Musiqimiz "harayə" gedir?
14:15 – 27 Noyabr, 2017

Bir neçə gün bundan əvvəl gənc ifaçı Vüsal Rzasoyun "Ayə haraya gedirsən?" mahnısı sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Bu mahnıya hətta millət vəkilləri səviyyəsində belə münasibət bildirildi.  Bəs ifaçının ləhcəsi ilə desək əslində musiqimiz "harayə" gedir?  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında maraqlı müzakirə aparılıb.

 

Şair Ehtiram İlham hesab edir ki, Vüsal Rzasoy mahnının sözlərini düzgün seçməyib: "Bunu hətta sufilik dərəcəsinə də qaldırırlar. Ayıbdır. Bəlkə normal bir mətn götürə bilərdi. Məsələn Abbas Tufarqanlının balaca bir gəraylısını götürə bilərdi".

 

Yazıçı Cavid Zeynallı isə deyib ki, əslində Vüsalın Abbas Tufarqanlıya müraciət etməməsi fakt kimi maraqlıdır. Yazıçı həm də Vüsal Rzasoyu qınayanlara da münasibət bildirib: "İnsan sadəcə olaraq musiqi ifadə edib, öz yaradıcılığını göstərməyə cəhd edib. 30 yaşı var, adam Azərbaycanda rok qrupunun üzvü olub, eyni zamanda Litvaya gedib və orada şəxsi  rok qrupunu yaradıb".

 

Yazar Aliyə Dadaşova hesab edir ki, ifanın məşhurlaşmasına səbəb ləhcədir: "Sənətin özündə də zaman-zaman elə məqamlar olub ki, onun insanlara yaxınlaşması üçün belə aksiyalar yaranıb".

 

Ləhcə məsələsinə münasibət bildirən Cavid Zeynallı deyib ki, muğam ifaçılarımızın əksəriyyətində ləhcəyə rast gəlmək mümkündür: "Qarabağ məktəbində də bu hiss olunur. Bu ləhcədir, bundan qaçmaq olmaz".

 

Verilişin kiçik yaşlı qonağı, Vüsal Rzasoydan ilhamlanan İlham Hüseynov, həmin məşhur mahnını özünəməxsus tərzdə və bir qədər fərqli sözlərlə ifa edib. 

 

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.     

X

XƏBƏRLƏR
BÖYÜT