40 gün keçdi... - NATİQ QƏDİMOVUN XATİRƏSİNƏ
13:00 – 31 Dekabr, 2017

22 noyabr. Bu tarix təkcə APA TV üçün deyil, bütün Azərbaycan mediası üçün böyük bir itki ilə yadda qaldı. Tamaşaçıların “Kriminal Natiq” kimi tanıdığı, dostlarının “əmi” deyə çağırdığı jurnalist Natiq Qədimov qəfil vəfat etdi. Vəfatı o qədər qəfil, gözlənilməz oldu ki, heç kəs inanmadı, inanmaq istəmədi. Ölümündən beş həftə keçsə də, hələ də Natiqin artıq aramızda olmadığına inanmaq çətindir.

 

Natiq Qədimovla bağlı hər kəsin saatlarla danışacaq xatirələri var. Vəfatından sonra ailə üzvləri, dostları, həmkarları özünü bu xatirələrlə ovundurur. “Əmi” işinin peşəkarı, sözünə düz, dostcanlı, hər kəsin köməyinə çatan, mehriban, gülərüz insan idi. Atası Aydın Qədimov deyir ki, dünyadan da gülə-gülə, bu dünyaya gülərək getdi: "Qəflətən baş verdi. Bu adam gözümüzün qabağında rəhmətə getdi. Hamımızı çağırdı evinə, gözümüzün qabağında rəhmətə getdi. Sevinə-sevinə, gülə-gülə".

 

Aydın dayı deyir ki, nəinki doğmaları, əzizləri, hətta onu yaxından, uzaqdan tanıyanlar belə Natiqin ölümünə inanmır: "Deyirlər Aydın əmi necə oldu? Natiq axı niyə belə oldu? Ömründə bu adam şikayət etməmişdi ki, mənim oram ağrıyır, buram ağrıyır. Bizə hərdən bir gəlib bacısını görərdi, deyərdi ki , yenə qrip olub xəstələnmisiniz?  Baxın mənə, top kimiyəm, amma siz dəqiqə başı xəstələnirsiz" .

 

Nurlana Qədimova 7 ay 7 gün Natiqin ömür yoldaşı olub. Altı aydan sonra ana olacaq. Dünyaya gələcək övladını Natiqin xatirələri ilə böyüdəcək: "Biz bir-birimizi çox yaxşı anlayırdıq. 7 ay 7 gün kiməsə çox qısa tarix kimi gələ bilər. Bu tarixdə nələr yox idi ki... Adətən insanlar illərin məhəbbətindən danışırlar. Sevmək üçün illər lazım deyil. Dostoyevskinin "Cinayət və cəza" əsərində belə bir ifadə var: "Məhəbbət iki insanın eyni nöqtəyə baxmasıdır". Natiqi tanıyandan sonra bildim ki, doğrudan da onunla bir nöqtəyə baxıram, eyni söhbətləri edirik, duyğularımız belə eynidir".

 

Nurlana deyir ki, Natiqlə yaşadığı 7 ay bir ömrə bərabərdir: "Övladıma danışacaq o qədər xatirələr var ki. Hər gün birini danışacağam. Onunla bağlı xatirələri danışıb bitirməyə bir ömür yetməz. Mənimlə ailə qurandan sonra deyirdi ki, Nuruş, bu ev sənin xatirələrinlə dolacaq. Çox xoşbəxt idik”.

 

Natiq yaxşı ailə başçı olduğu kimi, işinin də peşəkarı idi. Onun hazırladığı kriminal xəbərlər APA TV-nin ən baxımlı xəbərlərindən idi.

 

APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı deyir ki, Azərbaycan jurnalistikasında Natiq Qədimovun yeri hələ uzun müddət görünəcək: "Natiq yaxşı bir işçi, yaxşı dost, yaxşı həmkar idi. Natiq müstəqil Azərbaycan mediasında kriminal jurnalistikanın yaradıcılarından biridir. Bunu danmaq mümkün deyil. Bu gün Azərbaycan jurnalistikasında nə qədər kriminal hadisələrdən yazan, hüquq mühafizə orqanları ilə işləyən jurnalistlər varsa, onların çox böyük hissəsi Natiqdən öyrəniblər. Bəziləri birbaşa, bəziləri isə məhz baxaraq ondan öyrəniblər. Jurnalistlərin onu “əmi” deyə çağırması təsadüf deyildi. Hüquq-mühafizə orqanları ilə işləmək bu gün ən çətin sahələrdən biridir. Ümumiyyətlə, hadisələrin işlənməsi, kriminal hadisələrin işlənilməsi, emosional hadisələrlə işləmək ən çətin işdir".

