Bayram tətilinə gedənlər, bilet almağa tələsin! - REPORTAJ
14:29 – 28 Dekabr, 2017

Bayram tətilinə sayılı günlər qalıb. Tətildə bölgələrə və yaxın xaricə üz tutan vətəndaşların sayında həmişəki kimi artım müşahidə olunur. Bu səbəbdən sərnişindaşıma ilə məşğul olan qurumlar gücləndirilmiş iş rejiminə keçib:

 

ADY-nin şöbə müdiri Sevinc Qədirova deyir ki, bayram günlərində sərnişin sıxlığının artması adi hala çevrilib: "Bununla əlaqədar olaraq ayın 20-dən ADY QSC-nin sərnişindaşıma departamenti gücləndirilmiş iş rejimində çalışır. Ölkədaxili bütün qatarlara əlavə vaqonlar qoşulacaq”.

 

Hər zaman olduğu kimi, qərb istiqamətində gedən qatarlarda sıxlıq müşahidə olunur: “Ayın 29-30-da Tiflisə gedəcək qatarlara əlavə 10 vaqon qoşulub. Biletlər demək olar ki, bitib. Plaskart vaqonlar üçün yerlər mövcuddur”.

 

Mart ayından etibarən qatarlara bilet satışını asanlaşdırmaq üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin bilet satışı "ASAN Kommunal" Mərkəzinin standartlarına uyğun həyata keçirilir. Belə ki, vətəndaş bileti yerindəcə növbəyə yazılaraq, kassaya yaxınlaşıb əldə edir. İnnovasiyalar Mərkəzi MMC-nin dəmiryolu daşımaları satış şöbəsinin müdiri Emil Mirzəyev bildirib ki, bayram ərəfəsində müraciətlərin sayı artıb: “Yeni illə əlaqədar müraciətlərin sayı artıb. Ötən üç ayda müraciətlərin sayı 7-8 min idisə, dekabr ayında müraciətlərin sayı 19 500-ü keçib. Qarşıdakı 2-3 gündə müraciətlərin sayının 21 minə qədər artacağı gözlənilir. Vətəndaşlara operativ xidmət göstərilməsi üçün gücləndirilmiş iş rejiminə keçmişik”.

 

Bilet satışı 10 gün öncədən həyata keçirilir. Ayın 19-u, 20-si və 21-i kifayət qədər sıxlıq müşahidə olunub. Qərb istiqamətində hərəkət edən qatarlara dekabrın 29-u və 30-u üçün biletlər demək olar ki, bitib.

 

Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejimində çalışır. Bunu isə Avtovağzalın mətbuat xidmətinin rəhbəri Yaşar İsakov bildirib: “Hazırda 300-350 nəqliyyat vasitəsilə təxminən 8500-9000 sərnişin daşınırsa, bayram ərəfəsində 700-dən çox nəqliyyat vasitəsilə 17 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Tövsiyə edirik ki, biletləri bir neçə gün öncədən alsınlar. Biletləri həm onlayn, həm də kassalara yaxınlaşaraq əldə etmək olar”.

 

Bayram ərəfəsi dekabrın 29-u, 30-u və 31-i günortaya qədər olan marşrutlara biletlər demək olar ki, satılıb. Həmin günlərdə yarana biləcək sərnişin sıxlığının qarşısını almaq məqsədilə bütün istiqamətlər üzrə xətlərə əlavə avtobuslar buraxılacaq. Bu günə olan məlumata görə, satışların 40 faizi onlayn şəkildə həyata keçirilib.  

 

X

XƏBƏRLƏR
BÖYÜT