Qızının xəstəliyi ilə mübarizə aparan gənc ananın hekayəti - REPORTAJ
12:44 – 18 Dekabr, 2017

O, gəncdir, gözəldir. İki övlad anasıdır. 28 yaşlı adaşım Sevincin 10 yaşlı oğlu və 7 yaşlı bir qızı var. Bəlkə də Sevinci buna qədər siz də tanıya bilmisiniz. O, qan xərçəngindən əziyyət  çəkən 7 yaşlı Zəhranın anasıdır. "Facebook" sosial şəbəkəsindən izləyiciləri onu Zəhra Sevinc kimi tanıyır.

 

Zəhra 1 yaş 10 aylıq olanda Sevinc onun qəflətən halının pisləşdiyini görüb. Dərhal körpə qızını Bakıda bir neçə mütəxəssisə göstərib. Ona övladının qan xərçəngindən əziyyət çəkdiyini deyiblər. Qoyulan diaqnoza ilk günlərdə inanmaq istəmədiyini deyən Sevinc övladını Minskə aparıb. Özünün dediyinə görə, Bakıdakı bir çox mütəxəssislər də ona Belarusa getməyi məsləhət görüblər: "Orda müalicə aldıq, xəstəliyin 100-də 70 faiz sağalacağını dedilər. Toplam olaraq orda 2 il 5 ay müalicə aldıq. Bakıya qayıtdıq. Çox sevinirdim. Amma səkkiz ay keçdikdən sonra uşağın vəziyyəti qəflətən yenə pisləşdi. Təkrar uşağın ağırlaşdığını, rənginin solğunlaşdığını gördük. Bakıda Uşaq Onkologiya Mərkəzinə üz tutduq. Burda yenidən müayinədən keçdikdən sonra məlum oldu ki, xəstəlik yenidən qayıdıb. Dedilər, uşağa təcili ilik köçürülməlidir, əks halda, xəstəliyin müalicəsi yoxdur.  Bu istiqamətdə mənə yardımçı olan hər bir azərbaycanlıya təşəkkür edirəm. Müraciətimə biganə qalmadılar. Bu gün Zəhranın aldığı hər nəfəsə görə mənə dəstək olan insanlara və Allaha təşəkkür edirəm" .

 

Düz 7 ildir qan xərçənginə qarşı övladı ilə birgə mübarizə aparan Sevinc deyir ki, bir an belə övladından ayrı qalmayıb: "Bizə kömək elədilər. Əməliyyat üçün Türkiyəyə üz tutduq. Müalicə olunduq. Transplantasiya uğurla həyata keçdi. Zəhranın 10 yaşlı qardaşı onun donoru oldu. İlik köçürüldü. Bundan sonra Zəhra tədricən yaxşılaşdı. Beləliklə, Azərbaycana qayıdıb qaldığımız yerdən davam etmək üçün övladlarımla yenidən Bakıda yaşadım. Bir az ötdükdən sonra qızımda boyun tutulması başladı. Yenidən müayinəyə getdik. Aşkarlandı ki, uşaq radioterapiya almadığından  xərçəng hüceyrələrindən biri başında qalıb. Allah hər kəsdən razı olsun, yenidən insanların köməyi ilə İstanbula qayıtdıq. Zəhra təkrar müalicə olundu və hələ də davam edir".

 

Türkiyənin "Acıbadem" xəstəxanasında müalicəsini davam etdirən kiçik Zəhranın sağlıq durumu hər gün bir az da yaxşılaşır. Anası deyir ki, Zəhra həyatsevərdir, gülməyi, əylənməyi sevir. Həmyaşıdları ilə çox təmasda ola bilməsə də, tezliklə evdə təhsil almağa başlayacaq. Çünki oxumağa çox həvəslidir: "Əslində Zəhra ikinci sinifdə oxumalıdır. Amma... Birinci sinifdən başlamışıq. Yəni çox pozitiv uşaqdır qızım, həyat eşqi ilə doludur. İnanıram ki, bunun da öhdəsindən gələcək. Biz birlikdə onunla 7 ildir yola çıxdıq. Zəhra mənim dəstəkçimdir. Biz İstanbulda ana-bala bu xəstəliklə mücadilə edirik. Bir də bir bibim var. O yardımçı olur, ana əvəzidir. Beləcə, əl-ələ verib ayaqda durmaqda bir-birimizə yardım edirik".

 

Diqqətimi çəkən əsas məqamlardan biri də Sevincin hər şeyə rəğmən, güclü olmasıdır. Üzündə həmişə təbəssüm, gözlərində həyata inam var bu xanımın. Övladı üçün mücadiləyə həmişə hazırdır: "Sən inamını itirdinsə, heç cür qalib gələ bilməyəcəksən. Heç bir zaman bu inamı itirmədim. Heç vaxt düşünmürəm ki, Zəhra haçansa mənim yanımda olmayacaq. Bilirsiz, Sevinc xanım, bu həyatda xəstəlik də insan üçündür. Dörd-dördə həyat olmur, məncə. Hər kəs bir şəkildə imtahan olunur. Biz də belə imtahan olunuruq. Əsas odur inanaq, güvənək və bilək ki, qalib gələcəyik. İnanın, onda qalib də gəlirik. Baxın, bu, bizim xəstəliklə üçüncü mübarizəmizdir. Amma yenə qalib gəlmişik. Bu, yalnız inamın gücün sayəsində mümkündür". 

 

"Elə qızım Zəhra da inamla mübarizə aparır" deyən Sevinc bu günə kimi qızı ilə söhbətlərində "sən xəstəsən" kimi bir ifadə işlətmədiyini deyir: "Mən onunla həmişə böyüklərlə danışdığım kimi danışmışam. Özü də deyir ki, "ana, bu da keçəcək, böyüyəndə yadımdan çıxacaq". Birdən ancaq saçlarının olmamasına pis olur. Amma mən həmin ana ona deyirəm ki, qızım, elə uşaqlar var onlar yeriyə də bilmir. Bundan sonra saç alıb taxmışıq ona. Deyir ki, əsas odur sən yanımdasan. Əsas dəstəkdir və güvənməkdir".

 

Zəhra böyüyəndə həkim olmaq arzusu ilə yaşayır. Elə Sevinc xanım da övladı ilə birgə daha xoş günlər yaşayacağına əmindir.  O, Zəhranı sevən və dəstək olan hər bir insana sağlamlıq arzu edir.

 

Biz də həmsöhbətimizin bu arzularına qoşuluruq!

 

X

XƏBƏRLƏR
BÖYÜT