Vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adı açıqlandı
15:13 – 14 Noyabr, 2017

"Dövlət qulluqçularının reyestrinin aktuallığının vaxtında təmin edilməməsinə görə məsul şəxsləri 400 manatdan 700 manata qədər cərimə gözləyir". APA TV-nin xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov deyib.

 

Onun sözlərinə görə, dövlət orqanlarının reyestrinin aparılması üçün məsul şəxslər təyin edilir. Dövlət qulluqçularının reyestri internet üzərindən işlənilir və istənilən orqandan oradakı bazanı görürlər.

 

Vəfadar Misirov qeyd edib ki, oradakı məlumatlar daim yenilənməlidir. Bu reyestrin aktuallığını təmin etməyən həmin məsul şəxslər cərimələnəcəklər. Çünki müəyyən dövlət orqanlarında bu məsələ ilə bağlı ləngimələr var: "Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı işlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Hesab edirəm ki, bu işlər yaxın vaxtlarda sürətləndiriləcək. Reyestrdə olan məlumata görə, adıçəkilən nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Ona görə də dövlət orqanları reyestrin aktuallığını təmin etməlidir ki, məlumatlar yenilənsin. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer mövcuddur. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən çox vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq boş yer də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar". 

 

Qeyd olunub ki, dövlət orqanları dövlət qulluğu ilə bağlı müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim edib. Müsabiqəyə inzibati rəhbər vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) 814 vakant vəzifə təqdim olunub. Ən çox vakansiya Kənd Təsərrüfatı Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113 vakant vəzifə) və Statistika Komitəsi (122 vakant vəzifə) tərəfindən təqdim edilib. Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək sertifikat əldə edən şəxslər həmin vəzifələr üzrə müsahibələrdə də iştirak edə biləcəklər.

 

Dövlət qulluğuna qəbul üçün yeni test bankı da hazırlanıb. Əvvəlki qəbul imtahanlarından fərqli olaraq, yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onu Azərbaycan dili bloku əvəzləyib. Bundan başqa, əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçirilir. Həmçinin dövlət qulluğunda yüksəliş üçün ümumi müsahibə də nəzərdə tutulub.

 

DİM-in bazasında ləğv olunmuş dövlət orqanlarında çalışmış 333 namizəd ehtiyat kadr kimi saxlanılır. Ehtiyatda olanlardan artıq 44 nəfər vəzifəyə təyinat alıb.

 

Qeyd edək ki, DİM noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr olan AA, AB və AC, dekabrın 17-də isə inzibati icraçı vəzifələr olan BA və BB vəzifə qrupları üzrə test imtahanları keçirəcək. Eyni zamanda mərkəz tərəfindən noyabrın 15, 22, 29-da və dekabrın 2, 6, 13-də dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə sınaq imtahanları keçiriləcək.

X

XƏBƏRLƏR
BÖYÜT