Azərbaycanın Bolqarıstandakı səfirliyi xeyriyyə bazarında iştirak edib
14:41 – 06 Dekabr, 2017

Hər il dekabr ayının ilk bazar günü Sofiyada Beynəlxalq Qadınlar Klubu tərəfindən xeyriyyə bazarı təşkil olunur.

 

Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA TV-yə verilən məlumata görə, xeyriyyə bazarı iştirakçı ölkələrə öz mədəniyyət və adət-ənənələrini, musiqi, folklor, milli mətbəx, libas, ədəbiyyat və əl işlərini nümayiş etdirməyə imkan verir.

 

1989-cu ildə yaradılan və Bolqarıstanda diplomatik və biznes dairələrdə fəaliyyət göstərən əcnəbi qadınları bir araya gətirən Klub müxtəlif tədbirlər həyata keçirir. Xeyriyyə bazarı əhatə dairəsi, iştirakçıların sayı və nüfuzuna görə Klub tərəfindən təşkil olunan ən böyük tədbir hesab olunur. Tədbirdə Bolqarıstanda akkreditə olunan diplomatik nümayəndəliklərlə yanaşı, müxtəlif assosiasiyalar, fondlar və şirkət nümayəndələri də iştirak edir. Xeyriyyə məqsədi daşıyan bazardan əldə olunan vəsaitlər Klubun xeyriyyə məqsədli layihələrinə sərf olunur. Bazar iştirakçı ölkələrin mədəniyyəti və turizm potensialının təşviq edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

 

3 dekabr tarixində təşkil olunmuş sayca 23-cü xeyriyyə bazarında Azərbaycanın Bolqarıstandakı səfirliyi ölkəmizi təmsil edib. Bazarda iştirak edən səfirlik əməkdaşları milli mətbəximizin ləziz nümunələrini, xalqımızın mədəniyyəti, tarixi irsi, milli geyimlərini, ölkəmizin turizm potensialını nümayiş etdirib. Tədbir iştirakçılarına ölkəmizin mədəniyyəti, turizm və ixrac potensialının təbliği məqsədilə müxtəlif broşür, buklet, Azərbaycanın turistik məkanlarının əks olunduğu xəritələr və s. paylanılıb. Azərbaycan mədəniyyətinin ayrı-ayrı istiqamətləri və ölkəmizin turizm potensialına həsr edilmiş jurnal və nəşrlər iştirakçıların marağına səbəb olub.

 

Tədbir iştirakçılarının əksəriyyəti daha əvvəllər Azərbaycanın paytaxtı Bakıya səfər etdiklərini söyləyib, paytaxtımızla bağlı xoş təəssüratlarını bildiriblər. Qonaqlar Azərbaycan milli mətbəxinin səfirlik tərəfindən təqdim olunmuş nümunələrini dadıblar. Həmçinin “Made in Azerbaijan” brendinin təbliği məqsədilə Azərbaycan stendində AZNAR şirkətinin istehsalı olan “Grante” nar şirələri və narşərabları nümayiş olunub və iştirakçılar tərəfindən böyük həvəslə alınıb.

 

Səfirlik satışdan əldə edilən vəsaiti Bolqarıstanda həssas təbəqələrdən olan insanlara yardım məqsədilə tədbirin təşkilatçısına - Beynəlxalq Qadınlar Klubuna təhvil verib.

 

Ölkəmizin xeyriyyə bazarında iştirakı Bolqarıstan KİV-ləri tərəfindən işıqlandırılıb. Bolqarıstanın aparıcı xəbər agentliklərindən olan “Focus” xəbər agentliyinin internet səhifəsində Azərbaycan stendi barədə məqalə yerləşdirilib və səfir Nərgiz Qurbanovanın xeyriyyə bazarı ilə bağlı müsahibəsi yer alıb.

X

XƏBƏRLƏR
BÖYÜT