Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyası keçirilib
12:22 – 07 Dekabr, 2017

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti 27 noyabr - 06 dekabr tarixlərində Beynəlxalq Dəniz Təşkilatının 30-cu Assambleyasının sessiyasında iştirak edib.

 

Beynəlxalq Dəniz Təşkilatının Londonda yerləşən mənzil-qərargahında keçirilən iclasda Assambleyanın prezidenti və vitse-prezidentləri seçilib, etimadnamə komitəsi və digər komitələr yaradılıb, Beynəlxalq Dəniz Təşkilatının Şurasının və digər komitələrinin 2017-ci il ərzində keçirilən sessiyalarının yekunları barədə məruzələr dinlənilib.

 

Tədbirdə Azərbaycan Dövlət Dəniz Administrasiyasında keçirdiyi audit yoxlamasının uğurlu nəticələri ilə bağlı nümayəndə heyətinin rəhbəri Qüdrət Qurbanov çıxış edib. O bildirib ki, audit yoxlamanın nəticələrinə əsasən Azərbaycan 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq, statistika üzrə ön sırada yer tutub. Audit Ekspert Qrupunun keçirdiyi audit yoxlamasının müsbət nəticələri Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğun olaraq yüksək səviyyədə təşkil olunması barədə fikir yürütməyə əsas verir.

 

Çıxışdan sonra Belarus və Ukrayna təmsilçiləri Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini və tezliklə geniş nümayəndə heyəti ilə ölkəmizə səfər edəcəklərini bildiriblər.

 

İclasda 2017-ci ildə keçirilən digər audit  yoxlamaların nəticələrinə dair məlumatlar verilib, Beynəlxalq Dəniz Təşkilatına üzv olan 172 dövlətin hesabatı, Beynəlxalq Dəniz Təşkilatının təlim – tədris mərkəzlərinin hesabatları, 2016 və 2017-ci illərdə qeyd edilən “Beynəlxalq Dənizçi Günü” ilə əlaqədar hesabatlar dinlənilib.

 

İclasda Beynəlxalq Dəniz Təşkilatının baş katibi olmuş cənab Koji Sekimizuya  2016-cı il üçün nüfuzlu Beynəlxalq Dəniz Mükafatı təqdim edilib. Mükafatı Beynəlxalq Dəniz Təşkilatın Baş Katibi Kitak Lim təqdim edib.

 

Assambleyanın iclasının gedişində Beynəlxalq Dəniz Təşkilatı Şurasına növbəti iki illik müddətə seçkilər keçirilib. Nəticələrə əsasən, A kateqoriyası üzrə 10, B kateqoriyası üzrə 10, C kateqoriyası üzrə 20 dövlət Şuraya seçilib.

X

XƏBƏRLƏR
BÖYÜT