Canavar şeir deyəcək, Mehriban Xanlarova köpək balığı olacaq – PAYTAXTDA YENİ İL TAMAŞALARI
15:08 – 30 Dekabr, 2017

Artıq Yeni il tətili başlayıb. Bayram ab-havasını əlbəttə ki, daha çox uşaqlar hiss edir. Böyüklər də onları sevindirmək üçün çalışırlar.

 

APA TV-nin məlumatına görə, paytaxtın mədəniyyət ocaqları balacalar üçün bir-birindən maraqlı tamaşalar hazırlayıb.

 

Akademik Milli Dram Teatrı kiçik tamaşaçılar üçün dəniz canlılarının da iştirak etdiyi səhnə əsəri hazırlayıb. “Rəqs edən pinqvinlər” tamaşasının müəllifi və rejissoru Anar Sadıqovdur: “Burada pinqvinlər, köpək balıqları, panda var. Bu tamaşada biz tamaşaçılarla dəniz canlıları arasında əlaqə yaradırıq. Heyvanlara sevgini aşılayırıq”.

 

Tamaşada əməkdar artistlər Elxan Quliyev, Şəlalə Şahvələdqızı, Mehriban Xanlarova, Mirzə Ağabəyli və başqaları rol alıb: “Bu tamaşa həm də böyüklərə töhfədir, çünki böyüklər də maraqla tamaşa edirlər. Uşaqlar köpək balığından qorxmurlar. Hər kəsi Yeni il münasibətilə təbrik edirəm”.

 

Balacaların sevimli məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında isə onlara nağıl danışılır. Quruluşçu rejissor Anar Məmmədovun səhnələşdirdiyi tamaşada canavar, ayı, dovşan, uzunqulaq, küpəgirən qarı və başqa obrazlar var. Rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər: “Bu il fərqli tamaşa hazırladıq. Əksər teatrlarda, məsələn, it ilidirsə, o obraz olur. Amma bu il bunu etmədik. İsmarıclarımız dostluq, xeyirxahlıqdır. Gözəl musiqilər, gözəl səhnə tərtibatı, oyunlar və s. var”.

 

Uşaqlarınızın bayram tətilini səmərəli keçirməsini istəyirsinizsə, teatrlara üz tuta bilərsiniz. Yeni iliniz mübarək!

 

X

XƏBƏRLƏR
BÖYÜT