Şəmkirdə qaz sızması partlayış törətdi - ANA VƏ OĞLU YARALANDI
17:16 – 13 Noyabr, 2017

Şəmkirdə yaşayış evində qaz sızması zamanı yaranan partlayış nəticəsində ana və övladı xəsarət alıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.

 

Kənd sakini, 45 yaşlı Məhbubə Nəriman qızı İskəndərli yaşadığı evdə qaz sobasını yandırmaq istəyən zaman partlayış olub. Hadisə zamanı mətbəxin divarı uçub və təzyiq qadını evdən çölə tullayıb. Partlayış zamanı yan otağın döşəməsi qalxıb və orada yatan 20 yaşlı Mehrab Elçin oğlu İskəndərli də xəsarət alıb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

 

İlkin ehtimala görə, partlayışa səbəb evin yaxınlığından keçən yeraltı qaz xəttində sızma  olmasıdır. Boru xətləri təmir olunmadığından, təbii qaz evin zirzəmisinə dolub və partlayış baş verib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT