Cocuq Mərcanlıda Yeni il hazırlıqları - 24 İLDƏ İLK DƏFƏ
15:34 – 29 Dekabr, 2017

Cocuq Mərcanlıda azan səsi çox uzun illərdən sonra səsləndi. Bu türk-müsəlman yurdunda azan qadağası erməni işğalından çox-çox əvvəl - sovet dövründə qoyulub. Bu səbəbdən kənddə məscid olmayıb. Müstəqilliyin ilk illərində gerçəkləşən erməni işğalı isə Cocuq Mərcanlıda məscid tikməyə imkan verməyib. Nəinki azan səsinə, hətta uşaqların gülüşünə belə həsrət qalan Cocuq Mərcanlı yenidən çal-çağırlı, səsli-küylü kəndə çevrilib. Necə deyərlər, “su gələn arxa bir də gələr”.

 

Burda yenə uşaqlar məktəbə gedir, anaları onların yolunu gözləyir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi Cocuq Mərcanlı sakinlərinin həyəcanını bir az da artırıb. Çünki 24 ildən sonra onlar ilk dəfə yenidən qayıtdıqları kənddə yolka bəzəyəcək, uşaqlar Şaxta babanı və Qar qızı görəcəklər. Ən əsası isə dədələrimizin əmanət etdiyi bu torpaqlarda ocaqlar qalanacaq, qazanlar qaynayacaq, sevinc səsləri eşidiləcək.

 

Kənd sakini Lamiyə Şirinli deyir ki, insanın öz evində, öz yurdunda bayram keçirməsi böyük zövqdür: "Bütün bayramlar burda gözəl keçir. Fərqlidir Bakıdan öz elimizdə, öz obamızda olmaq. Kənd camaatı hamı bir-birinə hörmətlə, sevgi ilə yanaşır. Elə bir hər bir yer mənim öz evimdir burda".

 

Yenidən qurulan kənddə hələ ki 50 ev istifadəyə verilib. Yaxın günlərdə daha 100 ailənin köçürülməsinə başlanacaq. Uzun illərdir bir-birini görməyən kənd sakinləri bir-birinə sarılacaq və bayramlaşacaq. Bəlkə də kimsə axtardığı kimisə tapmayacaq. Amma bir elin yenidən kəndinə, obasına qayıdışı böyük təsəlli olacaq onlara.

 

Esmira Orucova kəndi tərk edəndə yeniyetmə qız olub. Təhsilini Bakı məktəbində davam etdirib. Həyatın ona sərt və qəddar sürprizinə təslim olmayıb. Bakı Slavyan Universitetində ali təhsil aldıqdan sonra mətbuat orqanlarında çalışmağa başlayıb. Ailə qurub, 2 övladı var. Cocuq Mərcanlıya qayıdış başladığını görən kimi doğma kəndinə qayıdıb. İndi kənd məktəbində müəllimə işləyir: "Kəndimiz prezidentin sərəncamı ilə bərpa olundu. Ondan sonra öz istəyimlə qayıtdım kəndimizə. İndi sevinirəm ki, doğma məktəbimizdə mənə dərs deyən müəllimlərlə birlikdə işləyirəm".

 

Kəndin yenidən qurulmasına sevinən təkcə Cocuq Mərcanlı sakinləri deyil. Təbii ki, bütün xalqımız bu qayıdışa sevindi. Amma uzun illər cocuq mərcanlılarla qonşuluq edən, bir-birinin xeyrinə-şərinə gedib gələn qonşu Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndlərinin sakinləri bu qayıdışa daha çox sevinir: "Qonşu kənddən baxıb buranı şəraitsiz görəndə adam pis olurdu. İndi adam görür, ürəyi açılır. Hər bir şərait var, yaxşıdır. Çox sağ olsun cənab prezident, sağ olsun əsgərlərimiz ki, buranı aldılar, yeni şərait qurdular, hamı öz torpağına qayıtdı. İndi hamı rahat firavan həyatını yaşayır".

 

Beləcə, cocuq mərcanlılar qarşıdakı bayramlara hazırlaşır. Onlar üçün burda yeməyin, suyun dadı, havanın qoxusu bambaşqadır. Bayramın mübarək, Cocuq Mərcanlı kəndi!

X

XƏBƏRLƏR
BÖYÜT