 

Vüsalə xanım deyir ki, Natiq Qədimov peşəsinin vurğunu olan jurnalistlərdən sayılırdı: "O, insanların ən çətin, emosional vəziyyətlərində gedirdi, hadisə yerindən reportajlar hazırlayırdı, uğurla da onu bizə təqdim edirdi. Onu APA TV-nin qurucularından hesab edirik. İlk gündən kollektivimizdə olub. Dostumuz olub. Natiqi xatırlayanda hər zaman onun tez-tez işlətdiyi bir ifadəsi yadıma düşür. Ən çətin problem barədə belə danışanda "burada nə var ki" deyirdi. Bu ifadəni o qədər gülərüzlə deyirdi ki, doğrudan da adam hesab edir ki, ən həll olunmayan məsələ belə həll olunacaq. Natiq bizim hər birimiz üçün ağır itkidir".

 

Natiq televiziyadan öncə uzun müddət "Ayna-Zerkalo" qəzetində işləyib. Qəzetin  təsisçisi və baş redaktoru Elçin Şıxlı Natiq Qədimovu belə xatırlayır: "Gəldi bura, kriminal xəbərlər bölməsindən başladı ilk işinə. O zaman ikinci kriminal xəbər yazan müxbirimiz Natiq oldu. Çox maraqlı yazılar verirdilər, işləyirdilər, çalışırdılar. Burada zamanla yavaş-yavaş böyüdü. Ondan sonra Natiq səhv etmirəmsə, ANS-ə getdi. Buradan getdi və ləqəbini də özü ilə apardı. Ona "Kriminal Natiq" dedilər. Allah rəhmət eləsin Natiqə. Bizim kisəmizdən getdi, jurnalistikadan getdi".

 

APA TV-nin baş direktoru Vüqar Hüseynov Natiq Qədimovun tez-tez işlətdiyi ifadələri xatırlayır: "Natiqin sevimli iki sözü var idi, o sözləri az qala hər gün eşidirdik. "Nə problem var ki” və   "yüksək səviyyədə" . Natiq bütün həyatını belə yaşamışdı, işlə bağlı heç bir problemi yox idi. Bütün işini də jurnalist kimi yüksək səviyyədə həll edirdi. Mən Natiqin haqqında jurnalist yox, insan kimi danışmaq istəyirəm. Natiq yeri doldurulmayacaq bir insan idi. İnana bilmirəm ki, Natiq aramızda yoxdur. Elə hesab edirəm ki, Natiq harasa tədbirə gedib, nə isə iş dalınca gedib. Bir azdan gələcək. Xəbər otağına girəndə gözümüz birinci onun yerinə zillənir”.

 

Vüqar Hüseynov deyir ki, hər insana bu cür dost, yoldaş nəsib olmur. Bunu Natiqlə dost olmuş hər kəs etiraf edə bilər: "Mənim üçün ömür boyu daşıyacağım bir ağrı var. Natiqin vəfatından yarım saat sonra xəbər tutdum. Natiq rəhmətə gedib sözünü eşitdiyim zaman keçirdiyim hissi ömrü boyu unutmayacağam. Yəni bir insan özünə bu qədər doğma olan bir insanın qəfildən dünyadan köçməsi xəbərini eşidəndə nə hisslər keçirdiyini ancaq bunu yaşayanlar bilər. İnanılmaz bir an  idi. Natiqi dəfn etdik, üç mərasimi keçirildi... İnanana bilmədik. Bu gün də inana bilmirik. Bir şeyə əminəm ki, şəxsən öz adıma və kollektivimiz adına Natiqi heç vaxt unutmayacağıq. Natiqi unutmaq mümkün deyil".

 

"ASAN Radio"nun xəbərlər proqramının aparıcısı və redaktoru İlkin Kərimovla Natiqin tanışlığı  ANS telekanalından başlayıb, sonra da bu tanışlıq ailəvi dostluğa çevrilib. İlkin deyir ki, elə bir gün, elə bir həftə olmazdı ki, biz ən azı telefon əlaqəsi saxlamasınlar: "Günümüzün böyük saatını, vaxtını işdə keçirdirik. Ailəmizdən daha çox işdə oluruq. Onunla daim bir yerdə idik. Görürsünüz, oluruq sözünü elə deyirəm ki, elə bil Natiq indi də var. Natiq haqqında keçmiş zamanda danışmaq olmur. Bundan başqa, ailəvi gediş-gəlişimiz də vardı. Bu dəqiqə də onun şəkilləri, videoları telefonumun yaddaşındadır”.

