Düşmən tankını və 20 ermənini partlatdı - MİLLİ QƏHRƏMANIN DÖYÜŞ YOLU
17:01 – 04 Yanvar, 2018

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Etibar İsmayılovun anım günüdür. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, şəhidin xatirəsi adını daşıyan Ağcabədi rayonunun Hindarx qəsəbə tam orta məktəbində anılıb.

 

Tədbirdə Milli Qəhrəman Etibar İsmayılovun ailə üzvləri, müəllimləri, döyüş dostları və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları Milli Qəhrəmanın büstü önünə tər çiçəklər düzərək, xatirəsini yad ediblər. Mərasimdə çıxış edənlər onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məktəblilərin ifasında kompozisiyaya tamaşa etdikdən sonra məktəbdə yaradılan fəxri guşə ilə tanış olublar. Mərasim iştirakçıları Milli Qəhrəmanın döyüşçü dostlarının dəfn olunduğu Şəhidlər Xiyabanını da ziyarət ediblər.

 

Tədbir iştirakçıları arasında Etibar İsmayılovun həyatı bahasına xilas etdiyi 14 döyüşçüdən biri olan Vüqar Heydərov da vardı. Vüqar həmin gün 51 döyüşçü ilə girmişdi savaşa. Döyüşçülərimizə Nərgiztəpə yüksəkliyini düşməndən azad etmək tapşırığı verilmişdi. Lakin gözlənilmədən mühasirəyə düşmüşdülər. 30 nəfərdən çox hərbçimiz şəhid olmuşdu, Etibar İsmayılov isə yaralı idi. Erməni tanklarının yaxınlaşdığını görən Etibar İsmayılov dostlarına gizlənmək tapşırığını verir: "Biz taxıl zəmisinə girdik. Erməni tankı da çıxdı təpənin üstünə. Tankın üstündə olan 20-dək erməni ətrafa baxaraq bizi axtarırdı. Etibar elə bildi ki, onlar bizi gördü. Ermənilərə atəş açaraq onların diqqətini öz üzərinə çəkdi".

 

Silah-sursatın və düşmənlə müqayisədə canlı qüvvənin az olması bütün döyüşçüləri sarsıtmışdı. Lakin Etibar İsmayılovun son həmləsi ermənilərə çox ağır zərbə vurur. O, düşmən tankını və üstündə olan 20-dək ermənini məhv edir: "Ermənilər bəlkə də bizi görməmişdi. Atışma Etibarla erməninin arasında gedirdi. Bir də gördük ki, özünü atdı tankın altına".

 

Məhz bundan sonra ermənilər pərən-pərən düşərək geri qaçmağa başlayır. Bu isə mühasirənin yarılması demək idi. Azərbaycan Ordusunun sağ qalan döyüşçüləri yaralı dostlarını toplayaraq ərazidən uzaqlaşdırır. Özünü məhv edərək dostlarını xilas edən  Etibar İsmayılovun ruhu göylərə uçmuş, cismi isə vətən torpağına qarışmışdı: "14 nəfəri çıxartdıq - 6 yaralı, 8 salamat. 51 nəfər girmişdik döyüşə, 37-si orda qaldı. Onun qəhrəmanlığı sayəsində həmin 14 nəfər xilas oldu. Gələndən sonra biri də burda şəhid oldu".

 

Qeyd edək ki, Etibar Bəylər oğlu İsmayılov 29 mart 1964-cü ildə Ağcabədi rayonunun Hindarx kəndində anadan olub. 1990-cı ildə könüllü olaraq müdafiə batalyonlarından birinin tərkibində Birinci Qarabağ müharibəsinin bir sıra döyüşlərində igidliklər göstərib. 1994-cü il yanvarın 4-də Xocavənd rayonunun Nərgiztəpə və Ceyil yüksəkliyi istiqamətindəki əməliyyat onun son döyüşü olub. Mühasirəyə düşən dostlarını xilas etmək üçün əlindəki sonuncu qumbaranı sinəsinə sıxaraq özünü düşmən tankının altına atan Etibar onu ekipajla birlikdə məhv edir və döyüşçü yoldaşlarının mühasirəni yarıb xilas olmasına səbəb olur. Azərbaycan prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT