Xəzər belə bölünəcək - 21 İLLİK DANIŞIQLAR BAŞA ÇATDI
19:13 – 06 Dekabr, 2017

"Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsi faktiki olaraq razılaşdırılıb. Lavrovun da dediyi kimi, 20 illik danışıqların uğurla başa çatdığını söyləyə bilərik". APA TV-nin xəbərinə görə, bunu xarici işlər nazirinin müavini, Xəzərin hüquqi statusuna dair işçi qrupunun Azərbaycandan olan üzvü Xələf Xələfov deyib.

 

O bildirib ki, hüquqi və texniki prosedur aparıldıqdan sonra sənəd imzalanması üçün sammitdə prezidentlərə təqdim edilə bilər: "Bir çox ölkənin məsələyə yanaşmasında zaman-zaman böyük fərqlər meydana çıxıb. Dövlət başçıları tərəfindən verilən impulslar nəticəsində 21 il müddətində belə bir nailiyyət əldə etmişik. Bu, daimi sənəd olacaq və ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək. Bu konvensiya heç bir dövlətə üstünlük hüquqi vermir və bərabər davranış qaydalarını təmin edir".

 

Xələf Xələfov deyib ki, Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlar davam edəcək və müvafiq sazişlər hazırlanacaq.

 

Xələf Xələfov əlavə edib ki, delimitasiya müzakirə edildikdə, neft yataqlarının müzakirəsi məhsuldar deyil: "Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar".

 

Konvensiyaya əsasən, Xəzərin su səthində 15 mil məsafədə su zonası, 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələrin isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.

 

Nazir müavini qeyd edib ki, dənizin dibi tamamilə üzbəüz və yanakı dövlətlər üçün sektoral bölünür: "Ümumi istifadə nəzərdə tutulmur. Boru kəmərlərinin çəkilməsi ilə bağlı hüquqlar təsbit olunub. Borular çəkilərkən hansı ölkənin sektorundan keçəcəksə, həmin ölkə ilə ikitərəfli əsasda razılaşdırılacaq. Dənizlərin sektorlara bölünməsi ilə bağlı beynəlxalq hüququn müvafiq anlayışları var. Burada materik və materik ərazisinin davamı olaraq adalar da nəzərə alınır. Ölkələrin sərhədindən, sərhədin uzunluğundan asılı olaraq, razılaşdırılmış metod əsasında bölgü aparılacaq".

 

X.Xələfov bildirib ki, Konvensiyada Xəzər dənizində gəmiçilik məsələləri, tərəflərin bir-birinə xələl gətirməyən hərbi balansının qorunması əsas götürülür.

X

XƏBƏRLƏR
BÖYÜT