13 yaşlı qızını yolda maşın vurdu, övladı dəli oldu – HƏYAT DRAMI
15:13 – 28 Dekabr, 2017

Bir qadın, bir də yanında 7-8 yaşlarında qız uşağıdır yol ayrıcında, işıqforun altında. Bizim APA Holdinqə yaxın yerdə dayanmışdılar. Axşam saatlarında işdən çıxan hər kəs bu ana ilə uşağa görə narahatçılıq keçirirmiş. Xəbər tutduq, yaxınlaşdıq, danışdıq. Əvvəl ana qorxaraq heç nə danışmaq istəmədi, niyyətimizi biləndən sonra ürəyini açdı. Səhəri gün qaldığı yerin ünvanını öyrənib ora yollandıq.

 

Həmin gün axşam da bu uşağın gözləri məni cəlb eləmişdi, indi hava işıqlı idi və daha aydın görürdüm anasına dilənçilikdə dəstək olan bu balanın gözlərini. Çox olur belə gördüklərimiz, bəzən körpə uşağını qucağına bərk-bərk sıxan çarəsiz anaların sadəcə qabağa uzanmış ovcunu görürük. Başı aşağı, utanaraq həmin qabağa uzanmış çarəsiz əlin yığdığına möhtac olan analardandır Məlahət xanım... Üzü görünmür qəhrəmanımızın, bəlkə də səsindən, ya davranışlarından bir çoxlarınız tanıyacaqsınız bu qadını. Deyir, uşaqları məktəbdə oxuyur, üzü görünsə, onların gələcəyinə maneə ola bilər bu veriliş. 

 

Qəhrəmanımız 1976-cı ildə Gədəbəy rayonunda doğulub. 16 yaşında ailə qurub. Deyir oxumaq istəyirmiş, atası deyib ki, qız uşağı oxumaz. Arzusu da ürəyində qalıb Məlahətin. Ailə qurandan sonra Bakıda yaşamağa başlayıb. Üç uşağı olub. Üçüncü uşağına, küçədə anasının yanında gördüyümüz həmin qıza hamilə olanda, 2007-ci ildə həyat yoldaşı vəfat edib: “Övladlarımı keysəriyyə üsulu ilə dünyaya gətirdiyimə görə, bu uşağı götürməyə heç kim razı olmadı, məcburən doğdum. Şəlalə 8 aylıq olanda böyük qızımı maşın vurdu. Çox ağır vurmuşdu, dekabrın 25-i günü vurmuşdu, mən onda bir prokurorun evində qulluqçu işləyirdim. Axşam evə gələndə gördüm qızım yoxdur, ortancıldan soruşdum, dedi mama dərsdən gəlməyib. Götürdüm 102 xidmətini yığdım ki, mənim övladım evə gəlməyib. Çox axtardım, çox şikayət ora-bura, amma tapa bilmədim. Fevralın 6-da onu növbətçi hissədə verdilər ki, bu uşağa valideyn lazımdır. Gecə saat 12 idi, taksi tutub getdim Sabunçu Xəstəxanasına. Orda dava elədim ki, rüşvət alıb gizlətmisiniz. Niyə bir ay sonra növbətçiyə verdiniz, verirdinizsə elə əvvəldən verərdiniz. Nəyə görə bu qədər gizlin saxlamısınız?”

 

Məlahət xanım deyir ki, maşın vuranda Elnarə 13 yaşındaymış. O günlərdən danışanda ananın səsi belə dəyişir. Çünki hələ də qızına bunları yaşadanın kimliyini bilmir. 7 il keçib o qəzadan. Nə qızı Elnarənin ondan sonra normal həyatı olub, nə də özünün... “Ondan sonra 9 ay xəstəxanada yatdı. Ayaqları bərbad halda idi. Qarın hissəsi göbəkdən aşağıya qədər tamamilə tökülmüşdü. Başında 25 sm. çat var. İndi də var. Bu yaxınlarda borc-xərc, güclə 8000 manat düzəldim, bir kurs müalicə aldı, 4 sm.yə kimi bitişdi başının çatı. Həkim dedi ki, müalicəni davam elətdirsən sağalmağına zəmanət verərəm. Ona da mənim gücüm çatmır. 9 ay müddətində 20 min borc eləmişdim. İş yoldaşlarımın adına, öz adıma, hərəsinə 4000 manat borc götürmüşdüm. Bakıda çox uzun müddət Keşlə qəsəbəsində yaşamışıq. Orda hər kəs məni öz kəndlisi kimi tanıyır, o dərəcədə yaxınıq. Hamı etibar elədi, borc verdi və mən yavaş-yavaş işləyib onları qaytardım. Bu günə kimi də özümün 2000 manata yaxın borcum qalıb. Dilənməklə, qulluqçu işləməklə, bu yay yorğan-döşək düzəltməklə bir kurs müalicə aldı. Amma hər dəfəsinə gücüm çatmır, tək qadınam, ailəyə baxıram. Ondan başqa iki azyaşlı övladım var. Məktəbə gedirlər, tələbatları böyükdür. Məktəbdən yığıncaqlara pul yığılır, onların tələbatı var, istəmərəm onlar atasız böyüdüklərini özlərinə dərd eləsinlər, kiminsə yanında başıaşağı olsunlar. Hətta istəmirəm kimsə onlara diləndiyimə görə söz desin, buna görə gələcəkləri məhv olsun. Məhz buna görə də Keşlədən çıxdım, Əhmədli qəsəbəsinə gəldim. Burda 94 nömrəli məktəbə gedirlər, heç özüm aparıb gətirmirəm ki, məni görüb tanıyarlar. Onlara kimsə "anan dilənçidir" deyər, dəli oluram”.

 

Üzünü belə göstərməyə utanan Məlahət xanım xəstə balasına görə nələr etmir, nələr. Ailə qurduğu müddətdən Bakıda kirayələrdə qalır, 20 ilə yaxın Keşlə qəsəbəsində yaşayıb. İndi isə Əhmədlidə, soyuq, kasıb evdə üç qızı ilə birgə yaşayır. Məlahət xanım dilənir düzdür, övladı üçün, amma tək dilənməklə bitmir onun işi. Hər günü əvvəldən proqramlaşdırılır – səhər 6-dan 9-a kimi restoranlardan birinin qarşısını süpürür, sonra gününü dilənmək və uşaqlarına zaman ayırmaqla keçirir, hər axşam isə telefon mağazasını silir-süpürür. 7 ildir dilənir Məlahət xanım, Elnarə qəza keçirəndən... Deyir, onun balasının sağlam həyatını məhv edən həmin şəxsin tapılması üçün dəfələrlə müvafiq qurumlara müraciət edib: “Onda yaşayırdım, xadimə işləyirdim. Heç ağlıma da gəlməzdi ki, bir gün gedib dilənçilik edərəm. Qohum-əqrəbada da dilənçiliklə məşğul olan yoxdur. Burda yaxınlaşıb soruşdum, günə nə qədər olur? Sonra uzun müddət başımı-üzümü bağlayaraq kor bir kişi gəzdirdim, günümə 20 manat verirdi yiyəsi. Belə işləyə bilmirdim, çünki uşaqdan zəng gələndə onlar cırnayırdı. İki il üzümü gizlətdim, utanırdım, saatlarla ağlayırdım. Polis mənə yaxınlaşanda saatlarla ağladığım olub. Heç kimə bildirmək istəmirdim, amma övladıma görə məcbur idim”.

 

Üç qız anası Məlahət xanım deyir ki, Elnarə balası müalicədən sonra bir az düzəlib. Qəzadan sonra Elnarənin başında ciddi problem yarandığından o, Maştağadakı ruhi xəstəxanaya yerləşdirilib. Lakin, burada övladı ilə davranış ananı başqa addımlar atmağa məcbur edib: “Ən çox mart-sentyabr aylarında tutması tutur, onda da qab - qacağım qalmır, qırır, əlinə nə keçirsə qayçı ilə doğrayır. Bacılarını heç cür qəbul edə bilmir, səs eləmə, televizora baxma, yerimə, danışma. Xəstə uşaq və azyaşlılarla qalmaq tək qadın üçün çox çətindir. 10 gün qoydum, oranın ayaqyolusu üçün də pilləkənlərlə aşağı düşmək lazım idi. Rəna xanım dedi ona ayrıca bir nəfər lazımdır. Yeni xəstəxanadan çıxmışdı, əməliyyat olunmuşdu. Dəlixanada qolları bağlı paltar geyindirirlər ey, ondan geyindirmişdilər. Bir dəfə getdim lütləndiriblər, elə vurublar, qolu göyərib. Götürdüm gətirdim evə, mən ölənə kimi o yükü daşıyaram, amma bir də onu tək qoymaram. İkinci dəfə o səhvi eləmərəm”.

