Əcnəbi dillərdən dilimizə keçən sözlərin mənasını bilirikmi? - MÜZAKİRƏ
14:21 – 22 Noyabr, 2017

Ana dilimiz necə qoruyuruq? Bu gün ana dilimiz necə inkişaf edir? Əcnəbi dillərdən dilimizə keçən sözlərin mənasını bilirikmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında ana dilimizin bugünkü problemləri müzakirə edilib.

 

Filologiya elmləri doktoru Buludxan Xəlilov deyib ki,  Prezident İlham Əliyev tərəfindən Dövlət Dil Komissiyasının yeni tərkibinin müəyyən edilməsi mütərəqqi hadisədir: "Rəqabət dünyasının tələbləri dilin qarşısına tamam yeni tələblər qoyur. Bu tələblər zamanla ayaqlaşırsa, dil inkişaf edəcək, bu rəqabətə dözəcək. Zamanın tələbi ilə ayaqlaşmaq üçün dil komissiyasına ehtiyac var". B.Xəlilov hesab edir ki, Azərbaycan dilinin ən böyük problemi ondan necə istifadə etməyimizdədir.

 

Şair, tədqiqatçı Əkbər Qoşalı hesab edir ki, lüğət tərkibimizə təklif edilən yeni sözlərə "lağ" edənlərin əksəriyyəti, əcnəbi dillərdən dilimizə keçən və gündəlik işlətdikləri sözlərin mənasını bilmirlər. "Vaxtilə dilimizə daxil olmuş sözlər, xalqın istəyi ilə olmayıb" - Əkbər Qoşalı belə deyib.   

 

Aparıcı, nitq mədəniyyəti üzrə mütəxəssis Cəlalə Nəzəroğlu Terminologiya komissiyasının təklif etdiyi bəzi sözlərə münasibət bildirib: "Orada bir proqnoz sözü də vardı, öncəgörmə kimi qeyd edilmişdi. Bu məntiqlə yanaşsaq, onda gərək Terminologiya komissiyasının da adını  dəyişək. Termin və komissiya latın sözləridir. Bu şəkildə olmaz məncə".

 

Publisist Mahir Qabiloğlu hesab edir ki, kimsə dükan açıb, adını market qoyursa, icra hakimiyyətlərində bu hüquqi baxımdan tənzimlənməlidir. M.Qabiloğluya görə dilimizi özümüz "zibilləyirik".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.    

X

XƏBƏRLƏR
BÖYÜT