ABŞ-da benzin ehtiyatı artdı, neft kəskin ucuzlaşır
12:31 – 07 Dekabr, 2017

ABŞ-ın neft ehtiyatlarının həcminə dair rəsmi statistik məlumatlar qiymətlərin kəskin ucuzlaşmasına səbəb olub.

 

APA TV-nin məlumatına görə, son 24 saat ərzində “Brent” markalı neftin qiyməti 2 dollaradək ucuzlaşıb, Qərbi Texas nefti isə 1,5 dollar dəyər itirib. Hazırda “Brent” neftinin bir bareli 61,30 dollara, WTİ nefti isə 56 dollara satılır.

 

ABŞ Energetika Nazirliyi ötən həftə ölkənin kommersiya neft ehtiyatlarının həcminin 5,6 milyon barel azaldığını açıqlayıb. Hazırda ölkənin 448,1 milyon barel kommersiya neft ehtiyatı qalıb. “Reuters” agentliyinin keçirdiyi sorğuya qatılan ekspertlər azalmanın 3,4 milyon barel olacağını proqnozlaşdırırdı. Ölkənin benzin ehtiyatları isə gözlənilən 2,55 milyon barel əvəzinə 6,78 milyon barel artıb. Hazırda ABŞ-da 220 milyon barel benzin ehtiyatı toplanıb ki, bu da ölkədə xam neftə tələbatın azalacağını göstərir. Digər tərəfdən ölkədə gündəlik hasilatın 9,7 milyon barelə çatması da tələbatı azaltmış olur.

 

Bu səbəbdən birjalarda neft təxminən 2 dollara yaxın dəyər itirib. Ucuzlaşmanın həftənin son ticarət sessiyalarına kimi davam edəcəyi proqnozlaşdırılır. Sabah ABŞ-da hasilata cəlb olunan buruqların sayına dair növbəti həftəlik hesabat açıqlanacaq. Həftə ərzində ölkədə gündəlik hasilatın 300 min barelə yaxın artması göstərir ki, buruqların sayında da artım olacaq. 

X

XƏBƏRLƏR
BÖYÜT