Nikah öncəsi tibbi müayinə vacibdirmi?
16:59 – 19 Dekabr, 2017

2015-ci ilin iyunun 1-dən Azərbaycanda ailə həyatı qurmaq istəyən gənclər məcburi tibbi müayinədən keçirilir. Təkcə ötən ay nikaha daxil olmaq istəyən 10738 nəfər tibbi müayinədən keçib. Nikahdan öncə tibbi müayinə niyə vacibdir? Bu müayinələr zamanı hansı xəstəliklər aşkarlanır? Nikahdan öncə tibbi müayinələr zamanı aşkarlanan ən qorxulu xəstəliklər hansılardır?  APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında bu suallara aydınlıq gətirilib.

 

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Mikayılzadə  deyib ki, bu gün 360.000-dən çox vətəndaş müayinədən keçib: "Onlardan 24.000 şəxsdə talassemiya daşıyıcılığı, 300-ə yaxın nəfərdə QİÇS, 1300 nəfərdə siflis aşkarlanmışdır". A.Mikayılzadənin sözlərinə görə cütlüyün hər ikisində talassemiya daşıyıcılığının aşkarlanması, doğulacaq körpənin sonradan xəstə olma ehtimalını artırır. Aysel Mikayılzadə onu da qeyd  edib ki, artıq bölgələrdə nikahdan öncə müayinədən keçmə halları artıb.

 

"Statistik məlumata görə 130-a yaxın talassemiya daşıyıcılığı həm qadında, həm də kişidə aşkar olmuşdur. Bunlardan 8-10 cütlük nikaha daxil olmaqdan imtina ediblər" -  Aysel Mikayılzadə belə deyib. O həmçinin deyib ki, bəzən cütlüklərin qız toyundan sonra müayinələrdən keçməsi hallarına da rast gəlmək olar.

 

Aysel Mikayılzadə nikahdan öncə aparılan müayinələrin məxfilik siyasətinə də toxunub: "Nəticələr həkim sirridir. Heç bir halda qarşı tərəfə nəticə verilmir. Arayışlarda da xəstəlik aşkarlandığı qeyd olunmur. Sadəcə nikaha daxil olmaq üçün arayış təqdim olunur. Amma sonradan hər hansı infeksion xəstəlik aşkar edilərsə, həkim həmin şəxsə bildirir ki, qarşı tərəfə  özü bu barədə desin".

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT