Qəbələdə Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başa çatıb
12:57 – 11 Yanvar, 2018

“Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başa çatıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, festivalın bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib.

 

Belarusdan olan tanınmış müğənni Diana Arbeninanın iştirakı ilə “Gecə Snayperləri” musiqi qrupunun konserti böyük tamaşaçı marağına səbəb olub. İfaçı yeni albomundan mahnılar və ən yaxşı hitlərini təqdim edib. Əfsanəvi qrupun çıxışı unudulmaz bayrama çevrilib.

 

Diana Arbenina tamaşaçılara bildirib ki, 25 illik səhnə həyatı boyu özünün rok-n-rolla qrupu ilə bütün dünyanı gəzib. Qrupun indiyədək Bakı, Berlin, Nürnberq, Vyana, Praqa, Varşava, Riqa, Tallin, Vilnüs, Antverpen, London, Paris, Tbilisi, Minsk, Təl-Əviv, Sinqapur və Honkonqda konsertləri olub.

 

Qeyd edək ki, yanvarın 5-dən 10-dək davam edən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalının qonaqları gündüz saatlarında idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşamlar isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak ediblər. Ötən bir həftə ərzində festivalın musiqili qonaqları arasında Vaxtanq Kikabidze, Vladimir Zelenski, Natalya Moqilevskaya, Diana Arbenina, Nutse Buzaladze, “Kvartal 95” yumor qrupu, “Mqzavrebi” və “Gecə Snayperləri” musiqi qrupları olub. Bundan əlavə, festival müddətində əcnəbi turistlər üçün idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər keçirilib. Turistlər Qəbələnin tarixi məkanları və görməli yerləri ilə tanış olmaq imkanı da əldə ediblər.

 

"APA Holding" beynəlxalq festivala informasiya dəstəyi verib.

X

XƏBƏRLƏR
BÖYÜT