Avropa və islam dünyası Trampa qarşı birləşdi: “Məsuzliyyətsiz!”
12:17 – 07 Dekabr, 2017

Rəsmi Ər-Riyad Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürülməsinə dair bəyanatlarını məsuliyyətsiz adlandıraraq qərara yenidən baxmağa çağırıb.

 

APA TV-nin məlumatına görə, bu barədə "Al Arabiya" telekanalı məlumat verib.

 

"ABŞ-ın məsuliyyətsiz və əsassız qərarı eyni zamanda fələstinlilərə qarşı qərəz nümayiş etdirir" - deyə, məlumatda qeyd olunub. 

İran Xarici İşlər Nazirliyi isə Qüdsün ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınmasını, ABŞ prezidentinin bu ölkənin səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını qətiyyətlə pisləyib və bu addımı beynəlxalq qətnamələrin pozulması kimi qiymətləndirib.

 

Nazirliyin bəyanatında bildirilib ki, müsəlmanların ilk qibləsi Məscid-i-Əqsanın yerləşdiyi Qüds şəhəri  Fələstinin ayrılmaz parçasıdır və müsəlmanlar üçün xüsusi özəlliyə malikdir. 

 

"İran İslam Respublikası Fələstin xalqı ilə həmrəy olduğunu bildirərək, bir daha beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin Fələstinin və Qüdsün  işğalına son qoymaq üçün, eləcə də Fələstin xalqının əsaslı hüquqlarının təmini məsuliyyətini dərk etməyə çağırır" - deyə, bəyanatda deyilir.


Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonun Qüdsə dair qərarını məsuliyyətsiz adlandırıb. Diplomat bu barədə "Twitter" səhifəsində yazıb.

 

"Biz ABŞ administrasiyasının Qüdsün İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə dair məsuliyyətsiz bəyanatlarını pisləyirik. Bu qərar beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə ziddir" - deyə, M.Çavuşoğlu qeyd edib. 

 

Böyük Britaniyanın baş naziri Tereza Mey də Qüdsün İsrailin paytaxtı kimi tanınması ilə razı olmadığını deyib.

 

"Biz ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması və səfirliyinin Qüdsə köçürülməsi ilə razı deyilik.  Hesab edirik ki, qərar regionda nizamlanma prosesi baxımından faydalı olmayacaq. Böyük Britaniyanın İsraildəki səfirliyi Təl-Əvivdə yerləşir və onun köçürülməsi planlarımıza daxil deyil". 

Həmçinin Almaniya kansleri Angela Merkel ABŞ lideri Donald Trampun Qüdslə bağlı qərarını dəstəkləmir.

 

Bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert bəyan edib.

 

"Almaniya hökuməti və kansler ABŞ-ın mövqeyini dəstəkləmir. Çünki Qüdsün statusu "iki dövlət formulu" çərçivəsində müzakirə edilməlidir" - deyə, Ş.Zaybert qeyd edib. 


Fələstin isə İsrail ilə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edib.

 

Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib ki, Trampın belə bir addım atacağına son ana qədər inanmayıb.

 

"Düşünürəm ki, bu regiona xaos və cəhənnəmə qərq edəcək. Hər bir fələstinli kimi, ərəb dünyası liderlərindən heç biri bu qərarı qəbul etməyəcək".

 

Diplomat Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını düşüncəsiz hərəkət adlandırıb.

 

"Bu səbəbdən Fələstin olaraq biz İsrail ilə sülh prosesi üzrə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edirik" - deyə, Əbdül Hafiz Nofəl bəyan edib.

 

X

XƏBƏRLƏR
BÖYÜT