Polis rəisi: "Nardarana aidiyyəti olmayan bir qrup burda o hadisələri törətdi"
17:46 – 06 Dekabr, 2017

Sabunçu rayonu Nardaran qəsəbəsindəki 295 saylı tam orta məktəbdə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" və "Erkən nikaha "yox" deyək!" mövzularında tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə 100-ə qədər müəllim və şagird heyəti, Sabunçu RPİ-nin zabit heyəti, Rayon İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak edib.

 

Əvvəlcə "Narkomaniya bəşəriyyətin bəlasıdır!" adlı sənədli filmə baxılıb.

 

Çıxış edənlər gənclərin siqaretə, narkotikə meylli olmasının, azyaşlı qızların erkən evliliyinin qarşısı alınmasının vacibliyini vurğulayıb.

 

Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov bildirib ki, ölkə prezidenti və hüquq-mühafizə orqanları orta məktəblərdə maarifləndirmə işinin genişləndirilməsini istəyir. Çünki yalnız bu yolla gənclərimizin narkotik vasitələrdən gələn bəladan qorunması mümkün olar: "Siz çox saf, ağ kağız kimi şəffaf, saf ürəkli, dürüst düşüncəli, formalaşmaqda olan insanlarsınız. Təbii ki, sizi yaxşı yola da, bəd əməlli insanlar pis yola da çəkə bilər. Amma biz yaxşılardan nümunə götürməliyik".

 

Polis rəisi 26 noyabr 2015-ci ildə Nardaran qəsəbəsində baş verən silahlı qarşıdurmanı xatırladaraq qeyd edib ki, belə hadisələrin baş verməməsi üçün maarifləndirmə işləri aparılmalıdır: "Nardarana aidiyyəti olmayan bir qrup gəlib burda o hadisələri törətdi. Onların içərisində axtarışda olanlar, narkomanlar, anadan-atadan küsmüş insanlar, şərəf-ləyaqətini itirmiş insanlar toplanmışdı bura ki, guya nardaranlılar etiraz edir. Əslində nardaranlıların özləri belə onların əsirinə, girovuna çevrilmişdilər".

 

Çıxışlar zamanı ötən il 295 saylı məktəbin 27 şagirdinin ali məktəbə qəbul olduğu bildirilib. Xüsusilə bu kənddə qızların dərsə davamiyyətinin 100 faiz olması yaxşı hal kimi vurğulanıb.

 

Bölmə rəisi Əli Babayev gənclərin narkotik aludəçiliyinin bütün dünyada olduğu kimi, Azərbaycanda da ciddi problem olduğunu bildirib: "Cari ilin 9 ayı ərzində narkotik maddələrlə mübarizə sahəsində cinayət məsuliyyətinə 1955 nəfər cəlb olunub ki, onlardan 4-ü 18 yaşa qədər, 154-ü 18-25 yaş, 1516-sı 30 yaşdan yuxarı şəxslər, 1926-sı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici vətəndaşlar olub".

 

Tədbirin sonunda şagirdlərin suallarına cavab verilib.

X

XƏBƏRLƏR
BÖYÜT