Bakının qızıl bazarında canlanma - NƏ İLƏ BAĞLIDIR?
12:14 – 19 Dekabr, 2017

Yeni il istənilən insan üçün parlaq və yadda qalan bayramdır. Bayram yaxınlaşdıqca yada düşən atributlardan biri də hədiyyədir. Uşaqdan böyüyə hər kəsi sevindirmək, könül oxşamaq istəyi ilə doğmalarına və əzizlərinə simvolik də olsa, nəyisə hədiyyə etmək lazım gəlir. Elə bu səbəbdən bayramqabağı paytaxtın əksər mağaza və dükanlarında qələbəlik yaşanır. Toy mövsümünün də bu ay başlandığını nəzərə alaraq, paytaxtın qızıl bazarındakı vəziyyətlə maraqlandıq.

 

Bakının qızıl bazarı kimi də tanınan "Moskva Univermağı"nda alıcı bolluğu yaşanırdı. Bir-birindən gözəl göz oxşayan zinət əşyalarını alan da var, baxıb keçən də. 

 

Əvvəlcə alıcıların əhval-ruhiyyəsi ilə maraqlanıb, onların marağını daha çox hansı zinət əşyasının cəlb etdiyini soruşduq: "Qızım, nəvəmin ad günü üçün qızıl hədiyyə etmək istədim. Burdayam, maraqlanıram, baxıram. Çox çeşidlər var, elə buna görə də seçmək çətindir. Hər qiymətə var. Uyğun olanı da var, olmayanı da".

 

Digər həmsöhbətimiz də nəvəsinin ad gününə hazırlaşır. Deyir ki, Yeni il onun ailəsi üçün ikiqat bayramdır: "İlk nəvəmdir, hər il onun üçün hədiyyə alıram. Bu il qızıl sırğa seçmək istəyirəm. Baxdım, bu xoşuma gəldi. 90 manata aldım. Ümumiyyətlə, uşaqlar üçün qızıl əşyalar 90 manatla 300 manat arasında dəyişir".

 

Müsahiblərimiz arasında toya hazırlaşanlarla da rastlaşdıq: "Toya hazırlaşırıq. Daha çox gəlinim üçün qızıl dəstlərinə baxıram. Çeşid bol olduğundan, istənilən qiymətə toyluq hədiyyə tapmaq olur. Cibimizə uyğundur".

 

Beləcə, qızıl bazarında canlanma yaşanır. Qiyməti 50 min manata olan qızıl dəsti ilə yanaşı, 3 min manatlıq kombinasiyalar da var. Zərgərlər toy etmək istəyən, lakin maddi imkanı aşağı olan insanları da unutmayıblar.

 

Başlayaq görünüşü və parıltısı ilə göz oxşayan nişan üzüklərindən. Satışda qaşsız və ya sadə, eyni zamanda brilyant olmayan qaşlarla bəzədilən nişan üzükləri var.

 

Bəylər üçün isə ucuz nişan üzüklərinin qiyməti 250 manatdan başlayır. Brilyantla bəzədilərsə, qiymət minimum 350 manatdan hesablanır.

 

Satıcıların sözlərinə görə, ucuz zinət əşyaları əsasən Rusiya və Türkiyə qızılından hazırlanır. Kombinasiya dedikdə isə sırğa, üzük, qolbaq, boyunbağı və klon nəzərdə tutulur.

 

Qızıla verilən pulun itkiyə getmədiyini deyən müştərilər ən çox büdcələrinə uyğun olanlara üstünlük verirlər.

 

Nişan üzüyə də daxil olmaqla, 1400 manata dəst almaq mümkündür. Hazırda Rusiya qızılının qramı 55, İtaliya qızılı 65, ərəb qızılı isə 75 manata təklif olunur: "İndi daha çox alıcı tələbatı 750 əyarlı qızıladır. Toylar artdığından, brilyant dəstlərə maraq çoxalıb və ən əsası münasib qiymətədir".

 

Ölkəyə qızıl-zinət əşyaları Dubay və Türkiyə ilə yanaşı, həm də Honkonqdan gətirilir: "Ağ qızılın brilyantsız  qiyməti qramı 70 manatdan yuxarı təklif olunur. 585 türk əyarı olaraq 45-50 manatdan yuxarı. Modeldən asılı olaraq qiymət də dəyişir. İndi dəstlərə maraq daha çoxdur. Bu, daha çox toylar üçün alınır. Komplektlərin qiyməti 3000-3500 manatdan başlayır. Alıcılar 90 faizi ağ qızıla üstünlük verir. Satışa çıxarılan zinət əşyaları əyar palatasından keçir. Sertifikat verilir hər daşına görə".

 

Satıcılar onu da bildirdi ki, qızılın qiyməti gündəlik olaraq dəyişir. Dünya bazarında qızılın unsiyası bahalaşanda, Bakıda da qiymətlərə təsir edir. Ümumilikdə isə qızılın qiyməti tədricən cüzi qiymət artımları ilə bahalaşmağa doğru gedir. 

X

XƏBƏRLƏR
BÖYÜT