Astarada anadangəlmə gimnast böyüyür - 7 YAŞLI QIZIN MƏHARƏTİ
05:44 – 08 Dekabr, 2017

Astarada 7 yaşlı qız qeyri-adi bacarığa malikdir. O, çətin gimnastik hərəkətləri çox rahatlıqla yerinə yetirir. Ən maraqlısı odur ki, bunu ona heç kim öyrətməyib.

APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Toradi kəndində yaşayan İranə Qüdrətzadə ailənin sonuncu övladıdır. Bədəninin elastikliyi ilə diqqətləri özünə çəkən bu qızcığaz üç ildir ki, heç kəsin ona öyrətmədiyi gimnastika ilə məşğul olur. Atası Roman Şəmsiyev deyir ki, qızı televiziya kanallarında gimnastlara baxmaqla hərəkətləri öyrənir. Qızının hər gün səhər tezdən durub gimnastik hərəkətləri etdiyini görən R.Şəmsiyev dərslərini oxumağı qızına tapşırsa da, İranə atasına böyüyəndə məşhur idmançı olacağını deyir.

İranə hələlik gimnastika ilə ancaq ev şəraitində məşğul olur. Onun oxuduğu məktəbdə Bədən tərbiyəsi müəllimi işləyən Teymur Haqverdiyev İranənin istedadlı bir uşaq olduğunu, kənddə onun etdiyi hərəkətləri heç bir uşağın edə bilmədiyini deyir. Müəllimin sözlərinə görə, bu balaca qızcığaz heç kəsin ona öyrətmədiyi hərəkətləri dəqiqliklə yerinə yetirir.

Valideynləri dağ kəndində yaşayan İranənin idmana olan bu həvəsinin itməməsi üçün bu sahənin peşəkar müəllimlərindən ona sahib çıxmasını istəyir. Onlar qızlarının gələcəkdə peşəkar gimnast olacağına inanır.

X

XƏBƏRLƏR
BÖYÜT