 

Ananın sözlərinə görə, Elnarənin başındakı çatın birləşməsi üçün həkimlər 25 yaşına qədər vaxt qoyub. Müalicələr əsasında başdakı çatın bir qədəri birləşib: “Mən o vaxtı Mehriban xanıma müraciət elədim. Onun qarnındakı tikişdən çirk gəlirdi. Mehriban xanımın köməyi ilə ikinci əməliyyat olundu, burnu yox kimi idi, o da düzəldi. Amma başındakı çatla bağlı kurs-kurs müalicələr olunmalı idi və onda da borc başımı qatdı. İki il ümumiyyətlə heç yerə gedə bilmədim, sonra borc azaldıqca özümü toparladım və yığmağa başladım. Müalicədən sonra xeyli irəliləyiş var”.

 

Qadın qeyd edir ki, onun dilənçiliyinə ürəyi yanan insanlar da olub. Ailədə uşaqlardan ən böyüyü Elnarədir. 1997-ci ildə doğulub. İkinci qız 6-cı sinifdə, sonuncu isə 3-cü sinifdə oxuyur. Bu müddət ərzində vaxtaşırı köməklər olunub, küçədə ana ilə qızı çarəsiz vəziyyətdə görüb onun evinə qədər gəlib kömək edənlər olub. Bütün bu yardımlara baxmayaraq, ailənin maddi durumu və Elnarənin səhhəti yenə də pisdir. Və ana yardım üçün xeyirxah insanlara müraciət edir: “İstəyərəm gözəl insanlar olsun, köməklik eləsinlər. Övladımın sağalmağını istəyərəm, dilənməkdən əl çəkərəm. Bu biri balalarımı oxudaram. İstəyirəm balalarım hansısa bir sənətə yiyələnsinlər. Hansı ana istəməz ki? Xəstə balamı da ata bilmərəm deyə, məcburam. Seçim edə bilmirəm, nə ondan keçə bilirəm, nə bunlardan keçə bilərəm. Nə də gücüm, imkanım çatmır ki, istədiyim həyatı övladlarıma verim”.

 

Çəkilişə getdiyimiz gün Məlahət xanım niyyətimizdən xəbərsiz idi. Dilənməyə gedəcəkmiş həmin gün. Evdə uşaqlarının yeməyi yox idi. O səbəbə də 20 yaşlı Elnarə balasını iynə vurub yatızdırmışdı. Deyir o, oyaq olanda, tək qoyub heç yerə gedə bilmir. Çünki hər an əsəbləri qalxa, özünə, evdəki əşyalara, bacılarına xətər yetirə bilər. 13 yaşından belədir Elnarə, 13 illik sağlam həyatına son qoyulub həmin qəzada. Qızı yatağında müşahidə etdim. Çox məsum, hər şeydən bixəbər siması var idi, mələk kimi.

 

Həmin gün gördüyümüz mənzərə incitdi hər birimizi. Balaca Şəlalə yolda anasının yanında durduğu müddətdə ana onun üzünü insanlardan elə hey gizlətmək istəyirdi, balaca qız isə durduğu yerdə gülümsəyirdi bizə. Balacaya pul uzadıldıqda imtina elədi, götürmədi. Yalnız anasının təkidindən sonra pulu aldı. Məcburiyyətin gətirdiyi məhrumiyyətlərin izləri var idi o gün Şəlalənin simasında...

Ailəyə kömək etmək istəyənlər üçün əlaqə nömrəsi: 077 592-04-27 Məlahət Həsənova

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT