Dünyanın "dağıldığı" gün!
13:01 – 21 Dekabr, 2017

Dünyanın dağılacağı ilə bağlı fikirlər haradan yaranır və nəyə xidmət edir? Ümumiyyətlə dünya nə vaxtsa dağılacaqmı? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında bu mövzu geniş müzakirə olunub.

 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, dünyanın dağılması və qiyamətin qopması fərqli anlayışlardır: "Dünyanın sonu fiziki hadisədir və bu gec-tez baş verəcək. 1,5 milyard il sonra bu olacaq. O zaman yerdə elə isti olacaq ki, okeanlar da buxarlanacaq". V.Məmmədov hesab edir ki, qiyamət dinin dediyi, siyasət naminə quraşdırılmış konsepsiyadır: "Bu ilkin xristianlıqdan gəlir: apokalipsis. Bu siyasi səfərbərlik məqsədilə ortaya atılmış bir ideologiyadır. Eyni ideologiya islam dinində də var". V.Məmmədov onu da əlavə edib ki, dini qiyamətin heç bir səbəbi yoxdur.  

 

Tədqiqatçı, jurnalist Tural İsmayılov deyib ki, dinin, idealist düşüncənin təqdim etdiyi dünyanın dağılması ideyası insanlar üçün daha qorxuludur. Jurnalist hesab edir ki, qiyamətin baş verməsi ideyası pozitiv bir şeydir: "Bu insanları pisliklərdən çəkindirə bilər". Tural İsmayılovun sözlərinə görə insan əgər ölümünün səbəbini bilmirsə, dünyanın sonundan qorxmaq düzgün deyil. Tədqiqatçı onu da əlavə edib ki, insanın şüuru bir çox məsələlərdə məhdud səviyyədədir, bu səbəbdən dünyanın dağılmasını dəqiq proqnoz vermək məntiqli deyil.

 

Astroloq Səbuhi Rəhimli də dünyanın sonunun gələcəyini istisna etmir: "Bəlkə  də dinin qiyamət dediyi elə budur".  S.Rəhimlinin sözlərinə görə yeri göydə, səmada saxlayan mənəvi enerji var: "Hər şeyi fiziki strukturdan ibarət deyil ki, onun mənəvi tərəfləri də var".

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT