Ronaldonun, Messinin və "Qarabağ"ın fanatları - İNTERNATDAN REPORTAJ
12:48 – 09 Noyabr, 2017

Ronaldo, Messi və bir çox məşhur futbolçuların fanatıdır bu uşaqlar. Bura Şüvəlanda yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş 12 nömrəli xüsusi internat məktəbidir.


Uşaqların başı oyuna o qədər qarışmışdı ki, gəlişimizi belə hiss etmədilər. Həvəslə oynadıqları oyunu kənardan axıra kimi izlədik. Ronaldonun köynəyini geyinən bu balaca diqqətimizi daha çox cəlb etdi. Oyundan sonra onunla mütləq söhbətləşəcəkdik. Belə də oldu. Tərləmişdi. Vaxt itirmədən geyimini dəyişib sinfinə gəldi. Ruslan deyir ki, atası da bu məktəbdə oxuyub. Hazırda isə qardaşı ilə birlikdə təhsil alır. Kumiri isə Ronaldodur:  "Mənim atam burada oxuyub. Mən bura gələndən həvəsim var futbola. 5-ci sinfə keçəndə başladım oynamağa, çox həvəsim oldu futbola. Ronaldoya baxırdım, həm də pərəstiş edirdim. Uşaqlarla gəzirik, söhbət edirik, dostluğumuz yaxşı keçir. Yarışlara da gedəcəyəm. 1-ci gündən 5-ci günə kimi burada qalıram, 6-cı gün gedirəm".

 

Amin isə daha çox "Qarabağ" futbol klubunun azarkeşidir. Uşaq vaxtı keçirdiyi poliomielit xəstəliyindən sonra yerişində problem yaranıb. Ən böyük arzusu isə sevdiyi klubun qapıçısı olmaqdır: "Qarabağ"ı oyunlarına görə xoşlayıram. "Qarabağ"ın "Atletiko Madrid"lə oyununa baxdım. Ən güclü komandaya belə uduzmadı. İstərdim ki, "Qarabağ"ın qapıçısı olum. Çox istəyirəm qapıçılığı öz komandamızda. İnşallah, "Qarabağ"ın qapıçısı olaram. Əvəzedici də olsam, qapıçısı olum,  çünki xoşlayıram o komandanı".

 

Aminin həm də yaxşı rəssamlıq qabiliyyəti var. Təbiət mənzərələrini çəkməyi çox sevir. Dostları ilə burada yaxşı vaxt keçirdiyini desə də, Tovuzdakı evləri və anası üçün çox darıxır. Ara-sıra anası yanına gəlir. Atası isə onları atıb:   "Ev üçün, anam üçün darıxıram. Anamın işi var bir az, rayondadır. Ona görə gələ bilmir. Atam yoxdur, bizi atıb gedib. Bir də xəstə xalam var, anamın bacısı. Evə getmək istəyirəm, bir də istəyirəm ayağımın ağrısı keçsin. Tətillərdə Tovuza gedirəm. Tovuzda 8 illik məktəbdə oxumuşam, dostlarım da vardı orda, sinif yoldaşlarım da. Sonra anamın imkanı olmadı, pullu məktəb idi. Ona görə gətirib bura qoydu. Mən anamı incitmərəm, istəmərəm əziyyətini puç edim. Söz vermişəm, sözümü də tuturam. Oxumağıma, attestat almağıma, "Qarabağ" komandasına daxil olmağıma söz vermişəm. Fəxr etsinlər, mən onları məyus etmərəm. Burdan Tovuzdakı dostlarıma və anama salam göndərirəm".

 

Amin əvvəllər jurnalist olmaq istəyib, amma bunun üçün yetəri qədər biliyinin olmadığını görüb və fikrindən vaz keçib: "Sonra gördüm olmadı, çox oxumaq lazımdır. Sonra polislik, indi də "Qarabağ" komandasının bir üzvü. Məndə ən yaxşısı qapıçılıq alınır".

 

 

Bu təhsil ocağında Amin kimi qəlbi arzularla dolu 140-dan çox uşaq təhsil alır. Bəzilərinin valideynləri onları ziyarət etməyə gəlsə də, əksəriyyəti ana-ata qayğısını hiss etmir. Onlarla söhbət etmək heç də asan olmur. Çünki yaşadıqları ağrıları hiss etməmək mümkün deyil. Burada təhsil alanların əksəriyyəti beyin iflici və poliomielit xəstəliyindən əziyyət çəkir:

 

Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbə müdiri Həbib Kərimov deyir ki, bura qəbul olunan şagirdlərin hər biri Respublika Psixoloji Tibbi Pedaqoji komissiya tərəfindən göndəriş əsasında həmin müəssisəyə qəbul olunur: "Bu uşaqlarla 55 nəfərdən ibarət pedaqoji heyət məşğul olur. Onların  diaqnozundan asılı olaraq burada onlar həm ümumtəhsil proqramı ilə, həm xüsusi təhsil proqramı ilə dərslər keçirlər. Eyni zamanda bu uşaqlarla loqopedlər və xüsusi mütəxəssislər məşğul olur. Bu, Respublika Xüsusi İnternat məktəbidir. Burada respublikanın müxtəlif rayonlarından bu diaqnoza uyğun olan, beyin iflici və poliomielit diaqnozu qoyulan bütün uşaqlar bu müəssisədə təhsil alırlar".

 

Çox keçməz ki, bu uşaqların hər biri tezliklə sağlamlıqlarına qovuşar, isti ocaqlarında valideyn himayəsi altında təhsillərini davam etdirərlər. 

X

XƏBƏRLƏR
BÖYÜT