İslamda seksual həyat, dinin intim qadağaları
09:23 – 15 Dekabr, 2017

İslamda şok fətva: Elekton talaq (boşanma) mümkün oldu! Müsəlman “facebook” və “whatsapp”la boşana biləcək. İntim münasibətlərə aid ayələr və hədislər, şəriətdə seksual həyata verilən önəm, müsəlman toplumlarında cinsi inqilab mümkündürmü? Dini qadağalar intim həyatı məhdudlaşdırır?

 

“İslam ailə mövzusuna həddindən artıq önəm verir. Bu barədə “Qurani-Kərim” ayələri və peyğəmbərimizdən rəvayət olunan hədislər var. Müqəddəs kitabda həm evlilik, həm də boşanmanın mühüm şərtləri ilə bağlı məlumat əks olunub. Buna misal olaraq, “Rum” surəsinin 21-ci ayəsini qeyd edə bilərik. Ayədə belə buyrulur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır”. Burada  Allah-Təala kişilərə xitab edir ki, sizin özünüzdən sizin kimi, sizə tay  olan qadınları yaratdım ki, onlarla ailə qurasınız. Ayədə diqqət çəkən məqam odur ki, Yaradan kişini qadınla bərabər tutur, qadının kişiyə tay olduğunu bildirir”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Rövşən Abdullaoğlu “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, ayəyə görə kişi qadının yanında qərar tutmaqla  aramlıq, rahatlıq əldə edir: “Burada kişi-qadın münasibətinin fizioloji  tərəfi də nəzərdə tutulur. Yəni intim həyata işarə edilir. Dinimiz insanın maddi və fizioloji tələbatına da önəm verir. Şəriətə görə də ailə həyatının ayrılmaz və önəmli bir hissəsi intim münasibətlərdir. Bu mövzuya islam hüququnda geniş yer verilib. Hətta bir sıra hədislərdə seksual həyatdan tam çılpaqlığı ilə bəhs olunur.  Burada pis, ayıb heç nə yoxdur. İctimai əhəmiyyətini nəzərə alaraq,intim münasibətlər də müzakirə olunmalıdır. Dini baxımdan bunda heç bir qəbahət yoxdur”.

 

 İlahiyyatçı qeyd edib ki, ailə sırf şəhvani hisslər üzərində qurula bilməz: “ Bu uzunmüddətli, davamlı münasibət üçün yetərli deyil. Ayədə buyrulur ki, sizin aranızda iki mühüm hiss də var. Biri məvəddəd, digəri rəhmətdir. Məvəddədəti  bəzən məhəbbət kimi tərcümə edirlər. Əslində məvəddəd məhəbbətə yaxın olsa da fərqli hissdir. Məhəbbətin daha şiddətli formasıdır. Bir növ eşqdir. Ailənin davamı üçün məvəddəd də önəmlidir. Çünki kişi və qadın tək şəhvani hisslərlə müəyyən müddətə qədər münasibətlərinə davam edə bilərlər. Məvəddəd isə daha uzun və güclü rabitə üçündür. Həmçinin rəhməti qeyd edə bilərik. Məhz bu iki hissin sayəsində kişi-qadın ailə, övlad üçün fədakarlıqlar edə bilir”.

 

R. Abdullaoğlu kəbinin və talağın şərtləri barədə də ətraflı məlumat verib: “ Boşanma ilə bağlı yeni fətva verilib. Fətvaya əsasən müsəlman telefon, faks, “facebook” və s. vasitəsilə də boşana bilər. Bunun üçün boşanmanı ifadə edən sözü yazıb həyat yoldaşına göndərir və xanımı mesajı oxuduğu an boşanmış sayılır. Belə bir fətvanı doğru hesab etmirəm. Ailəyə xitam verilməsinin şərtləri var. Fətvada həmin şərtlər ödənilmir”.

X

XƏBƏRLƏR
BÖYÜT