 

İlkin Kərimov Natiqlə bağlı xatirələrini bizimlə bölüşür: "Mənim nişanım idi. Natiqə zəng elədim ki, maşını hazırla, birlikdə gedəcəyik. Dedi yaxşı, problem yoxdur. Nişana bir-iki gün qalmış dedi ki, İlkin, maşınımı arxadan vurublar. Dedim nə edəcəyik? Dedi, nişan günü səhər tezdən həyətinizdə olacağam. Təsəvvür edin, səhər dediyi saatda gördüm həyətdədir. Dedim, necə etdin? Sən demə, gedib oturub ustanın yanında bütün günü və gecəni, maşını təmir etdirib. Amma rəngləməyə çatdırmamışdı. Maşının arxasını elə bəzəmişdi ki, heç nə bilinmirdi. Elə o vəziyyətdə də nişana getdik. Yüksək səviyyədə iştirak elədi. Öz qardaşım kimi".

 

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev Natiq Qədimovu 16-17 yaşlarından tanıyır:

 

Ömür dedikləri coşqun çay kimi

Kükrəyir , köpürür hər zaman gedir.

Ona bel bağlama o, qədər də sən.

Bəzən açılmamış gül, bağban gedir.

Arxayın-arxayın gəzmə əsərsiz,

Deməsinlər halı pərişan gedir.

Yarat, sən köçəndə ellər söyləsin,

Dünyadan nə gözəl bir insan gedir.

 

Natiq haqqında danışanda öncə yaddaşıma bu misralar düşdü. O, çox gözəl insan idi, gənc idi. Bəzən gənc insanlar haqqında bu qədər tərifli sözlər demək çox çətin olur. Amma Natiq bu hörməti qazanmışdı. Mən Natiqi 16-17 yaşlarından tanıyıram. O zaman mən Azərbaycan Dövlət Filarmoniyasında işləyirdim. Natiqgilin məktəbi orada "Şən və hazırcavablar " klubu təşkil etmişdilər. Orada öz səsi, sərbəstliyi, danışığı ilə diqqətimizi çəkən bir uşaq oldu. Bu proqrama nəzarət demək olar ki, mənim üzərimdə idi. Necə oldusa tədbir bitənə yaxın o, yaxınlaşdı dedi ki, müəllim, olar sizdən bir şey soruşum? Mən istəyirəm müğənni olum. Səhnədən səsini dinlədiyimə görə dedim niyə də olmasın? Sonra da dedi ki, mən necə məşhur ola bilərəm? Dedim ki, Dövlət Uşaq Filarmoniyası var, bəlkə ora gedəsən? Dedi ki, mən uşaq deyiləm axı. Bax, beləcə bizim tanışlığımız başladı".

 

Beləcə, Natiq Filarmoniyada məşqlərə başlayır, imtahana hazırlaşır. Amma sonradan Əliqismət müəllimə müğənni olmaq fikrindən daşındığını, kino rejissoru olmaq istədiyini deyir: "Çox təəssüf ki, sənət imtahanlarından keçsə də, test imtahanlarını verə bilmədi. Onun İncəsənət Universiteti ilə təması baş tutmadı. Sonra eşitdim ki, başqa sahəni seçib. Amma dostluğumuz davam etdi. Ailəvi tanış olduq. Atası Aydın kişini tanıdım. Mən onun ölüm xəbərini saytlardan oxudum, gözlərimə inana bilmədim. Halım çox pisləşdi. Onun haqqında danışmaq çox çətindir" .

 

"O, uşaqla uşaq, böyüklə böyük kimi idi" deyən saatsaz Hacı da Natiqi çox sevən dostlarından olub: "Natiq gözəl dostum idi mənim. Onun ölüm xəbərini eşidəndə şok oldum. Sosial şəbəkələrdən gördüm. Yazmışdılar ki, bir neçə saat öncə Natiq keçindi. Bu xəbər mənim üçün çox ağır oldu. O, dəqiqə Əliqismət müəllimə zəng elədim. Bilirdim ki, onlar möhkəm dostdurlar, o da çox sarsıldı. Rəhmətə getməmişdən 3 gün əvvəl telefonla danışdıq. Hal-əhval tutduq, dedi ki, qol saatım xarab olub, göndərəcəyəm atamla. Vəfat xəbərini eşidəndə inanın çox pis oldu. Sözünə dürüst oğlan idi. Allah ona rəhmət eləsin".

