Bakıda sürüşmə prosesləri niyə aktivləşib? - MÜTƏXƏSSİS RƏYİ
18:34 – 05 Yanvar, 2018

Bakı şəhərində əsasən Zığda, Bayıl yamacında, Günəşli yaylasında, Masazırda, Atyalı dediyimiz Nübar qəsəbəsində mütəmadi olaraq sürüşmə prosesləri baş verir. Artıq bir neçə gündür Bayıl yamacında sürüşmə prosesləri yenidən sürətlənib. Teleqüllədən 200-250 m cənub-şərqdə torpaq qatında eni 0,1-1.0, uzunluğu 60-70 metr olan müxtəlif istiqamətli çatlar qeydə alınıb.

 

Bunu APA TV-yə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin geoloji planlama ekspedisiyasının baş geoloqu Rasim Niftəliyev deyib: "Bunların əmələ gəlmə səbəbi müxtəlifdir. Bu, həm təbii, həm də texnogen proseslərdən, eləcə də insan amilindən asılı olaraq baş verir".

 

Rasim Niftəliyev qeyd edib ki, Bakı və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində vəziyyətin öyrənilməsi məqsədilə 1975, 1985, 1996, 2000 və 2012-ci illərdə kompleks mühəndis-geoloji və geofiziki üsullarla tədqiqatlar aparılıb. 2012-ci ilə qədər aparılmış tədqiqatlar nəticəsində ərazinin geoloji quruluşu haqqında tam məlumat alınması qismən təmin edilib.

 

Onun sözlərinə görə, 2015-ci ilin sonu-2016-cı ilin ortalarında 40-50 metr dərinlikləri öyrənmək geofiziki üsullarla aparılıb. Tədqiqat nəticəsində sürüşmə sərhədləri müəyyənləşib, pozulma xətləri aşkarlanıb, sürüşmə sahələrinin inkişaf istiqamətləri proqnozlaşdırılıb: "Ümumiyyətlə, sürüşmə prosesləri dağ yamaclarında maililikləri böyük olan, əsasən boş süxurlarda, sərt çuxurlar olmayan sahələrdə, gil, qum olan sahələrdə bu proseslər baş verir. Başvermə səbəbləri müxtəlifdir. Əsas səbəblər mövsümi yağışlar, leysan yağışlarından sonra layların islanaraq ağırlıq qüvvəsinin təsiri altında aşağı hərəkət etməsi ilə bağlıdır".

 

Rasim Niftəliyev bildirib ki, bu proseslərə yerin mikroseysmikliyi və zəlzələlərin müəyyən təsirləri var. Əlavə olaraq yamacların kəsilməsi, yolların salınması və müxtəlif həcmli tikililərin istifadəyə verilməsi də sürüşmə prosesini sürətləndirir.

 

Sürüşmə təhlükəsindən qorunmaya gəlincə, mütəxəssis qeyd edib ki, bu istiqamətdə maarifləndirmə tədbirləri gücləndirilməlidir: "İnsanlar bilgiləndirilməlidir ki, dərə yamaclarında evlərin tikilməsi baş verə biləcək sürüşməni daha da sürətləndirir. Dünya praktikasında mövcud sürüşmə sahələrində tətbiq olunan elementlər var. Düzdür, biz geoloji xidmət olaraq bu məsələlərlə məşğul olmuruq, amma mütəxəssislər bununla bağlı mütəmadi tədbirlər görürlər, təbii ki, bizimlə də məsləhətləşirlər. İstinad divarlarının qurulması, kökləri daha dərinə gedən xüsusi bitki növlərinin əkilməsi yamacın sürüşməsini önləyir. Həmçinin qabon deyilən daşların düzülməsi də baş verə biləcək təhlükələrin qarşısını ala bilir. Ən vacibi isə yamacların kəsilməməsidr".

 

Mütəxəssis onu da əlavə edib ki, artıq Bayıl, Badamdar, Əhmədli-1, Əhmədli-2, Əhmədli-Günəşli arası, Nərimanov dairəsi 31/33, Nərimanov döngəsi sürüşmə sahələrində monitorinq işləri davam etdirilib və quraşdırılmış mayaklarda çatlar, prosesin dinamikasında isə aktivlik müşahidə edilməyib.

 

X

XƏBƏRLƏR
BÖYÜT