Prezident İlham Əliyev Quba rayonunda səfərdə olub
18:51 – 07 Dekabr, 2017

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 7-də Quba rayonuna səfərə gəlib.

 

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

 

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev dövlət başçısına abidənin ətrafında aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

 

Daha sonra prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər. Dövlət başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsiblər.

 

Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov dövlət başçısına Quba “ASAN Həyat” kompleksi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, bu kompleks Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 12-ci Mərkəzidir. Kompleks 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektindən ibarətdir. Burada “ASAN Xidmət” Mərkəzi, “ASAN Təlim” Mərkəzi, “ABAD” Mərkəzi, “ABAD” Məktəbi yaradılıb.

 

Dövlət başçısı mərkəzlə tanış olub. Kompleksin “ASAN Xidmət” Mərkəzində ümumilikdə 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 170, könüllülərin sayı isə 45 nəfərdir. Quba “ASAN Xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət göstərəcək.

 

Dövlət başçısı Quba “ASAN Xidmət” Mərkəzini işə salıb.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin “ABAD” Mərkəzində də olublar. “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev məlumat verib ki, kompleksdəki “ABAD” Mərkəzinin əsas məqsədi şimal regionunda yeni ailə brendləri yaratmaq, ailə təsərrüfatlarının məhsullarının daxili və xarici bazarda satışını təşkil etmək, özünüməşğulluq proqramının icrasına dəstək göstərməkdir.

 

Sonra dövlət başçısı “ABAD”çı ailələrin hazırladıqları yeni məhsullara baxıb.

 

Prezident İlham Əliyev Quba “ASAN həyat” Kompleksinin əməkdaşları ilə görüşüb. Dövlət başçısı görüşdə çıxış edib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Bayraq Muzeyinin açılışında da iştirak ediblər. Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

 

Məlumat verilib ki, muzeyin inşasına 2017-ci ilin martında başlanılıb və tikinti işləri noyabr ayında başa çatdırılıb. Muzey Quba Bayraq Meydanında yerləşir. Meydanın ərazisi də abadlaşdırılıb və yaşıllıq sahələri salınıb. İndi bu ərazi də şəhərin gözəl və maraqlı yerlərindən birinə çevrilib.

 

Daha sonra İlham Əliyev Quba rayonunun əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, Qubanın 6 min nəfərin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən yeni yollarının ümumi uzunluğu 32 kilometrdən çoxdur.

 

Sonra dövlət başçısı əsaslı surətdə yenidən qurulan yolların rəmzi açılışını bildirən lenti kəsib.

 

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsiblər.

 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov məlumat verib “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

X

XƏBƏRLƏR
BÖYÜT