BOK-dan Rusiyaya ağır zərbə: "Olimpiadada "təmiz" idmançılar iştirak edə bilər"
09:40 – 06 Dekabr, 2017

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. APA TV-nin “RBK”-ya istinadən verdiyi xəbərə görə, bu barədə BOK-un saytında dərc olunmuş məlumatda bildirilir.

Məlumata görə, Oyunlarda olimpiya bayrağı altında yalnız “təmiz” (doppinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə biləcək. Məlumatda qeyd olunub ki, Rusiya bayrağı, “Rusiya” yazısı daxil olmaqla, bu ölkəyə dair istənilən atributun nümayiş etdirilməsi qadağan olunub. Bundan başqa, rusiyalı idmançılara dövlət himnini səsləndirməyə qadağa qoyulub.

BOK-un relizində qeyd olunur ki, rusiyalılar rəsmi olaraq “Rusiyadan gəlmiş olimpiya idmançıları” kimi təqdim edilə bilərlər: “Onlar üzərində bu sözlər yazılmış geyimdə və Olimpiya bayrağı altında çıxış edə bilərlər. Mərasimlərdə isə, Rusiyanın yox, Olimpiadanın himni səsləndiriləcək”, - deyə məlumatda bildirilir.

Rusiyanın İdman Nazirliyinin heç bir nümayəndəsi Olimpiadada akkreditasiya edilməyib.

BOK-un İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası zamanı iki komissiya rəhbərinin hesabatı dinlənilib. Onlardan biri Olimpiada-2014-də iştirak etmiş rusiyalı idmançıların doppinq testlərinin təkrar yoxlanılması ilə məşğul olub. Bu komissiyanın fəaliyyəti nəticəsində Rusiya Soçi Olimpiadasında əldə etdiyi 33 medaldan 11-dən məhrum edilib və nəticədə medal hesabında birinciliyi itirib.

İkinci komissiya isə Rusiya hakimiyyətinin dövlət antidoppinq sisteminin işinə müdaxilə etməsini araşdırıb. İclasda qəbul edilən qərara əsasən, Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Anti-doppinq Komissiyasına (ITA) 15 mln. dollar ödəməli olacaq.

X

XƏBƏRLƏR
BÖYÜT