İŞİD-in sonu, şahzadələrin həbsi, İranla müharibə ehtimalı - SƏUDİYYƏ DİLEMMASI
15:44 – 11 Noyabr, 2017

Kral Salman və vəliəhd Məhəmməd ABŞ-dan dəstək ala biləcək güc mərkəzlərini elə Qərbin əli ilə aradan qaldırmaq istəyir. Məsələ "mülayim islam"a dönüşdə deyil, taxt-tac uğrunda mübarizədədir. Həbs olunan şahzadələr, sabiq nazirlər və külli miqdarda var-dövlətə sahib şəxslər Məhəmməd ibn Salmanın taxta gedən yolunda potensial əngəldir və bu əngəlin aradan qaldırılması krala və oğluna hava-su kimi lazımdır. İki sual meydana çıxır. Birincisi, hədəfə alınan şahzadələrin yeganə özəlliyi onların taxt uğrunda mübarizədə rəqib olmasıdır, yoxsa həbs olunanların dünyada sələfi hərəkatının əsas maliyyəçiləri olması da bu seçimdə rol oynayır? Siyasətdə təsadüf olmur və Səudiyyədə həbslərin başlaması ilə Suriyada İŞİD varlığına son qoyulmasının eyni vaxta düşməsi də təsadüf deyil. İŞİD Suriyada nəzarətdə saxladığı son şəhəri də əldən verib, pərən-pərən düşmüş sələfi qruplaşmaların zərərsizləşdirilməsi çox çəkməyəcək. Səudiyyədə İŞİD-lə bağlılığı şübhə doğurmayan şahzadələrin həbsi, ABŞ-ın mülayim islama qayıdış və korrupsiyaya qarşı mübarizəni prezident səviyyəsində dəstəkləməsi İŞİD taleyinin müəyyənləşməsi deməkdir. Belə görünür ki, İŞİD-in taleyi "Əl-Qaida"nın taleyindən fərqlənməyəcək və zaman keçdikcə dünya tarixinin ən qəddar terror təşkilatı kimi tarixə qovuşacaq. Əvəzində isə zamanla yeni adda, yeni terror təşkilatı peyda olacaq. ASALA yoxa çıxdıqdan PKK, "Əl-Qaida" yoxa çıxdıqdan sonra İŞİD peyda olan kimi... İkinci sual ABŞ zamanında kral ailəsi daxilində formalaşdırdığı güc mərkəzlərinin ləğvinə göz yumacaqmı, və əgər yumacaqsa, bunu nəyin müqabilində edəcək? Sualın cavabı Səudiyyə kralının bəyanatında gizlənib. "Biz radikal düşüncələri dərhal yox edəcək, 1979-cu ildən əvvəl olduğu kimi mülayim islama və normal həyat tərzinə qayıdacağıq" deyən kralın 1979-cu il tarixini xatırlatması əbəs deyil. Bu, həm də İranda islam inqilabının baş verdiyi dövrdür, kral dolayısı ilə ölkədə radikallaşmanı həm də İran faktoru ilə əlaqələndirməyə çalışır, mülayim islama dönüşün İranda kardinal dəyişikliklərlə paralel gedə biləcəyinə işarə vurur. İran faktoru yenə də Səudiyyənin əsas gündəmini təşkil edir, Tehranı bölgədə sabitlik üçün ən böyük təhlükə hesab edən Ər-Riyad müharibə çağırışlarından çəkinmir. Yəni, ABŞ kral ailəsində təmizləmə işlərinə Səudiyyənin İrana qarşı cəbhə açması müqabilində göz yumur. Səudiyyə-İran qarşıdurması Bəhreyn və Yəməndə baş verənlərdən sonra zatən gərgin mərhələyə daxil olub, son baş verənlər açıq hərbi toqquşmalar ehtimalını daha da artırır. Tehran və Ər-Riyad indiyədək Suriya, İraq, Bəhreyn, Yəmən və Livanda dəstəklədikləri hərbi-siyasi qruplaşmaların əli ilə müharibə aparırdılar, indi isə Səudiyyə rəsmilərinin ittihamları göstərir ki, müharibənin artıq İran ərazisinə keçmə ehtimalı var. Ər-Riyad bu müharibənin təmas xəttinə çevrilməyə məcbur edilir. 

X

XƏBƏRLƏR
BÖYÜT