Ərdoğan: "Rusiya və ABŞ hərbçilərini Suriyadan çıxarsın!"
18:24 – 13 Noyabr, 2017

"Suriya böhranının hərbi yolla həlli mümkün deyil deyənlər, oradan hərbçilərini çıxarsınlar".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Rusiyaya səfəri öncəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: "Mən bu ifadələri anlamaqda çətinlik çəkirəm. Hərbi yolla həll mümkün deyil deyirlər. Digər tərəfdən mərkəzi hökumətin bu ana qədər hərbi yolla öldürdüyü insan sayı bir milyona çatıb. Hərbi yolla mümkün deyilsə, o zaman hərbçilərini çəksinlər. Orda Türkiyənin hərbçisi yoxdur, onların var. Çəksinlər hərbçilərini, siyasi yollara əl atılsın".

 

Ərdoğan ABŞ-ın 2003-cü ildə İraqa qoşun yeritməsi məsələsinə də toxunub: "Biz İraqa ABŞ-ın girməsini istəməmişdik. Girdilər. "İraqda durmayacağıq" dedilər, boşaltdılarmı? Boşaltmadılar. Bəzi şeylər təəssüf ki, başqa cür söylənir, başqa cür həyata keçirilir. ABŞ-ın Suriyanın şimalında 5 aviabazası var. Biri də Rəqqada hazırlanır. 8 dənə də ayrıca bazası var. Bu 13 edir. Rusiyanın da 5 dənə var".

 

Türkiyə prezidenti Rusiya prezidenti ilə Dağlıq Qarabağ problemini də müzakirə edə biləcəyini açıqlayıb.

 

Qeyd edək ki, Asiya Sakit Okean İqtisadi İttifaqının Vyetnam paytaxtında keçirilən növbəti sammiti çərçivəsində ABŞ və Rusiya prezidentlərinin gizli görüşünün keçirildiyi və onların Suriya böhranın hərbi yolla həllinin mümkünsüzlüyü barədə ortaq fikir ifadə etdikləri bildirilir. 

X

XƏBƏRLƏR
BÖYÜT