belədir. İşləyənimiz bir odur. Mən də təqaüd alan biriyəm, özümü ancaq görür. Təzyiqim yüksəkdir, iynə dərmana gedir. Mən bu gün varam, sabah yoxam, yalvarıram kimsə kömək etsin, gəlin ayağa qalxsın, uşaqlarına baxsın. Bu uşaqlara kim baxacaq”.

54 yaşlı qadının əməliyyat olunması üçün 7 min manat pul lazımdır. Ailənin maddi durumu buna imkan vermir. Həkimlər ayda iki dəfə xəstəxanada yataraq müalicə alan qadına açıq ürək əməliyyatı olunmağı məsləhət görüblər. Əgər 5-6 aya əməliyyat olunmazsa, həyatını itirə bilər.

Yardım etmək istəyənlər üçün əlaqə nömrəsi: 055 932 62 59 – Elmar Aslanov Tovuz rayonu Düz Qırıqlı kəndi

 

 

X

XƏBƏRLƏR
BÖYÜT