Şamaxıda keçmiş məhkum ögey anasını qətlə yetirdi - MEYİTİ QUYUYA ATDI
16:09 – 14 Noyabr, 2017

Şamaxı rayonunda qətl hadisəsi törədilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Azadlıq küçəsindəki 52 saylı mənzildə qeydə alınıb.

 

Həmin evdə yaşayan 1960-cı il təvəllüdlü Badam Abduləli qızı Bağırova öldürülüb və öz həyətində torpağa basdırılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, hadisəni bir neçə il əvvəl dünyasını dəyişən ev sahibi Hacı Bağırovun ilk nikahından olan oğlu, 1957-ci il təvəllüdlü Rəhim Hacı oğlu Bağırov törədib. O, qadını amansızlıqla qətlə yetirdikdən sonra meyitini yaşadığı evin həyətindəki köhnə su quyusuna atıb, daha sonra quyunun üstünə daş və torpaq, ağac atılıb.

 

Badam Bağırova Hacı Bağırovun ikinci arvadı olub və birgə nikahlarından bir övladı var. Hacı Bağırov dünyasını dəyişsə də, hər iki qadın öz övladları ilə birgə eyni həyətdə yaşayır. Mərhum Badam Bağırovanın övladı dünən məktəbdən evə gəldikdən sonra anasını tapmayıb. O, axşama kimi anasını axtarıb və itkin düşməsi barədə polis əməkdaşlarına məlumat verib. Ötən gün axşam saatlarında Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən Badam Bağırovanın meyitini yaşadığı evin həyətindəki köhnə su quyusundan, torpağın altından çıxararaq müayinə üçün Respublika Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil veriblər.

 

Qətli törədən Rəhim Bağırov saxlanılaraq istintaqa təhvil verilib. O, 8 il məhkumluq həyatı yaşayıb və bu yaxınlarda həbsxanadan çıxmışdı.

 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT