Lənkəranın işıqforları söndürüldü - BORCA GÖRƏ
18:40 – 06 Dekabr, 2017

Lənkəranda bir neçə gündür şəhərin müxtəlif ərazisində işıqforlar işləmir. APA TV-nin cənub bürosunun xəbərinə görə, əsas magistral yollarda işıqforların fəaliyyətinin dayandırılması avtomobillərin və piyadaların hərəkətində çətinliklər yaradır.

 

Bəzi məktəblərin və uşaq bağçalarının yolun kənarında yerləşməsi səbəbindən dərs bitdikdən sonra məktəbdən çıxan şagirdlər və bağçadan çıxan uşaqlar üçün təhlükəli vəziyyət yaranır.

 

Sakinlərin və sürücülərin haqlı narazılığına səbəb olan bu vəziyyət günlərdir davam edir. Mövzunu araşdırdıqda o da məlum olub ki, işıqforların fəaliyyətini dayandırmasına səbəb Lənkəran Regional Siqnal İdarəsinin Lənkəran Elektrik Şəbəkəsinə olan borcu olub. Elektrik şəbəkəsindən bildirilib ki, cənub bölgəsi üzrə yol ayrıclarında ümumilikdə 90 işıqfor fəaliyyət göstərir. Bu işıqforların da 40-ı Lənkəran şəhərinin payına düşür. Həmin işıqforlara 1 ay müddətində 170-172 kVt saat elektrik enerjisi sərf olunur. Bunun bir ay müddətində ödənişi isə 1380 manat təşkil edir.

 

Lakin son bir neçə ayda Siqnal İdarəsi tərəfindən bu məbləğ ödənilməyib. Bununla bağlı dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə olunmayıb. Elektrik şəbəkəsi də bununla akt tərtib edərək həmin idarəyə göndərib və 15 işıqforun enerjisi kəsilib.

 

Məsələ ilə bağlı Lənkəran Regional Siqnal İdarəsinin əməkdaşı Mirdadaş Baxşıyev şifahi olaraq bildirib ki, problemlə bağlı akt tərtib edilərək baş idarəyə göndərilib. Məsələ onların verəcəyi qərardan asılı olaraq həll olunacaq.

 

Onu da qeyd edək ki, Lənkəran Regional Siqnal İdarəsi Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarını əhatə edir.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT