Azərbaycan Gimnastika Federasiyasının baş katibi istefaya gedir
18:11 – 06 Dekabr, 2017

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov vəzifəsindən gedir.

 

APA TV-nin məlumatına görə, buna səbəb onun Avropa Gimnastika İttifaqının prezidenti seçilməsidir.

 

UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində təşkil edilən səsvermədə həmyerlimiz səs çoxluğu ilə bu vəzifəyə layiq görülüb. Beləliklə, quruma növbəti dörd ildə məhz Fərid Qayıbov rəhbərlik edəcək.

 

Bu gün keçirilən mətbuat konfransında MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmanın Avropa qitəsində yüksək inkişaf mərhələsində olduğunu  vurğulayıb. Azərbaycan da Avropa ölkələri arasında idman sahəsində, xüsusilə də gimnastikadakı uğurları ilə fərqlənir: “2017-ci il Azərbaycan idmanı üçün çox uğurlu il olub. Mən deyərdim, gimnastikada medalların 90 faizi Avropa ölkələri tərəfindən qazanılır. Avropa idmanın inkişafına ən çox töhfə verən qitədir. Bu halda qitə üzrə federasiyanın prezidenti olmaq çox şərəflidir. Əminəm ki, Fərid müəllim bu işin öhdəsindən gələcək”.

 

AGF-in vitse-prezidenti Altay Həsənov federasiyanın baş katib vəzifəsinə iki namizədin olduğunu bildirib: “Bizim federasiyada sistem var. Fərid elə sistem yaradıb ki, getsə də, iş davam edəcək. Namizədlər çoxdur. Ayın axırına qədər gözləyin. Sistemi kiminlə davam etdirməklə bağlı götür-qoy etməliyik”.

 

Avropa Gimnastika İttifaqının yeni prezidenti Fərid Qayıbov Bakının gimnastika paytaxtlarından biri kimi qəbul olduğunu deyib. Buna görə də o, Avropada ölkəmizi layiqincə təmsil edəcəyini açıqlayıb. 

 

X

XƏBƏRLƏR
BÖYÜT