Bakıda 1000 manata görə adam oğurladılar - TƏFƏRRÜAT
18:36 – 13 Noyabr, 2017

Bakıda adam oğurluğu cinayəti törətməkdə təqsirli bilinən cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, cari ilin noyabrın 8-də Bakı şəhər sakini Balabəy Məmmədov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, Binəqədi rayonunda qardaşları ilə birlikdə olarkən borcu olduğu Rövşən Əmirxanlı Rasim və Orxan adlı şəxslərlə birlikdə onların qarşını kəsib.

 

Qardaşları zorla maşına oturdub hədə-qorxu gəldikdən sonra onlar Akademik Həsən Əliyev küçəsində qardaşı Rüfət Kəngərlini girov götürərək özləri ilə aparıblar: "Dedilər, 1000 manat pul verməlisən. Dedim, indi yoxumdur. Dedilər, onda qardaşın bizimlə gedəcək. Əlindəki bıçağın arxası ilə başıma da vurdu". 

 

Qardaşının taleyindən narahat olan Məmmədov polisə müraciət edib. Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman Nərimanov başda olmaqla, əməliyyatçılar adı çəkilən şəxslərin kimliyini və harada yaşadıqlarını öyrəndikdən sonra Kəngərlinin girov saxlandığı yerə gediblər: "Məni burda saxladılar. Biri oturmuşdu yanımda, digəri isə bu çarpayıda yatmışdı. Gecə saat 3-ə kimi bu vəziyyətdə oturdum. Dedilər, qaçmağa cəhd belə göstərmə, hər yan burda bağlıdır. Pul verilməsə, səni öldürəcəyik".

.

İstintaqla müəyyən edilib ki, dəstənin başçısı əvvəllər dəfələrlə məhkum olunmuş Rasim Ramazanovdur. Digərləri isə Rövşən Əmirxanlı və Orxan Ağalıdır. Dəstə üzvləri R.Kəngərlini oğurlayandan sonra onu səhərə qədər R.Ramazanovun Biləcəri qəsəbəsində yerləşən kirayə yaşadığı evdə saxlayıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT