Yasamalda dörd binanın çıxışı niyə bağlanır? - REPORTAJ
12:14 – 13 Noyabr, 2017

Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 a, 36b, 36v, Əhməd Cəmil küçəsi 23, 25, 27 və Şəhriyar küçəsi 5 ünvanında yaşayan sakinlərin həmin ünvanda hündürmərtəbəli yaşayış binasının tikintisinə etiraz edirlər.

 

APA TV-nin xəbərinə görə, sakinlər iddia edir ki, 4 doqquzmərtəbəli binanın yeganə çıxışı olan bu həyətdə yeni 16 mərtəbəli yaşayış binasının tikilməsi onların həyat şəraitini çətinləşdirəcək: "Sakinlərin etirazı həmin binanın tikintisinə qarşıdır. Gördüyünüz kimi, artıq Zahid  Xəlilov 36 ünvanındakı 9 mərtəbəlinin binanın arxasında müasir tipli yaşayış kompleksi salınıb. O binanın qarşısında giriş və çıxış tamamilə məhdudlaşdırılıb. Günəş işığına həsrət qalan bu binanın yeni bina ilə məsafəsi də çox yaxındır".

 

Yaşıllıqların məhv olmasına etiraz edən sakinlər bununla bağlı dərhal Yasamal Rayon İcra Hakimiyyətinə müraciət ediblər. İcra Hakimiyyətindən isə bildirilib ki, bu, yaz-budama işləri ilə bağlıdır: "Amma may ayında bəlli oldu ki, "Elite City" MMC bu həyətdə də bina tikmək niyyətindədir. Bəlli oldu ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu ərazidə tikinti aparılması üçün sərəncam verib. Hesab edirik ki, bu qanunsuz bir sərəncamdır".

 

Sakinlərə bildirilib ki, icra hakimiyyətinin sərəncamı Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli qərarına istinad olunub və bu pilot layihədir.

 

Yasamal rayon sakinləri iddia edir ki, sökülən ikimərtəbəli fin evlərinin tikinti altı sahəsi təxminən 450 kvadratmetrə yaxın olub. Amma planlaşdırılan tikintinin sahəsi 1250 kvadratmetr sahəni əhatə edir: "Şikayətimiz odur ki, həyətimiz zəbt olunur. Dörd tərəf binadır. Ortada bir az yer vardı ki, onu da bizim əlimizdən alırlar. Onsuz da bu binalar gün üzü görmür. Əgər bu layihə gerçəkləşsə, binanın həyətinə nə təcili yardım, nə də yanğınsöndürən maşınlar daxil ola bilməyəcək".

 

"Günün qabağı alınır. Bu evlərdə yaşlılar, uşaqlar var. Axı nəfəs almağa yer qalmır. Qızım, mən iflic xəstəsiyəm. Nəfəs almağa həyətə düşürəm. Bura olmasa, hara düşüm? Evdə 106 yaşlı qaynanam var".

 

Sakinlərin məsələnin həlli ilə bağlı döymədikləri qapı, müraciət etmədikləri ünvan qalmayıb:   "Ümidimiz ən yuxarı səviyyədə daha ədalətli qərarın verilməsidir. Bu həyətdə su anbarı var idi. Su anbarını vəhşicəsinə dağıtdılar. Hətta suyu evlərin zirzəmilərinə vurmağa başlamışdılar. Şəhərsalma və Arxitektura Komitəsi bizim xeyrimizə rəsmi arayış verdi. Həmin qərarda burada tikinti olmayacağı açıq aydın göstərilib".

 

Yasamal sakinlərinin müraciətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən cavabda 14 mərtəbəli yaşayış binalarının yerində 3 mərtəbəli qeyri-yaşayış binasının tikintisinin planlaşdırılması tövsiyə olunur. Ərazidə isə tikintiyə hazırlıq prosesi davam edir.

 

Tikinti şirkətinin rəsmisi Rəfail Mirzəyev tikinti işlərinin dövlət layihəsi çərçivəsində aparıldığını deyir:  "Bu bir pilot layihədir. 5 illik nəzərdə tutulmuş bir proqramdır. Nazirlər Kabinetinin qərarına əsasən, Bakının 9 rayonunda qəzalı vəziyyətdə olan evlər söküləcək, həmin evlərin sakinləri tikinti aparan şirkətlər tərəfindən kirayə haqqı ödənilmək şərti ilə mənzillə təmin olunacaq. Biz də sözügedən ünvanda olan evləri söküb 30 ailə ilə müqavilə bağlamışıq. Artıq 3 aydır kirayə haqqı veririk. Amma 3 ayda biz bir dənə iş görməmişik. Sadəcə, ərazini hasara almışıq. Tikinti aparılmasına maneçiliklər var. Amma bizim əlimizdə tikinti üzrə aidiyyəti olan bütün qurumların sərəncamı, rəyi və icazəsi var. Yeni bina 13-14 sot yer tutur. Qalan ərazi isə abadlaşdırılacaq".

 

 

Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov məsələnin mahiyyətindən xəbərdar olduğunu deyir: "Ətrafda yaşayan bina sakinləri bununla bağlı şikayətçidirlər. Sakinlər deyir ki, yeni bina tikilsə, onların evlərinə gün işığı düşməyəcək. Amma həyətə giriş-çıxış yolu bağlanmır. Bina ortada tikiləndən sonra hər iki tərəfdə məsafə qalır. Layihələndirmə və tikinti normalar əsasında aparılır".

 

Qeyd edək ki, sakinlər tikinti işlərinin dayandırılması və tikintinin ləğvi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət ediblər. Sakinlərin iddiaları nəzərə alınaraq sənədlərin məhkəmə ekspertizasına göndərilməsi haqqında qərar verilib. Yaxın zamanlarda məhkəmə yekun qərarını açıqlayacaq.

 

Bir sözlə, hər şey məhkəmənin qərarından asılıdır. 

X

XƏBƏRLƏR
BÖYÜT