Süni uşaq qidaları təhlükəlidirmi?
17:29 – 10 Noyabr, 2017

Azərbaycanda körpələrini yalnız ana südü ilə qidalandıran analara çox az rast gəlinir. Artıq iş o yerə çatıb ki, uşağını pediatra aparan analar həkimin təyinatı üzrə müalicə ilə yanaşı, həm də körpələrinin qidasını da dəyişməli olurlar. Bu gün satışda müxtəlif növ və müxtəlif qiymətə uşaq qidaları mövcuddur.  Ümumiyyətlə süni uşaq qidaları təhlükəlidirmi? Bu qidalar hansı xəstəlikləri yarada bilər? APA Tv-nin “Sosium” layihəsinin növbəti buraxılışında pediatr bu sualları cavablandırıb.

Pediatr Günay Rəsulova körpələr üçün ana südünün əhəmiyyətindən danışıb, körpənin doğulduğu ilk saatlarda ana südü ilə qidalandırılmasının vacib olduğunu qeyd edib: "Yeni doğulmuş anaya ətrafdakıların dəstəyi çox önəmlidir. Onlar ananı ana südü ilə qidalandırmağa həvəsləndirməlidirlər". Pediatr deyib ki, ana südü körpənin tələbatına uyğundur: "Ana südündə mikrob deyə anlayışı yoxdur. Məcburi durumlarda ana südü yerinə əvəzedicilər ola bilər". Günay Rəsulovanın sözlərinə görə süni qidaların əksəriyyəti inək südündən hazırlanır: "Körpənin altı ay eyni qidanı yeməsi düzgün deyil. Uşaq ana südü yeyəndə isə, ananın qəbul etdiyi bütün mikro elementlər ona keçir". Pediatr deyib ki, süni qidalarla qidalanan uşaqlarda qaşınma, sancı, səpgilər, ishal halları, artıq çəki, piylənmə problemləri meydana çıxa bilər: "Süni qidalarla qidalanan uşaqlarda immunitet nisbətən zəif olur". G.Rəsulova onu da vurğulayıb  ki, məhz bu səbəblərdən bəzi mərkəzlərdə ana südü ilə qidalandırma təlimləri keçirilir, çünki ən yaxşı qida elə ana südüdür.      

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.   

 

X

XƏBƏRLƏR
BÖYÜT