Əsrimizin Cümhuriyyəti - Böyük Bayram!
14:41 – 11 Yanvar, 2018

Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixdə imzaladığı Sərəncama əsasən, 2018-ci "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olundu.  APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında Cümhuriyyət qurucuları yad edilmiş, görülmüş işlər müzakirə edilib.

 

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə deyib ki, sözügedən Sərəncam, Azərbaycan Respublikasının bir daha Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu sübut etdi. O həmçinin Rəsulzadələr nəslinin bugünkü davamçıları barədə məlumat verib. 

 

Millət vəkili, tarix elmləri doktoru, professor Musa Qasımlı hesab edir ki, imzalanan Sərəncam Xalq Cümhuriyyətinin öyrənilməsində yeni səhifə açacaq. Tarixçi deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dünya demokratiyasına o vaxta qədər olmayan dəyərləri verdi: Bu dəyərlərdən biri qadınlara seçki hüququnun verilməsi idi. Azərbaycan Cümhuriyyəti olmasaydı, Azərbaycan SSR qurulardımı?"

 

Tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib ki, Xalq Cümhuriyyəti qısa müddət ərzində ordu yaratmağa müvəffəq oldu. A.İsgəndərov maraqlı rəqəmi də diqqətə çəkib: "Cümhuriyyətlə bağlı 350 dəfə ilk dəfə sözünü işlətmək olur. 23 ay yaşayan dövlət üçün ilk paytaxt, ilk bayraq, ilk ordu, ilk parlament deyirsən”.

 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, Cümhuriyyəti quranların böyük əksəriyyəti jurnalistlər idi: "Azərbaycan Xalq Cümhuriyyəti sözdən yaranmışdı". A.Aşırlının sözlərinə görə Xalq Cümhuriyyəti dövründə müxtəlif ideologiyalara xidmət edən, hətta Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan qəzetlər belə fəaliyyət göstərirdi.          

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz. 

X

XƏBƏRLƏR
BÖYÜT