Azərbaycanda teatra ayrılan vəsait 300 faiz azalıb
15:41 – 13 Noyabr, 2017

Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisin komitələrində müzakirəsi davam etdirilir.

 

APA TV-nin məlumatına görə, layihələr Milli Məclisin daha 5 komitəsinin – Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasının müzakirəsinə çıxarılıb.

 

Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir: "Cüzi artımlar deyil, böyük artımlar nəzərdə tutulmalıdır. Azərbaycanda hərbi-sənaye kompleksi, sənayesi uğurla inkişaf edir. Amma Azərbaycan kənd təsərrüfatı ölkəsi deyil. Azərbaycan geniş hərbi-sənaye ölkəsi də deyil. Azərbaycan mədəniyyəti ilə dünyaya səs salan bir ölkədir, Azərbaycanı dünyaya onun mədəniyyəti tanıdıb. Ona görə mədəniyyət sahəsinə daha çox diqqət göstərilməlidir. Teatra ayrılan vəsaitdə əvvəlki illərlə müqayisədə 300 faiz azalma var. Bu məsələ teatr sahəsinə pis təsir edəcək. Bunun, heç olmasa, yenidən qismən artırılması vacibdir".

 

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bələdiyyələrin problemlərini önə çəkib: “Dotasiya ilə bərabər bələdiyyələrə subvensiya verilməlidir. Mən keçən dəfə də bu məsələni qaldırdım. Amma heç bir nəticə yoxdur. Mən başa düşmürəm bu laqeydlikdir, yoxsa özlərini çətinliyə vermək istəmirlər?”

 

Deputat Qüdrət Həsənquliyev qaçqın və məcburi köçkünlər üçün xaricdən kredit götürülməsi məsələsinin anlaşılmaz olduğunu bildirib: “Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.

 

Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların maliyyələşdirilməsi məsələsinə baxılmalıdır: “Azərbaycanın əleyhinə işləyən qeyri-hökumət təşkilatlarının büdcəsi siyasi partiyaların büdcəsindən 5 dəfə çoxdur. Siyasi islahatların aparılmasını istəyiriksə, siyasi partiyaların büdcəsinə yenidən baxılmalıdır”.

 

Müzakirələrdə komitələrin sədrləri və üzvləri ilə yanaşı, maliyyə nazirinin müavini Azər Bayramov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova və digər rəsmi şəxslər iştirak edib. Komitələrin birgə iclası Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın sədrliyi ilə keçirilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT