Şirvanda rabitə kabelləri oğurlandı - ABONENTLƏR İNTERNETSİZ QALIB
11:08 – 14 Noyabr, 2017

Şirvanda şəhər Telekommunikasiya Qovşağının rabitə quyularından rabitə kabelləri kəsilərək oğurlanıb.

 

Telekommunikasiya Qovşağından APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gecə Şirvan şəhərinin Heydər Əliyev prospekti və Vaqif  küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan qurğuşun və misdən ibarət 1000 tutumu olan ana xətt kabellərini kəsərək oğurlayıblar. Nəticədə Şirvan şəhərinin Bayramlı, Hacıqəhrəmanlı qəsəbələri və Köhnə şəhər massivinə daxil olan 1000-ə qədər abonentin stasionar rabitə xətti kəsilib. Kəsilən xətlər üzərindən istifadəçilərə internet verilişi də dayanıb.

 

Hazırda Şirvan şəhər Telekommunikasiya Qovşağının təmir-tikinti briqadası oğurlanan kabellərin bərpası ilə məşğuldur. Bildirilir ki, rabitə xətlərinin bərpa olunması bir həftəyə qədər mümkün olacaq. Qovşağa böyük məbləğdə maddi ziyan vurulub.

 

Kabelləri quyularda bərpa etmək mümkün olmadığından, quyunun hər iki tərəfində əlavə qazıntı işləri aparılır ki, kabellər orada əlavə quraşdırıcı vasitələrlə birləşdirilsin. Bu da işin həcminin artması və vaxt itkisi deməkdir.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb. Oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

X

XƏBƏRLƏR
BÖYÜT