Yağı da, toxumu da faydalı olan küncüt - REPORTAJ
14:07 – 13 Noyabr, 2017

Adət etdiyimiz ənənəvi bitkilərin və tərəvəzlərin yetişdirilməsi bizə maraqlı görünməsə də, elə bitkilər var ki, onların əkilib-becərilməsi adamda maraq doğurur. Belə bitkilərdən biri də küncüt bitkisidir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Saatlı fermerləri bildirir ki, küncüt sağlamlıq üçün faydalı bitki olduğu qədər həm də qazanc gətirən bitkidir.

 

Becərilməsi asan olan bu bitki min bir dərdin dərmanıdır. Küncütdən yağ emal olunduqda, dəyəri birə iki artır. Küncüt yağından səhiyyədə geniş istifadə olunur və çox xeyirli müalicəvi məhsuldur. Bizim eramızdan çox-çox əvvəl Qədim Babilistanda, Çində, Misirdə küncüt yağı müalicəvi vasitə kimi geniş istifadə olunurdu. İbn Sinanın elmi əsərlərində küncüt yağının faydalı xüsusiyyətləri və onun tibdə istifadəsi haqqında məlumat var. Küncüt toxumları simit və peçenyelərin üzərinə səpilir ki, bu da şirniyyatlara xüsusi ləzzət verir. 

 

Fermerlərin sözlərinə görə, üç aya yetişdirilən bitki artıq yığılaraq dərzlərə vurulub. Növbəli əkin kimi əlverişli olan bu bitki digər əkinlərə maneə yaratmır. Təsərrüfatçılar arpa, buğda biçildikdən sonra küncütü onların yerinə əkirlər.

 

Bu günədək iki tondan yuxarı məhsul götürən təsərrüfat sahibləri bildirir ki, küncüt əkini zamanı əldə olunan qazanc çəkilən xərclə müqayisədə daha yüksəkdir. Küncütün əkilib-becərilməsi və toplanması kəndlilər üçün əlavə iş yeri də yaradır.

 

 

Qeyd edək ki, küncüt əkini Saatlı rayonunda son bir neçə ildir həyata keçirilir. Təkcə bu il  rayon üzrə 46  hektardan çox sahədə küncüt əkilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT