Putin-Ərdoğan görüşü: nələr müzakirə edildi? - DETALLAR
11:48 – 14 Noyabr, 2017

Soçidə Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 4 saatdan çox davam edən görüşdə iki ölkə arasındakı münasibətlər, habelə regiondakı vəziyyət, əsasən də Suriya münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

 

Rusiya prezidenti bəyan edib ki, ölkələrarası münasibətlərin normallaşması yolunda ilk addım qarşılıqlı sanksiyaların aradan qaldırılmasıdır ki, artıq bu istiqamətdə fəaliyyət davam etdirilir.

 

Putin deyib ki, görülən tədbirlər nəticəsində Rusiya-Türkiyə münasibətləri əvvəlki səviyyədə bərpa olunub, qarşılıqlı ticarət dövriyyəsi isə 36 faizədək artıb.

 

Kreml rəhbəri həmçinin yaxın zamanda rusiyalı mütəxəssislərin Türkiyədə "Akkuyu" Atom-Elektrik stansiyasının inşasına başlayacağını da bildirib. Onun sözlərinə görə, stansiyanın ilk reaktoru 2023-cü ildə işə düşəcək.

 

Görüşdə Suriya böhranı da detallı şəkildə müzakirə olunub. Rusiya prezidenti türk həmkarını ölkəsi ilə ABŞ-ın bu məsələdəki birgə bəyanatından xəbərdar edib, Ərdoğan isə bunu mühüm irəliləyiş, habelə məsələnin siyasi həlli prosesində proqressiv addım kimi dəyərləndirib. Vladimir Putin bildirib ki, terrorizmlə mübarizə məsələsində hər iki ölkə ortaq mövqe ifadə edib və bu istiqamətdə səylər İŞİD tam məhv edilənədək davam etdiriləcək.

 

Kreml rəhbəri həmçinin Ərdoğanla ikitərəfli qeyri-formal görüşlərin bundan sonra da davam etdiriləcəyinə diqqət çəkib.

 

Danışıqlarda növbəti müzakirə predmeti ixraca qoyulan məhdudiyyət və vizasız rejimin tətbiqi məsələləri olub.

 

Görüş zamanı liderlər həmçinin "S-400" zenit-raket kompleksinin alınmasına dair müqavilənin imzalandığı, habelə ilkin məbləğin artıq Rusiyanın hesabına köçürüldüyünü də qeyd ediblər. 

X

XƏBƏRLƏR
BÖYÜT