Prezident İlham Əliyev: "Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb"
18:38 – 14 Noyabr, 2017

Noyabrın 14-də Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimi keçirilib.

 

APA TV xəbər verir ki, Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev mərasimdə iştirak və çıxış edib.

 

Yeni Azərbaycan Partiyasının bütün üzvlərini partiyanın qarşıdan gələn 25-ci ildönümü münasibətilə ürəkdən təbrik edən prezident İlham Əliyev xatırladıb ki, 25 il əvvəl ulu öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilib:

 

"Bu, doğrudan da tarixi bir hadisə, müasir Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. O vaxt 91 vətənpərvər insan bu tarixi missiyanı öz üzərinə götürüb Heydər Əliyevə müraciət göndərmişdi. Onların bu əməyi Azərbaycan tarixində öz layiqli yerini tutdu və partiyamızın yaradılması ölkəmizdə gedən xoşagəlməz proseslərin gələcəkdə qarşısının alınmasında xüsusi rol oynadı".

 

Prezident qeyd edib ki, Heydər Əliyev Naxçıvanda işləyərkən müstəqilliyə gedən yolu açdı:

 

"Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmiş və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdı. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı. Ona görə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurət idi".

 

Prezident ötən 14 il ərzində Azərbaycanın ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qaldığının qeyd edib:

 

"Bu gün Azərbaycan güclü ölkəyə çevrilib. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Görülən işlər göz qabağındadır. Bu 14 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb".

 

“Biz hərbi gücümüzü daha da artıracağıq. Buna böyük dərəcədə nail ola bilmişik” - deyən İlham Əliyev qeyd edib ki, beynəlxalq reytinqlərə görə, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır:

 

“Bundan sonra da ordumuza nə qədər vəsait, texnika lazımdırsa, o qədər də ayrılacaq. Heç bir məhdudiyyət olmayacaq. Hərbi gücümüz eyni zamanda torpaqlarımızın azad olunmasında və ərazi bütövlüyümüzün bərpasında öz rolunu oynayacaq və oynayır. Aprel döyüşləri, torpaqlarımızın bir hissəsinin, xüsusilə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsinin işğalçılardan azad edilməsi ordumuzun gücünü bütün dünyaya göstərmişdir. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, Azərbaycan xalqının, əsgərinin gücünü göstərdi. Göstərdi ki, Azərbaycan dövləti və xalqı heç vaxt işğalla barışmayacaq, nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü bərpa edəcək”.

 

"Azərbaycanda bundan sonra da sabitlik təmin ediləcək" deyən dövlət başçısı qeyd edib ki, Azərbaycanda azadlıqlara heç bir məhdudiyyət yoxdur: “Sərbəst toplaşma azadlığı, söz azadlığı, bütün digər azadlıqlar Azərbaycanda tam şəkildə təmin edilir və təmin ediləcək. Demokratiyaya bizim bağlılığımız hansısa təşkilata xoş gəlmək üçün deyil, biz bunu şüurlu surətdə edirik ki, ölkəmiz hərtərəfli şəkildə inkişaf etsin. Çünki iqtisadi islahatlar siyasi islahatlarla paralel aparılmalıdır”.

 

Azərbaycan prezidenti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində bundan sonra da ardıcıl siyasət aparılacağını deyib.

X

XƏBƏRLƏR
BÖYÜT