 

“Qardaşın necə adamdı, yol yoldaşı olmamışam”. Dostu İlham deyir ki, bu məsəl dostu Natiq üçün deyilib: "Mənimlə həmişə zəngləşib, söhbətləşərdi. Hərdən nahar fasiləsində görüşərdik. Yaşca ondan böyük olduğumdan həmişə məndən məsləhət alardı. Telefonla saatlarla danışardıq. Ürəyi dolu idi. Deyirdim Natiq bizim heç vaxt sözümüz qurtarmır. Həmişə uzaq yola Natiqlə çıxardım. Zəng edirdim, deyirdi İlham, sabah istirahət günümdür. Deyirdim "uzaq yola çıxacağam, mənimlə gedərsən?". Razılaşırdı. O yolu onunla necə gedib, necə gələrdik, saatdan xəbərimiz olmazdı. Onun dostluğuna,  dürüstlüyünə həmişə vurğun olmuşam. İnanıram ki, onun işıqlı xatirəsi heç vaxt unudulmayacaq. Çox təəssüf ki, Natiqi tez itirdik".

 

Onlar bir sinifdə oxuyublar, yaşıddırlar, bir həyətdə böyüyüblər. Bəxtiyar Natiqin uşaqlıq dostudur. Natiqin nişan üzüyünü  indi dostu Bəxtiyar öz barmağında gəzdirir. Deyir, elə bilirəm Natiq indi də yanımdadır: "7 yaşından bir yerdəyik. Hər adamın həyatda ya bir, ya da iki yaxın dostu olur. Natiqi tanıyanlar həmişə onu deyib-gülən insan kimi tanıyırdı. Amma onun elə problemləri vardı ki, heç kimə danışmazdı. Mənimlə bölüşmək istədiyi bir söz olan kimi zəng edirdi - "Bako, gəl axşam görüşək, bir çay içək". Çağırırdı məni, saatlarla söhbət edirdi. Son dörd ili əziyyət çəkirdi. Heç kimə hiss etdirmirdi ki, problemi var”.

 

Hacı Mirtalib Amişov Natiqi əsl dost, qardaş adlandırır: "Gözəl insan idi, Allah ona rəhmət eləsin. Sadəcə bir nur parçası idi. Baxmayaraq ki, kriminal sahədən daha çox yazırdı, heç vaxt heç kim ondan narazı olmadı. Elə bir zamanda həyatını dəyişdi ki, yaşından asılı olmayaraq heç kimi küsməyə  qoymadı. Allah oğluna can sağlığı versin, doğulacaq övladına gözəl günlər nəsib etsin".

 

276 saylı məktəbin müəlliməsi Sədaqət Nəzərova Natiqin sinif rəhbəri olub. Onu çox məsuliyyətli  və çalışqan şagird kimi xatırlayır: "Qədimova söz deyəndə yanaqları tez qızarardı. Bilərdin ki, utanır. Çox yaradıcı şagird idi. Elə şagirdlərimiz tək-tək olur. Ümumiyyətlə, Natiqgilin sinfi çox həssas sinif idi. Qızlar da, oğlanlar da elə idi. Onun gizli məhəbbəti də vardı oxuduğu illərdə. Sonradan eşitdim ki, elə o qızla da ailə qurub. Heyf ki, bu evlilik uzun sürmədi. Natiqin həyatda olmamasından çox sarsıldım. Bizə böyük zərbə oldu. Bu sinifdə dərs keçmişəm onlara. Hər dəfə onu efirdə görəndə elə bilirdim dünyanı mənə verirlər. Çünki onları əlimdə böyütmüşdüm".

 

Bizlərdən çox tez ayrıldın, artıq bu fani dünyada deyil, dostlarının, həmkarlarının qəlbində, xatirələrində yaşayırsan. Yanvarın 2-də səni sevənlər bu dəfə 40 mərasiminə toplaşıb, səni xatırlayacaq, ruhuna dualar oxuyacaqlar. Allah rəhmət eləsin, Natiq!

 

Natiq Qədimovun 40 mərasimi 2 yanvar 2018-ci ildə saat 11.00-dan 18.00-dək Binəqədi rayonu, “Həzrət Əli” məscidində (Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun arxası) keçiriləcək.

X

XƏBƏRLƏR
BÖYÜT